Modern.az

Tələbə adı qazanan şəhid xanımı: “Övladlarım ana çörəyi yeyəcəklər”

Tələbə adı qazanan şəhid xanımı: “Övladlarım ana çörəyi yeyəcəklər”

4 Sentyabr 2021, 16:48

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova tələbə adını qazanıb. Şəhid xanımı  “Odlar Yurdu” Universitetinin “Mühasibat” fakültəsinə qəbul olunub.

 

İllərdir arzuladığı tələbəlik sevincini yaşayan Əzizə Həsənova təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, övladlarının doyunca ana çörəyi yemələri üçün əlindən gəldiyi qədər çalışacağını söyləyib:

 

“Tələbə olmaq necə hissdir, onu sözlə ifadə etmək çətindir. Mən bir şəhid xanımı olaraq həm sevincli, həm kədərliyəm. Tələbə olarkən hər kəs sevinir. Kədərli olmağımın səbəbi qəhrəmanımın bu sevincimi görməməsidir. Mənim hər bir addımım, uğurum, nailiyyətim can yoldaşımın sayəsindədir. Onun ruhundan güc alıram, dara düşəndə adını anıram və sıxıntıdan qurtuluram.

 

Şəhidin dünyaya təsiri budur, bir daha sübut etdi ki, ruhu mənimlədir. Hər zaman deyirdi ki, “bir qadının təhsilli olması bir ailənin təhsilli olması deməkdir”. Ali təhsil almağımı və təhsili övladlarıma aşılamağımı çox istəyirdi. Həm özüm təhsil alacağam, həm də övladım məktəbə gedərkən çalışacağam ki, bu çətinliyin öhdəsindən gəlim. Mənim övladlarım doyunca ata çörəyi yeyə bilmədilər. Ancaq əlimdən gələni edəcəyəm ki, onlar doyunca ana çörəyi yesinlər”.

 

 

Qeyd edək ki, çavuş Fariz Həsənov 1987- ci il fevralın 12- də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. O, Vətən müharəsi zamanı qəhrəmancasına vuruşub. Oktyabrın 13- də Füzulinin azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

F.Həsənov ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir