Modern.az

Deputat elatın Kəlbəcərə qayıdışından DANIŞDI

Deputat elatın Kəlbəcərə qayıdışından DANIŞDI

Ölkə

8 İyun 2021, 10:02

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı yayılan görüntülər xeyli müzakirələrə səbəb oldu. Daxili İşlər Nazirliyi isə məlumat yayaraq görüntülərdəki yaylağa aparılan mal-qaranın bir qisminin dövlətin balansında, bir hissəsinin isə Kəlbəcər rayonundan olan fermerlərə məxsus olduğunu qeyd etdi.


Elatın Kəlbəcər yaylaqlarına qayıdışı hər kəsi sevindirsə də, bu məqamda əhalinin azad edilmiş rayonlara buraxılmamasına görə narazılığını ifadə edənlər də oldu.


Bu barədə Modern.az-a danışan iqtisadçı-deputat Vahid Əhmədov isə düşünür ki, insanların qayıdışına icazə verilməməsi müvəqqətidir və buna görə məyus olmaq lazım deyil:


“Elatın Kəlbəcərə qayıdışı müsbət haldır. Kəlbəcər işğaldan azad edilmiş dağ rayonudur və yaylaq kimi istifadə edilə bilər. Kəlbəcərdə heyvandarlığın inkişafı üçün əhəmiyyətli şərait var. Orada nə qədər qoyun-quzu, mal-qara olarsa, yaşayış, məskunlaşma daha tez başa gələr. Amma insanları ora icazəsiz buraxmırlar. Ona görə ki, minalardan təmizləmə prosesi yekunlaşmayıb. Amma Kəlbəcərə gedib-gələnlər də var. Jurnalistlərin, rəsmilərin, ictimaiyyət nümayəndələrinin və s. gediş-gəlişi təmin edilir.

Rayonlarda məskunlaşma nə qədər çətin də olsa, getməlidir. Həmin rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Məsələn, Zəngilanda hazırda süd emalı zavodunun tikintisi həyata keçirilir. Bunun hamısı yavaş-yavaş öz yerini tapacaq. Mən insanların heyvanları Kəlbəcərdə yaylağa çıxarmasını adi hal kimi qəbul edirəm”.


V.Əhmədovun fikrincə, hazırda Azərbaycanın ən ciddi problemi sərhədlərin müəyyən edilməsidir:

“Bunu həll etdikdən sonra nə isə demək olar. Ermənilər təxribatlardan əl çəkmirlər, əl çəkən də deyillər. Ermənistan çalışır ki, seçkilərdən öncə hansısa şəkildə diqqət cəlb eləsin. Kimin seçilməyindən asılı olmayaraq, erməni elə ermənidir. Əgər ermənilər Azərbaycanla normal şərait qurub, yaşamaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qəbul etməlidirlər. Yalnız bundan sonra nə isə haqqında danışmaq olar. Həmçinin, Dağlıq Qarabağ məsələsini ermənilər yaddan çıxartmalıdırlar. Çünki bu bölgədə artıq Türkiyə kim söz sahibi olan güclər meydana gəlib. Məsələ gec də olsa, Azərbaycanın xeyrinə həllini tapacaq”.


Deputat onu da xüsusi qeyd edib ki, elatın Kəlbəcərə qayıdışı orada xidmət edən hərbçilərin əhval-ruhiyyəsinə də müsbət təsir edəcək:


“Onlar yaylaq camaatı ilə təmasda ola, təsərrüfatçılardan məhsullar ala bilərlər. Hərbçilər də təhlükəsizlik məsələsində onlara kömək edəcəklər.  Bu addım hərtərəfli müsbət nəticə verəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?