Modern.az

Mirzə Ələkbər Sabirlə MÜSAHİBƏ

Mirzə Ələkbər Sabirlə MÜSAHİBƏ

20 May 2021, 09:16

Şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Mümtazın (20 may 1884, 6 sentyabr 1941) doğum günüdür


Salman Mümtazın Mirzə Ələkbər haqqında yazdığı "Sabir haqqında xatirələr" məqaləsində çox maraqlı bir məqam var, Böyük şairlə müsahibə...

S.Mümtaz yazır: "Sabirlə aşağıdakı müsahibəmiz oldu:

Sual: Sizin ilk təxəllüsünüz olan "Hophop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmiziniz?

Cavab: Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdi. Hophop quş adıdır. Bu quşun bu addan başqa el arasında bir neçə adı da vardır ki, Fatmabacı, bunbbu, öp-öp və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir. Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.


Sual: Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?


Cavab: Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.


Sual: Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?


Cavab: Başda o böyükdür, yaşda mən.


Sual: Səhhət dərin savadlıdırmı?


Cavab: Mən onun şagirdiyəm, o mənə ustaddır.


Sual:Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?


Cavab: Ziya Paşa və Namiq Kamal bəyi


Sual: Tofiq Fikrəti bəyənmirsiniz, düzdürmü?


Cavab: Siz Osmanlı şairlərini soruşursunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilir.


Sual: "Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim" ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?


Cavab: Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr "Səda" qəzetində korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, "Kaspi", "Həqiqət" və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır. mən də korrekturasına baxıram. Mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam, və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da məbədini yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi.


Sual: Mətbu şeirlərinizin hansını bəyənirsiniz?


Cavab: Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.


Sual: Sonra, yəni nə vaxt?


Cavab: Mürgüləməyəndə.


Sual: Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şerin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?


Cavab: Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşlü xəncəl ilə çıxmaq ağılsızlıqdır.

Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa el oxusun.


Etibar Əliyev,
deputat

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər