Modern.az

Milli Qəhrəmanlar: Qarabağa səfərimiz bizə ən böyük hədiyyə olar!

Milli Qəhrəmanlar: Qarabağa səfərimiz bizə ən böyük hədiyyə olar!

Mədəni̇yyət

1 İyun 2021, 11:18

Bu gün hər bir azərbaycanlı Ermənistanın işğalından azad edilən bölgələrimizə səfər etməyi çox istəyir. Düşmən tərəf həmin əraziləri minalamasaydı, şübhəsiz ki, insanlarımız sərbəst şəkildə o torpaqlara gedərdilər. Ancaq təhlükəsizlik baxımından insanların azad edilmiş ərazilərə nəzarətsiz getmələri ciddi fəsadlar yaradar.


Bununla belə, azad olunmuş yurd yerlərinə getmək istəyi birib tükənmir. Milli Qəhrəmanlarımız da Qarabağa getmək istəyirlər. 


Milli Qəhrəman İbad Hüseynov isə deyir ki, can qoyduqları torpaqları illər sonra ziyarət etmək onlar üçün müqəddəs bir iş olar.


“O torpaqlar üçün igidlərimiz canlarını qoyub, Milli Qəhrəman olublar. Düşünün, onlar üçün can qoyduqları torpaqlara illər sonra səfər etmək necə bir sevindirici hal olar. Əgər dövlət tərəfindən belə bir addım atılarsa, çox sevinərik.


Qeyd edim ki, qarşıdan gələn Silahlı Qüvvələr günü münasibəti ilə torpaqlara səfər etsək, bu, Milli Qəhrəmanlara veriləcək ən böyük hədiyyə olar”.


Milli Qəhrəman Ehtiram Əliyev Modern.az-a bildirib ki, təhlükəsizlik baxımından hər şey qaydasında olsa, Qarabağ torpaqlarına səfər etmək onlar üçün şərəf olar:


“Ən böyük arzumuz həmin torpaqları ziyarət etməkdir. Bilirik ki, hazırda həmin ərazilər təhlükəsizlik baxımından qorxuludur. Amma icazə verilsə, Vətən uğrunda döyüşən Milli Qəhrəmanlarımızın hər biri sevinc içində o torpaqlara gedər. Oralara getmək, o torpaqlara ayaq basmaq bizə görə şərəf, qürur olar. Belə bir təşəbbüs olsa, çox sevinərik.


Eyni zamanda, Qarabağda əsgərlərlə görüşüb, həmsöhbət olmaq istəyərdik. Çünki onlar da bizim kimi heç nə düşünmədən özlərini torpaq üçün sipər etdilər. Qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr günündə belə bir addım atılsa, Qarabağa səfərimiz baş tutsa, bu dünyada bizdən xoşbəxt adam olmaz”.

 

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!