Modern.az

Elmar Hüseynovun məzarı başında: "Qatillər tapılsa da..." - FOTOLAR

Elmar Hüseynovun məzarı başında: "Qatillər tapılsa da..." - FOTOLAR

2 Mart 2013, 14:40

Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il ötür. Modern.az xəbər verir ki, KİV rəhbərləri, ailə üzvləri, dostları jurnalistin İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətə gələnlər arasında mərhum jurnalistin atası Sabir Hüseynov, Müsavat başqanı İsa Qəmbər, Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu, təşkilat və partiya gəncləri olub.

Elmar Hüseynov Fondunun təsisçisi Şahbaz Xuduoğlu bildirib ki, Türkiyənin istintaq qrupu Elmar Hüseynovun qətlinin səbəblərini araşdırdı. Ş.Xuduoğlunun sözlərinə görə, onlar obyektiv apardıqları istintaq nəticəsində qətlin səbəblərini də, qatili müəyyən etdilər.

“İstintaq qrupu nəticələri Azərbaycan tərəfinə təhvil verdilər. Nədənsə, həmin istintaqın nəticələri ictimaiyyətə açıqlanmadı. Azərbaycan mətbuatında da bunun üstünə gedilmədi. Biz faksla Türkiyə tərəfinə müraciət etdik, bizə bildirdilər ki, Elmar Hüseynovu qətlə yetirilənləri müəyyən edilib, nəticələr Azərbaycan hökumətinə verilib. Ölkədə həmin məlumatları təkzib etməyə başladılar. Təkrar məlumatlar almaq üçün müraciətlər etsək də, bizə cavab verilmədi. Azərbaycanda işi araşdıran orqanlar məlumat verdilər ki, Interpol xəttilə 150 ölkədə axtarış aparılır. Biz Gürcüstan hökumətinə müraciət etdik, bizə dedilər ki, bu qətllə bağlı onlara hər hansı sorğu daxil olmayıb. Bütün bunları ictimai istintaq qrupu həyata keçirib. Biz intensiv fəaliyyət göstərdik, bütün ehtimal edilən versiyaları yoxladıq. Müəyyən nəticələrə gəldik, sadəcə olaraq, təhqiqat qrupunun üzvlərinə təhdidlər oldu, bəzilərinin qohumları işdən çıxarıldı. Biz məcbur olub ictimai təhqiqat qrupunun fəaliyyətini dayandırdıq. Onlar guya “iş gedir” görüntüsü yaradırlar. Elmarın qətlinin üstü açılsa da, biz yenə qəbri üzərində onu anacağıq”.  

Müsavat başqanı İsa Qəmbər çıxışı zamanı bildirib ki, biz 8 il əvvəl Elmarı itirməklə, itkinin  böyüklüyündən şok yaşadıq. 

“8 ildir ki, Elmarın xatirəsini yad edirik. Qətlin üstü açılsa belə, bura gələcəyik. Sadəcə, bura gəlib deyəcəyik ki, qatillər cəzasını aldı, ruhun şad olsun, Elmar. Qətlə yetirilmiş oğlunun ruhu qarşısında dik dayana bilmək hər kişinin, hər atanın işi deyil. Tanrı Elmarın ruhunu şad etsin. Tanrı bu yolu davam etdirən cərarətli jurnalistlərə kömək olsun”.  

Digər çıxış edənlərdə Elmar Hüseynovu hər zaman yad edəcəklərini bildiriblər.

Ziyarətdə bildirildi ki, saat 20:00-da Elmar Hüseynovun vaxtilə yaşadığı evin qarşısında yığışaraq orada onun xatirəsinə şamlar yandıracaqlar.





 

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir