Modern.az

AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri işdən ÇIXDI

AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri işdən ÇIXDI

Media

1 İyul 2021, 21:21

“Bu gün etibarilə Azərbaycan Televiziyasının Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri kimi fəaliyyətimə son verdim və AzTV-dən ayrıldım. Bu həm də, 1999-cu ildə 1-ci kurs tələbəsi ikən müxtəlif qəzetlərlə əməkdaşlıqla başlayan, 2005-ci ildən uzun müddət İctimai TV-də davam edən və son iki ilini AzTV ilə yekunlaşdırdığım jurnalistika fəaliyyətimin də sonu oldu”.


Modern.az xəbər verir ki, bunu AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri Füzuli Məcidli bildirib.

O, daha sonra qeyd edib:

“Jurnalistika məni formalaşdırdı, dəyərli dostlar və əvəzolunmaz təcrübə qazandırdı. Bu illər ərzində üzərimdə haqqı olan bütün həmkarlarıma, dəstək göstərən insanlara, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarına və sədr Rövşən Məmmədova, xüsusilə, İctimai TV-nin keçmiş baş direktoru İsmayıl Ömərova, sonrakı illərdə birlikdə çalışdığım Cəmil Quliyevə və Balakişi Qasımova, hər iki qurumda çalışan bütün dəyərli dostlara dərin minnətdarlığımı bildirirəm. Haqqınızı halal edin!”.

Qeyd edək ki, Füzuli Məcidli 2019-cu ilin sentyabrında dövlət televiziyasının Qazaxıstan və Mərkəzi Asiya dövlətləri üzrə bürosuna  rəhbər təyin olunmuşdu.

Füzuli Məcidli 1982-ci ildə anadan olub. Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, Beynəlxalq iqtisadi münasibətlər fakütəsinin magistraturasını fərqlənmə ilə bitirib.


AMEA Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasını bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.  


1999-cu ildən “Bizim əsr”, “Şərq”, “Həftə içi” qəzetlərində çalışıb, 2005-ci ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri və Mərkəzi Asiya ölkələri üzrə bürosunun rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc” “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin aparıcısı və redaktoru olub.


AMEA İnformasiya Texnologiyaları İnstitutunun İnformasiya Cəmiyyəti şöbəsində elmi işçi kimi çalışıb.


2016-cı ildən qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (TWESCO) prezidentinin məsləhətçisidir. TWESCO-dakı fəaliyyəti çərçivəsində türkdilli dövlətləri, o cümlədən, Azərbaycanı əhatə edən müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində fəal iştirak edib.


Beynəlxalq nəşrlərdə elmi və publisistik məqalələrlə çıxış edib və Qazaxıstan mediasında ardıcıl şəkildə məqalələri çap olunub. 


Tərcümə fəaliyyəti ilə də məşğuldur, Xocalı ilə bağlı bir neçə filmin ingilis dilinə, qazax şairi Mağjan Jumabayevin şeirlərinin Azərbaycan dilinə tərcüməsini həyata keçirib, Nəsiminin şeirlərinin qazax dilinə tərcüməçilərindən biri olub.


İngilis, rus, türk və qazax dillərini bilir.


Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi