Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunan “Bizim Maqsud müəllim” tamaşası tamaşaçılara kino və teatrın sintez olunduğu fərqli səhnə həlli təqdim edəcək.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunan “Bizim Maqsud müəllim” tamaşasında rol alan aktrisa Günəş Mehdizadə bildirib.
O, qeyd edib ki, tamaşada "Bizim Cəbiş müəllim" filimində Cəbiş müəllimin həyat yoldaşı rolunda çıxış edən Xalq artisti Şəfiqə Məmmədovanın oynadığı obrazı canlandıracaq:
“Mənim üçün məhz bu obrazı canlandırmaq böyük şərəfdir. Layihənin özü çox maraqlıdır. Rejissor işi də özünəməxsus üslubda qurulub. Düşünürəm ki, Azərbaycanda heç kim bu formatda tamaşa izləməyib”.
Aktrisanın sözlərinə görə, səhnədə tamaşaçılar eyni zamanda bir çəkiliş meydançasının şahidi olacaqlar:
“Bir anlıq biz özümüz də həmin prosesin iştirakçısına çevrilirik. Bəzən ekrana baxanda elə hiss edirəm ki, həqiqətən də ‘Uşaqlığın son gecəsi’ və ya ‘Bizim Cəbiş müəllim’ filmlərinin kadrarxası məkanındayam”.
G.Mehdizadə teatr səhnəsində çıxış etməyin kino ilə müqayisədə daha böyük məsuliyyət tələb etdiyini də vurğulayıb:
“Əslində burada da kino çəkirik, sadəcə kino ilə teatrı sintez etmişik. Amma səhnədə hər şey daha məsuliyyətlidir. Çünki hər şey canlı baş verir və tamaşaçı bunu anbaan izləyir. Ona görə də həyəcanlıyam”.