Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 7-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Modern.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirlərini, eləcə də hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarlarını DİM-in saytından əldə edə bilərlər.
Məlumata görə, imtahanda iştirak etmək üçün ərizəsini təsdiq etmiş 40 504 abituriyentdən 1 996 nəfər imtahana gəlməyib. Onlardan I ixtisas qrupu üzrə 1 821, IV ixtisas qrupu üzrə isə 175 nəfər imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən 11 187 abituriyentdən 1 105 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər iyunun 29-u saat 10:00-dan iyulun 1-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.