Modern.az

Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli tənzimlənməsi üzərində işləmək vacibdir - Prezident

Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli tənzimlənməsi üzərində işləmək vacibdir - Prezident

Qarabağ

26 Noyabr 2021, 16:38

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyin vacibliyindən danışıb.


Modern.az
xəbər verir ki, görüşün mətbuata açıq hissəsində Azərbaycan Prezidenti qeyd edib ki, bu il ərzində Bakı ilə Moskva arasında fəal dialoq aparılıb, prezidentlər tez-tez telefonla danışıblar.

Əliyev bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərin inkişaf dinamikasından çox razıdır.

Azərbaycan prezidenti Kemerovo vilayətindəki şaxtada baş vermiş faciə ilə bağlı Vladimir Putinə başsağlığı da verib.


İlham Əliyevin sözlərinə görə, bir çox məsələlər ikitərəfli formatda həll olunub:

“Bu gün biz münasibətləri strateji tərəfdaşlar münasibətləri kimi xarakterizə edirik. Bu sadəcə bir ifadə deyil, əslində belədir. Və biz bütün sahələrdə əlaqələrimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlığa çox böyük qarşılıqlı maraq var, o cümlədən işgüzar dairələr arasında. Və əlbəttə ki, əlaqələrimizin bir çox sahələri əhatə etməsi bizi çox sevindirir. Biz hazırda iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq sahələrinin demək olar ki, böyük əksəriyyəti üzrə 7 yol xəritəsini həyata keçiririk”.


İlham Əliyev Azərbaycanda rus dilinin tədrisinin populyarlaşması və qorunub saxlanması ilə bağlı verilən qiymətə və azərbaycanlı tələbələr üçün Rusiyada gözəl təhsil şəraitinə görə Rusiya Federasiyasına minnətdarlığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının 15 mindən çox vətəndaşı Rusiya universitetlərində təhsil alır.

“Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problemlərindən ətraflı danışacağıq”,- deyə bildirən Azərbaycan Prezidenti əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri ötən il noyabrın 10-da fəaliyyətə başlayan vaxtdan bəri onların məsuliyyət zonasında ciddi insident baş verməyib.

İlham Əliyev xatırladıb ki, Azərbaycan və Ermənistan sərhədində toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyəti sahəsi deyil.

“Amma təbii ki, bu, bizi üçtərəfli formatda risklərə necə nəzarət etmək, onları minimuma endirmək və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləmək barədə danışmağa məcbur edir.

Biz Sizin bu məsələdə şəxsi rolunuzu, Rusiya Federasiyası hökumətinin rolunu və təbii ki, Qarabağda sülhün qorunmasında Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələn il də işlər davam etdiriləcək və yaxşı nəticələr olacaq”, - İlham Əliyev bildirib.


Xatırladaq ki, bu gün Soçidə liderlərin üçtərəfli görüşü keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi