Modern.az

"Azərbaycana yanlış xəritə verilə bilər" - Deputatlar ehtiyatlı olmağa ÇAĞIRDI

Ölkə

13 İyun 2021, 15:46

Dünən Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.


Tərəflər arasında razılığın davam etdiriləcəyi və azad edilmiş digər ərazilərimizin də mina xəritələrinin geri alınacağı bildirilir.


Bəs maraqlıdır, danışıqlara uyğun olaraq, növbəti mərhələdə hansı rayonun mina xəritəsi düşməndən alına bilər?


Bununla bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı vurğulayıb ki, Ağdamın mina xəritəsinin alınması ölkə prezidentinin uzun müddətdir yürütdüyü diplomatik fəaliyyətin və mübarizənin məntiqi nəticəsidir:


“Diplomatik danışıqlar, bütün platformalarda məsələnin önə çəkilməsi, bizə bəlli olmayan kanallar vasitəsi ilə aktuallaşdırılması və beynəlxalq səviyyədə gündəmə gətirilməsi nəhayət öz nəticəsini verdi. Azərbaycanın ərazisi uğrunda ordumuzun aparmış olduğu döyüşlərdə ciddi xarakter daşıyan cinayətlərə yol verməyən 16 nəfər erməni Ağdamın mina xəritəsinin verilməsi müqabilində Ermənistana qaytarıldı. Rəqəmlər müstəvisində müqayisə etsək, 97 000 minanın təmizlənməsi uzun müddət aparacaqdı. Təmizlənmə zamanı da mina təmizləyənlərin həyatı təhlükə altında olurdu. Mülki əhali və ya həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən insanların da ölümünə səbəb ola bilərdi. Bu ölüm sayı onlarla, yüzlərlə ola bilərdi. 16 nəfər müqabilində o xəritənin verilməsi Azərbaycanın çox ciddi uğurudur və prosedur davam edəcək. Çünki artıq jurnalistlərimizin də faciəvi ölümündən sonra mina məsələsi önə çıxdı. Bütün səviyyələrdə biz bunu aktuallaşdıra bildik. Xüsusi olaraq ölkəmizin rəsmi qrumları, Xarici İşlər Nazirliyi səviyyəsində müxtəlif ünvanlara müraciətlər edildi və millət vəkilləri məsələyə qəti fikirlərini, etirazlarını bildirdilər, dəyərli jurnalistlərimiz ayrı-ayrı yazılarında fikirlərini ifadə etdilər. Mina məsələsi daha da aktivləşdi və böyük bir ərazinin xəritəsini əldə etdik”.


Deputat xatırladıb ki, erməni polkovnikin söylədiyinə əsasən, onlar Laçından və Kəlbəcərdən çıxarkən 17 maşın minanı ərazilərimizə səpiblər və bu böyük rəqəmdir:


“Ancaq onların da xəritəsi veriləcək. Ermənistanda keçiriləcək parlament seçkilərində nisbətən Ermənistan xalqının maraqlarına xidmət edən Paşinyanın hakimiyyətdə qalması gözlənilir və onun hakimiyyətdə qalması ilə bir çox məsələlərin həlli labüddür”.


Deputat Aydın Mirzəzadə isə düşünür ki, böyük bir rayonun mina xəritəsinin təqdim edilməsi çox insanın həyatını xilas etməklə bərabər, xeyli resursun xərclənməsindən Azərbaycanı qurtardı:


“Ermənistan da bunun müqabilində ölkəmizə qeyri-qanuni daxil olan hərbiçilərinin bir hissəsini geri aldı. Danışıqlar barədə məlumat yoxdur. Bu ya vasitəçi ölkələrin iştirakı ilə ya da Azərbaycan-Rusiya- Ermənistan üçtərəfli komissiyanın fəaliyyəti ilə reallaşan addım oldu. Əvəzində Azərbaycan yaxın müddət ərzində hamısını birlikdə, yaxud hissə-hissə olmaqla mina xəritələrini əldə edə bilər. Xəritələrin əldə edilməsi Azərbaycanın ehtiyatı əldən verməsi demək deyil. Mina xəritələri yoxlanılarkən dəfələrlə diqqət olunacaq. Çünki xəritələrdə səhv ola bilər və Azərbaycana yanlış xəritə verilə bilər. Xəritənin verilməsi Azərbaycanın Ermənistanla münasibətlərin qorunmasında ciddi addımların atılması deməkdir. Cənab prezident Ermənistanla mehriban qonşuluq siyasətinin qurulması üçün təkliflərini səsləndirir. Mina xəritələrinin verilməsi, humanist addım kimi erməni diversantlarının geri qaytarılması, tezliklə Zəngəzur dəhlizinin açılması, sərhəd xətlərinin müəyyənləşməsi kimi məqamlar prezidentin səylərinə daxildir. Birinci addım hər iki tərəfin marağındadır”.


Deputat Asim Mollazadə isə deyib ki, Ermənistanın daxilindəki ictimai təzyiq həbsdə olan ermənilərin azadlığa çıxması üçün hakimiyyəti, Nikol Paşinyanı razılaşmaya məcbur edib:


“Azərbaycanda humanist yanaşaraq bir neçə hərbçi diversantları buraxıb. Bir rayonda yüz minə yaxın mina var. İşğaldan azad olunmuş rayonlarımızda milyondan artıq mina var və Ermənistan bu prosesdə sürətlə addımlar atmalıdır. “Böyük Qayıdış” planının qarşısını alan mina təhlükəsi aradan qalxdı. Ermənistanın yeganə çıxış yolu ərazi iddialarına son qoyaraq, qonşu ölkələrlə əməkdaşlığa cəhd etməkdir”.


Aysel Aslan
Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir