Modern.az

ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb

ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb

15 Fevral 2010, 14:59

Fevralın 15-də Xarici İşlər Nazirliyində Azərbaycanda səfərdə olan ATƏT-in sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla görüşünün nəticələrinə dair mətbuat konfransı keçirilib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri  Bayram Səfərov bildirib ki, görüş zamanı ATƏT sədrinə Dağlıq Qarabağ, işğal olunan torpaqlar, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Azərbaycanı maraqlandıran bütün məsələlərə toxunulub.
B.Səfərovun sözlərinə görə, Dağlıq Qarabağda referendum yalnız azərbaycanlı məcburi köçkünlərin regiona qaytarılmasından sonra keçirilə bilər: "Dağlıq Qarabağda yaşayan adi ermənilər azərbaycanlıların ora qayıtmasını istəyirlər. Onlar Dağlıq Qarabağ regionunda birgə yaşayışın tərəfdarıdırlar".
İcma sədri qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır: "1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunan ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib".

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi inkişafını nəzərə alan sadə ermənilər nəticədə referendum keçirilməsini istəmirlər. Azərbaycan icmasının rəhbəri, həmçinin qazaxıstanlı qonaqların bir daha əmin edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!