Modern.az

“Bu abidə şəhid jurnalistlərin ailələrinə təsəlli olacaq”

“Bu abidə şəhid jurnalistlərin ailələrinə təsəlli olacaq”

26 İyul 2021, 17:53

Ötən həftə Modern.az-ın Kəlbəcərdə şəhid olan jurnalistlərin xatirəsinə həmin ərazidə abidə qoyulması ilə bağlı gündəmə gətirdiyi təklif ictimaiyyət tərəfindən müsbət qarşılandı. Kəlbəcərin deputatı Aqil Məmmədov xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşərək şəhid olan jurnalistlərlə bağlı təklifi dəstəklədiyini bildirdi.

 

“Şəhid jurnalistlərimizə abidənin qoyulması ilə bağlı təklifləri yüksək qiymətləndirirəm. Kəlbəcərin icra başçısı ilə rayon ərazisində şəhid jurnalistlərin xatirəsinə abidə ucaldılması barədə söhbətimiz olub”, - deyən deputatın fikrincə, şəhid jurnalistlərimizin anılması və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması üçün belə abidənin ucaldılması vacibdir.

 

Modern.az mina faciəsində həyatını itirən media nümayəndələrinin ailə üzvlərinin də məsələ ilə bağlı mövqeyini öyrənib.

 

AZƏRTAC-ın mərhum müxbiri Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi təklifi təqdirəlayiqdir.

 

“Bu təklif müsbət dəyərləndirilməlidir. Şəhid jurnalistlərin  adlarının əbədiləşdirilməsi onların fəaliyyətinə verilən qiymətdir. O abidə şəhid jurnalistlərin ailələrinə təsəlli olacaq. Dünya ictimaiətinə də bir mesaj və ya nümunə olar ki, Azərbaycan qəhrəmanlarını necə uca tutur. Kəlbəcər turistik zonadır və gələcəkdə ora səfər edən turistlər qəhrəman jurnalistlərimizi tanımalıdır. Abidənin ucaldılması erməni terrorunu, vəhşiliyini dünyaya tanıtmaq  baxımından siyasi məzmun daşıyır. Mən Məhərrəmin həm qardaşı, həm də həmkarı olaraq bu təklifi müsbət dəyərləndirirəm və dəyərləndirilməsinin də tərəfdarıyam. İnşallah, bir gün ölkə ictimaiyyəti və həmkarlarla birlikdə o abidənin açılışında iştirak edəcəyik”.

 

Kəlbəcərdə şəhid olan AzTV-nin operatoru Sirac Abışovun qardaşı Şirzad Səmədovun da fikirlərini öyrəndik:  

 

“Mən və ailəm üçün çox sevindirici bir təklifdir. Maddi yox, mənəvi dəstək bizim üçün çox önəmlidir. Ailələr üçün bir təsəlli olar. Təklif irəli sürülübsə, demək ki, reallaşması mümkündür”.

 

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

 

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

 

Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü