Modern.az

Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH

Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH

27 İyul 2021, 10:58

Ötən həftə Müdafiə Nazirliyində mühüm kadr təyinatları həyata keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi.

 

Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, general-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olundular.

 

Döyüş generallarının yüksək vəzifələrə gətirilməsi cəmiyyətdə müsbət qarşılandı. Ekspertlər hesab edirlər ki, Vətən Müharibəsində iştirak etmiş həmin zabitlər ordunun bundan sonra daha da gücləndirilməsində mühüm rol oynayacaqlar. 

 

Yeni təyinatlardan gözləntilər nədir?

 

Hərbi ekspert Şair Ramaldanov ordudakı dəyişikliklərlə bağlı Modern.az-a bildirib ki,  yeni təyinat alan generallar orduda yetərincə tanınan və nüfuzlu şəxslərdir.

 

 

“Onların general rütbəsinə çatana qədər keçdikləri yol var. Bilik, bacarıq, vətənpərvərlik, xidmət, dövlətçilik mövqeyi - bütün bunlar kompleks şəkildə insanı bir pilləyə gətirib çıxarır. Bu təyinatların özəlliyi həm də ondan ibarətdir ki, Vətən müharibəsindən sonra oldu. Azərbaycan Ordusunda islahatların getməsinə heç kim şübhə etmir. Bu islahatları aparanlar da Vətən müharibəsində iştirakı, gördüyü işləri, biliyi və bacarığı ilə seçilmiş şəxslərdir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində bütün əməliyyatlara rəhbərlik edib. Həmçinin, dövlət başçısı uzun illərdir ki, silahlı qüvvələrə rəhbərlik edir. Cənab Prezident təyin etdiyi şəxslər barədə özü də yetərincə məlumatlıdır. Bütün irimiqyaslı təlimlərdə və digər tədbirlərdə iştirak edərkən, bu şəxslərlə bilavasitə təmasda olub. Bu bir daha göstərir ki, Prezident həmin şəxslərə etimad göstərir. Ali Baş Komandanın verdiyi tapşırıq və əmrləri təyin etdiyi şəxslər layiqincə həyata keçirəcəklər. İnanıram ki, qarşıya qoyulan bütün vəzifələr yerinə yetiriləcək. Azərbaycan Ordusu bu rəhbərlik altında inkişafını davam etdirəcək”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov yeni təyin olunan generalların bir neçəsini şəxsən tanıdığını deyib.

 

O bildirib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyevi 90-cı illərin əvvəllərindən tanıyır.

 

 

“General-leytenant Kərim Vəliyev çox bacarıqlı, sədaqətli, hərb işini mükəmməl bilən hərbçidir. Onu təcrübəli, döyüşmüş hərbçi kimi tanıyıram. Əsas odur ki, tutduğu vəzifəsinə, dövlətinə, xalqına qətiyyətlə xidmət edən çox cəsarətli və bacarıqlı bir generaldır. Digər təyinatlar da yerində və uğurludur. Son dəyişiklik 44 günlük Vətən müharibəsi ərəfəsində, ondan əvvəlki döyüşlərdə və bundan sonrakı dövrdə də yoxlanılmış kadrların təyinatıdır. Yeni vəzifə verilən şəxslər indiyədək tutduqları vəzifələrdə özünü doğrultmuş, sınaqdan çıxmış kadrlardır.

 

Hesab edirəm ki, yeni təyinatlar vacib, həm də yerində idi. Bu, həm də digər sahələrdə olduğu kimi, orduda da kadr islahatlarının davamıdır. Əminəm ki, kadr dəyişikliyi özünü ordunun döyüş hazırlığında, inkişafında və güclənməsində müsbət mənada göstərəcək. Əlbəttə, bunlar hamısı Azərbaycan Ordusunun daha da güclü olması üçün atılan addımlardır. Ali Baş Komandanın təyinatları uğurludur və öz müsbət nəticələrini göstərəcək”, - E.Məmmədov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı