Modern.az

Konstantin Soldatov: "Tamaşanın əsasını Maqsud İbrahimbəyovun yaradıcılığı təşkil edir

Konstantin Soldatov: "Tamaşanın əsasını Maqsud İbrahimbəyovun yaradıcılığı təşkil edir

Mədəniyyət

Bu gün, 20:45

Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunan “Bizim Maqsud müəllim” tamaşası fərqli yaradıcılıq yanaşması ilə hazırlanıb.

Bunu Modern.az-a açıqlamasında tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov bildirib.

Onun sözlərinə görə, tamaşada video və musiqi elementlərindən istifadə olunur, aktyorlar isə improvizasiya əsasında çıxış edirlər:

“Qarşımızda duran əsas vəzifə elə bir yaradıcılıq prosesi qurmaq idi ki, bir tərəfdən yaradıcı insanlara xas olan xaos hissi olsun, digər tərəfdən isə həmin xaosun içindən müəyyən məna doğulsun”.

K.Soldatov bildirib ki, tamaşanın əsasını Maqsud İbrahimbəyovun yaradıcılığı, eləcə də “Bizim Cəbiş müəllim” və “Uşaqlığın son gecəsi” filmlərinin qəhrəmanları təşkil edir:

“Belə bir ideya ortaya çıxıb ki, həmin filmlərin qəhrəmanları burada və indi öz həyatlarını improvizasiya edir, sanki ekran əsərlərinin sərhədlərindən kənarda yeni həyat qururlar. Tamaşada iştirak edən rejissor obrazı da bu prosesin içində Maqsud İbrahimbəyovun əsərlərinin bu günlə necə səsləşdiyini anlamağa çalışır”.

Quruluşçu rejissor tamaşanın filmlərin səhnə təkrarı olmadığını da vurğulayıb. O, bildirib ki, dramaturq İsmayıl İman tərəfindən ekran əsərlərində yer almayan yeni səhnələr yazılıb:

“Düşünürəm ki, tamaşaçılar üçün maraqlı olacaq ki, bu qəhrəmanlar filmdəki hadisələrdən əvvəl və ya sonra özlərini necə aparardılar, həyatları hansı istiqamətdə inkişaf edərdi”, - deyə K.Soldatov əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!