Modern.az

PJB dünya jurnalistlərinə MÜRACİƏT etdi

PJB dünya jurnalistlərinə MÜRACİƏT etdi

4 İyun 2021, 13:32

Azərbaycanda işğaldan olunmuş ərazilərə çəkiliş aparmağa gedən jurnalistlər qrupu minaya düşüb. Hadisə iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindən keçən yolda baş verib. Çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak olublar. Eyni zamanda çəkiliş qrupunu müşayiət edən RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də dünyasını dəyişib.

Çəkiliş qrupuna daxil olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Parlament Jurnalistləri Birliyi (PJB) baş vermiş hadisə ilə bağlı beynəlxalq media təşkilatlarına müraciət edib.

PJB-nin müraciətində hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi kimi qeyd edilib.

Bildirilib ki, Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir.

PJB xatırladıb ki, Azərbaycan Respublikası problemlə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müraciət etsə də, məsələ həllini tapmayıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməkdə məqsədi Azərbaycan əhalisinin həyatına qəsd etmək, daha çox mülki şəxsin və hərbçinin həlak olmasına şərait yaaratmaqdır.

"Təəssüflə qeyd edirik ki, həlak olan jurnalistlərdən biri Məhərrəm İbrahimov (Əlioğlu) Parlament Jurnalistləri Birliyinin üzvü idi. Baş vermiş hadisə artıq sıravi vətəndaşlarla yanaşı, peşə vəzifələrini yerinə yetirən jurnalistlərin də həyatına ciddi təhlükənin olduğundan xəbər verir". 

Müraciətdə o da vurğulanıb ki, Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini gizlətməklə işğaldan azad edilmiş ərazilərin sakinlərinin 30 ildən sonra öz evlərinə qaytarılması səylərinə ciddi şəkildə mane olur.

PJB beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, Ermənistanın bölgədən reportaj hazırlayan jurnalistlərin həyatını təhlükəyə məruz qoyması həm də mətbuat azadlığına olan basqıdır.

Qurum dünyanın jurnalist təşkilatlarını Ermənistana əməllərinə qiymət verməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...