Modern.az

Mətbuatın vicdan səsi: Nəcəf Nəcəfov xatirələrdə necə qalıb?

Mətbuatın vicdan səsi: Nəcəf Nəcəfov xatirələrdə necə qalıb?

Ölkə

Bu gün, 18:04

Tarix bəzən elə şəxsiyyətlər yetişdirir ki, onların ömrü illərlə deyil, qoyduqları mirasla ölçülür. 1955-ci il iyunun 24-də Bakıda, sadə bir fəhlə ailəsində dünyaya göz açan Nəcəf Nəcəfov da məhz belə unudulmazlardan, Azərbaycanın müstəqil mediasının təməl daşını qoyanlardan biri oldu. 1999-cu il dekabrın 17-də cismən aramızdan ayrılsa da, onun yaratdığı ənənələr, formalaşdırdığı peşəkar jurnalistika prinsipləri bu gün də yaşayır. O, Həsən bəy Zərdabi, Mirzə Cəlil ənənələrinin XX əsrin sonlarındakı ən parlaq davamçılarından idi.

Senzuranın, qadağaların hökm sürdüyü sovet dövründə, azad sözün hələ rüşeym halında olduğu bir vaxtda Nəcəf Nəcəfov qələmini xalqının milli ruhuna, müstəqillik mübarizəsinə həsr etdi. Bu gün Azərbaycan mətbuatının görkəmli nümayəndələri onu həm qələm yoldaşı, həm də əvəzolunmaz müəllim kimi xatırlayırlar.

80-ci illərin sonlarında heç kimin təsəvvürünə belə gəlməzdi ki, sovet rejiminin mətbuat orqanlarından biri olan "Molodyoj Azerbaydjana" qəzeti qısa müddətdə ölkənin ən nüfuzlu, ən cəsarətli nəşrinə çevriləcək.
Mətbuat Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bu barədə danışarkən bildirir ki, Nəcəf bəy Azərbaycan jurnalistikasının ən tanınmış simalarından biri, prinsipial redaktor idi: "O, cəsarətlə senzuraya qarşı mübarizə aparırdı. İstər o zamankı daxili problemlər, istərsə də Qarabağ məsələsində prinsipial mövqeyini heç vaxt dəyişmədi. Təbiətcə çox mülayim insan olsa da, peşəkar və güzəştsiz idi. Biz sözün əsl mənasında böyük bir ziyalımızı itirdik".

Əlbəttə, imperiyanın qılıncının dalı və qabağının kəsdiyi bir vaxtda bu cəsarət cəzasız qala bilməzdi. Jurnalist Elçin Şıxlının xatirələrindən bəlli olur ki, məhz milli ruha uyğun yazıların çapına görə 1988-ci ildə Nəcəf bəy redaktorluqdan uzaqlaşdırıldı: "O dövrdə onu müdafiə edənlər arasında atam İsmayıl Şıxlı da var idi. O, televiziya çıxışlarında, Milli Məclisdə Nəcəf bəyi həmişə müdafiə edir, "belə milli ruhlu qələm insanlarını qorumaq lazımdır" deyirdi".

Vəzifəsindən kənarlaşdırılması Nəcəf Nəcəfovu yolundan döndərmədi. Əksinə, o, faktiki olaraq siyasi meydanda, Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunda yer aldı. Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlı Nəcəf Nəcəfovla o çətin illərdəki çiyin-çiyinə mübarizəsini belə xatırlayır: "Meydanlarda, müstəqillik uğrunda mübarizədə bir yerdə idik. Mən Qarabağdakı vətəndaşlarımıza dəstək üçün "Azərbaycan" qəzetini yaradanda Nəcəf yanıma gəldi, işin texniki tərəfləri ilə maraqlandı. Bir neçə ay sonra isə o, müstəqil "Azadlıq" qəzetinin (1989) buraxılışına başladı. Biz iki qardaş kimi çalışırdıq, aramızda heç bir rəqabət yox idi. Ermənilərin törətdikləri zülmləri, Qarabağ həqiqətlərini paralel işıqlandırırdıq. Bizim qəzetlərimiz o vaxt bir ordunun gördüyü qədər iş görürdü".

O, təkcə qəzet yaratmırdı, həm də bütöv bir jurnalist nəsli yetişdirirdi. Tanınmış jurnalist Arif Əliyevin dediyi kimi, Nəcəf bəy əxlaqi və peşəkar jurnalistikanın önündə gedən, onun əsasını qoyan bir şəxsiyyət idi: "O zamanlar "Nəcəf məktəbi" deyilən bir anlayış, "Nəcəfin uşaqları" deyilən bir məfhum var idi. Harda olursan ol, dövlət orqanı və ya media təşkilatı fərq etməz, bu ad adamın üzünə bütün qapıları açırdı. Nəcəf bəy verilən böyük təkliflərin, həvəsləndirmələrin qarşısında real jurnalistikanı, peşə əxlaqını heç nəyə dəyişmədi. Lakin ötən illərdə keçirdiyim bir sorğu nəticəsində yeni jurnalistlərin onu tanımadığını öyrəndim. Çox təəssüf..."

Milli Məclisin deputatı, Əməkdar jurnalist, şair və publisist Elçin Mirzəbəyli də onu Azərbaycan mediasında öz dəst-xətti olan, hadisələrə obyektiv və real yanaşması ilə seçilən bir şəxsiyyət kimi dəyərləndirir: "Müstəqil medianın inkişafında böyük xidmətləri olan ləyaqətli bir vətəndaş kimi o, hər zaman yaddaşlarda qalacaq".

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli isə Nəcəf Nəcəfovu yeni düşüncə adamı adlandırır: "O, mətbu sözün cəmiyyətdəki yerini müəyyənləşdirmək baxımından yeni bir sima idi. İstər fəaliyyəti, istər şəxsiyyəti, istərsə də demokratik təfəkkürü ilə Zərdabi xəttinin üstündə olan bir adam idi. Nəcəf bəy həm də yeni cəmiyyətin çağırışlarına nə dərəcədə hazır olmağımız, səhvlərimiz və düşüncə tərzi ilə bağlı olduqca qiymətli fikirlərin müəllifi idi".

Nəcəf Nəcəfovun həyatının son illəri ağır xəstəliklə mübarizə şəraitində keçdi. Lakin o, heç vaxt nikbinliyini, həyat eşqini itirmədi. Xəstəliyi barədə belə məğrurcasına, "öz xəstəliyim haqqında pis danışmaq istəmirəm" deyirdi. Arif Əliyevin xatirələrindəki bir məqam isə Nəcəf bəyin vətən sevgisinin böyüklüyünü tam çılpaqlığı ilə ortaya qoyur: həyat yoldaşı müsabiqədən keçib Böyük Britaniyada, BBC-də işləmək şansı qazansa da, Nəcəf bəy "Azərbaycanı tərk etməyək" deyərək getməkdən imtina etmiş, yalnız özündən sonra ailəsinə bu seçimi etməyə halallıq vermişdi.

Nəcəf Nəcəfovun tez-tez təkrarladığı, dostlarına ünvanladığı dərin mənalı bir fəlsəfəsi var idi: "Elə edək ki, sağlığımızda bir-birimizi itirməyək..."

Bu gün təəssüf doğuran məqamlardan biri yeni nəslin, xüsusən də gənc jurnalistlərin bəzən öz peşələrinin qaranquşlarını, fədailərini kifayət qədər tanımamasıdır. Lakin "Nəcəf məktəbi"nin qoyduğu irs, müstəqil mediamızın keçdiyi o şərəfli və kəşməkəşli yol, nə qədər vaxt keçsə də, öz dəyərini itirməyəcək. Nəcəf Nəcəfov tək bir qəzetin deyil, bütöv bir azad mətbuat ideyasının müəllifi olaraq Azərbaycanın müstəqillik tarixinə adını əbədi yazdırdı. Ruhun şad olsun, Böyük Müəllim!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!