Modern.az

Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ

Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ

Qarabağ

19 Oktyabr 2021, 15:12

Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının hazırlandığını açıqladı. Prezident qeyd etdi ki, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən şəhərlərin baş planlarının detalları hələlik məlum deyil. Komitənin məlumatına görə, baş plan hazır olduqda prezidentə təqdim olunur və bütün məqamlar orada qeyd edilir:

 

“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazır olduqda detallar ictimaiyyətə açıqlanacaq”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev saytımıza işğaldan azad olunmuş bütün ərazilərdə işlərin uğurla həyata keçirildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, artıq Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının ilkin nümunələri mövcuddur:

 

“Prezidentin tapşırığı ilə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri işlənib, hazırlanıb. Bu layihələr işğaldan azad olunmuş əksər ərazilərimizə tətbiq ediləcək. Baş planı hazırlanan şəhərlərimizin də həmin texnologiyalarla qurulacağını söyləyə bilərik. “Ağıllı şəhər, kənd” layihələrində insanların təminatı üçün bütün məqamlar diqqətə alınıb. Alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılması, iş yerləri ilə təminat, müasir standartlara cavab verən məqamlar bu layihələrin özəlliyidir.

 

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları barədə dəqiq detalları hələlik açıqlamaq mümkün deyil. Lakin prezident Ağdamda səfərdə olarkən bildirdi ki, biz şəhər mərkəzlərini elə nümunəvi hazırlamalıyıq, gələn qonaqlar zövq alsınlar”. 

 

 

Eyni zamanda parlamanetdə Regional məsələlər komitəsinin də üzvü olan deputat regionlarımızda tətbiq edilən əvvəlki layihələrin bəzilərinin zaman keçdikcə tələbatı ödəmədiyini düşünür:

 

“Şəhərlər plansız salınmışdı. Elə işğal altında olan rayonlarımızda da infrastruktur yüksək səviyyədə olmamışdı. Ağdamın baş planına nəzər salanda biz tamam fərqli, müasir şəhər tipi ilə qarşılaşdıq. Şəhər mərkəzi tamam yeni qaydalarla işlənib, yaşayış məntəqələri bir qədər kənarda inşa edilirdi. Bu sıxlığın aradan qaldırılması və gələcəkdə şəhərin turizm potensialının inkişafı üçün əlverişli rol oynayacaq.

 

Bizim elə dağ kəndlərimiz var, cəmi 5-10 ailə məskunlaşıb. Nüfusu bu qədər kiçik olsa da, kənd adı verilən bu ərazilərin yeni layihələrdə şəhər mərkəzinə daha bir əlverişli məsafədə və bir-birinə yaxın şəkildə planlaşdırılması məqsədəuyğundur. Bu, iş yerlərinin artırılması, nəqliyyatın asanlaşdırılmasına da müsbət təsir edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu