Modern.az

Dubayda Azərbaycan pavilyonu fəaliyyətə başladı

Dubayda Azərbaycan pavilyonu fəaliyyətə başladı

3 Oktyabr 2021, 14:23

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan pavilyonu öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan “Dubay Ekspo 2020”yə dəstək verən və iştirakını təsdiq edən ilk ölkələrdən olub.

 

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə təmsil olunur.

 

Ərazi baxımından “Dubay Ekspo 2020” bu günə qədər təşkil olunan ən böyük ekspo tədbiridir. 400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.

 

“Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim  edilir.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən  müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

 

Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

 

Pavilyonun landşaftı Azərbaycan və dugər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilib. Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin “Kövrək saz” instalyasiyası, Faiq Əhmədin xalça motivlərində instalyasiyası,  eləcə də ümumdünya sərgisinin ilk günündə milli pavilyonda Əməkdar artist Şəhriyar İmanovun iştirakı ilə keçən konsert ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Milli pavilyona artıq ilk gündən yüzlərlə ziyarətçi baş çəkib.

 

Tədbirdə “Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov və “Ekspo 2020” katibliyinin nümayəndələri iştirak ediblər.

 

190 ölkənin təmsil olunduğu “Dubay Ekspo 2020” ümumdünya sərgisi 2022-ci il martın 31-ə qədər davam edəcək.

 

 




















 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir