Modern.az

Nizaməddin Quliyevin ölüm səbəbi: hipertoniya, şəkərli diabet, piylənmə... - RƏSMİ

Nizaməddin Quliyevin ölüm səbəbi: hipertoniya, şəkərli diabet, piylənmə... - RƏSMİ

Hadisə

8 Sentyabr 2021, 17:07

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

 

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.


Qeyd olunub ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4 dərəcə olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib:


“O cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya  əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib”.


Rəsmi məlumata görə, aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.


Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir