Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər əldə edib.
Onlardan biri də Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğludur.
Modern.az xəbər verir ki, AzEdu.az İsrafillə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O qeyd edib ki, I ixtisas qrupu üzrə qəbul imtahanı onun üçün çox asan keçib.
“Birinci qrup imtahanı çox asan idi”
“Buraxılış imtahanından 273.8 bal toplamışam. Açığı, 400 bal toplamaq mənim üçün gözlənilməz oldu. Çünki buraxılış imtahanında bir az az yazanda motivasiyam aşağı düşmüşdü. Dövlət İmtahan Mərkəzinin (DİM) sınaq imtahanlarında 300 bal yazırdım. Buraxılışda balım bir az aşağı gələndə gözləmədiyim bir vəziyyət yarandı. Amma blok fənlərim yaxşı idi.
İmtahan zamanı fənlərin hamısı mənim üçün eyni səviyyədə idi, hamısı rahat keçdi. Məncə, birinci qrup çox asan idi. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyirəm”.
“Uğurumun sirri sadəcə davamlılıqdır”
“Əslində mən beşinci sinifdən bəri hazırlaşırdım və davamlı olaraq dərslərimə hazırlıqlı olurdum. Nəticəni görəndə ilk reaksiyam hər kəs kimi çox sevinmək oldu. Bu xəbəri ilk olaraq anamla bölüşdüm.
Gündəlik dərslərimə nə qədər vaxt ayırdığıma gəlincə, sözün düzü, son vaxtlar gün ərzində cəmi 3 saat oxuyurdum. Çünki mən vaxtında hər şeyi yaxşı öyrənmişdim, yəni onsuz da hər şeyi bilirdim, bilirdim ki, gedib yazacağam. Ona görə son dövrlər sadəcə təkrar xatirinə oxuyurdum.
Hər ehtimala qarşı ikinci şans imtahanı üçün də qeydiyyatdan keçmişdim. Sosial şəbəkələrin hamısında varam və aktivəm. Cəmiyyətdə olan “savadlı uşaqların, yüksək nəticə göstərənlərin telefonu, sosial şəbəkəsi yoxdur” fikri bir mifdir. Mən hamısından istifadə edirəm, hətta imtahan vaxtlarına yaxın telefonun ekran müddətində 8-9 saat aktiv olduğumu da göstərə bilərəm.
Mənim uğurumun sirri sadəcə davamlılıqdır. Beşinci sinifdən bəri hər bir fənni davamlı şəkildə oxuyuram. Abituriyentlərə də tövsiyəm odur ki, hər şeyi vaxtında oxusunlar. Çünki hər şeyi son bir ilə saxlayanda çatdırmaq olmur. Vaxtında oxusalar, gələcəkdə hər şey onlar üçün daha yaxşı olar”.