Modern.az

İtkinlər: bir ildə 805 nəfər evdən çıxıb geri qayıtmayıb

İtkinlər: bir ildə 805 nəfər evdən çıxıb geri qayıtmayıb

Ölkə

21 Sentyabr 2021, 09:13

2020-ci ildə Azərbaycan Respublikasının ərazisində 805 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb.

Modern.az
saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, itkin düşmüş 805 nəfərdən 106-sı 18 yaşınadək uaşqlardı.

Hüquq-mühafizə orqanlarının apardığı axtarış işləri nəticəsində itkin düşənlərdən 665 nəfərin yeri müəyyən edilib ki, onlardan da 103-ü 18 yaşadək uşaqlar olub.

Bəs dinc şəraitdə vətəndaşların itkin düşməsi nə ilə əlaqədardı?

Hüquq-mühafizə orqanları mütamadi olaraq Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Bakı şəhərində itkin düşənlər haqqında məlumatlar açıqlayır. Adətən itkin düşənlərin əksəriyyətinin ruhi xəstələr olduğunu düşünürük. Amma bəzi hallarda tamamilə sağlam insanların da evdən çıxıb bir daha geri qayıtmamalarına təsadüf olunur.

İtkin vətəndaşlardan bəzilərinin axtarışları illərlə nəticəsiz qalır. Daxili işlər orqanları onların sonrakı taleyi barədə heç bir məlumat toplaya bilmədiyindən öldüsü və ya qaldısı məlum olmayan şəxslərin yaxınlarının gözləri də yollardan yığılmır.

İtkinlərin arasında bütün yaş təbəqəsindən olan vətəndaşlar var: qocalar, orta yaşlı kişi və qadınlar, cavan oğlan və qızlar, uşaqlar. Aralarında ruhi xəstələr də az deyil.

İtkin düşən vətəndaşların axtarışı ilə onların qeydiyyatda olduğu ərazinin polis orqanı məşğuldur.


Psixoloqlar dinc dövrün itkinlərini müxtəlif kateqoriyalara bölürlər. Bildirilir ki, əqli cəhətdən sağlam olan, lakin psixoloji sarsıntı keçirən və bu üzdən evdən gedən insanlar az deyil. Bəziləri ailədə başa düşülmədiyindən, digərləri cəmiyyətdə düzgün qəbul olunmamalarından, bir qrup isə valideynləri tərəfindən haqsız təpkiyə məruz qalmaları səbəbindən evlərini tərk edir və bir daha geri qayıtmamaq barədə qərar qəbul edirlər. Ailədə qayğısızlıqdan, baxımsızlıqdan əziyyət çəkdikləri üçün doğmalarından uzaqlaşan yaşlılar da az deyil.


Özlərinə qapanan, kəskin depressiya vəziyyətinə düşən bəzi insanlar yaxınlarından qaçırlar, onlar təklikdə özlərini daha yaxşı hiss edirlər. Bəzən belə şəxslərin adı illərlə itkin düşənlərin siyahısında qalır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir