Modern.az

CHP-də Yeni Ayrışma Axtarışı: Mütləq Butlan Sonrası Siyasi Yol Ayrıcı

CHP-də Yeni Ayrışma Axtarışı: Mütləq Butlan Sonrası Siyasi Yol Ayrıcı

Analitika

Bu gün, 17:35

Mütləq butlan prosesindən sonra CHP daxilində Özgür Özəl tərəfinin bütün siyasi və hüquqi yolları tükətdikdən sonra ayrılmağa hazırlaşdığı bildirilir. Qurultay prosesi ilə bağlı imzaların toplandığı, hüquqi müstəvidə isə hərəkət imkanlarının xeyli məhdudlaşdığı qiymətləndirilərkən, Özgür Özəl komandasının bütün variantları sınadıqdan sonra “Bizə getməkdən başqa çıxış yolu qoymadılar” arqumenti ilə yeni siyasi təşkilatlanmaya yönəlməyi planlaşdırdığı qeyd olunur.

“Hazırlaşırlar” ifadəsi isə əslində prosesi tam izah etmir. Çünki siyasi kulislərdə danışılanlara görə, yeni strukturla bağlı hazırlıqların böyük hissəsi artıq tamamlanıb. Partiya nizamnaməsinin hazır olduğu, partiyanın adının müəyyənləşdirildiyi və hətta fiziki təşkilatlanma işlərinin də başladığı iddia olunur.

Əldə edilən məlumatlara görə, yeni partiyanın qərargahı kimi nəzərdə tutulan bina Ankaranın Mustafa Kamal məhəlləsində icarəyə götürülüb. Hazırda binada təmir və yenidənqurma işlərinin davam etdiyi bildirilir.

Özgür Özəl komandasının qarşısında duran ən mühüm məsələlərdən biri CHP-li bələdiyyə sədrlərinin yeni siyasi quruluşa qoşulmasını təmin etməkdir. Lakin bu istiqamətdə gözlənilən dəstəyin hələ formalaşmadığı görünür. Xüsusilə mütləq bultan müzakirələrində bir çox bələdiyyə rəhbərinin səssiz qalması və açıq mövqe nümayiş etdirməməsi Özgür Özəl tərəfdarları arasında müəyyən suallar yaradır.

Digər tərəfdən, Kamal Kılıçdaroğlu tərəfi prosesə fərqli yanaşmağa çalışır. Bu qanad “Hüquq qərarını verib, bundan sonra parçalanma yaratmadan normal siyasi prosesləri davam etdirək” mövqeyini müdafiə edir. Lakin partiya daxilindəki ictimai təzyiq və siyasi atmosfer səbəbindən gözlənilən dəstəyin tam şəkildə təmin olunmadığı bildirilir.

Partiya daxilində Kamal Kılıçdaroğluna praqmatik yanaşmaq istəyən bəzi şəxslərin olduğu, lakin mövcud şəraitə görə bu mövqeni açıq şəkildə ifadə edə bilmədikləri də kulislərdə danışılan mövzulardandır.

Kamal Kılıçdaroğlunun isə yaranmış vəziyyəti böyük ölçüdə qəbul etdiyi və zaman keçdikcə partiya daxilində yenidən dönüşlərin olacağına inandığı bildirilir. Bu səbəbdən onun hazırda CHP-nin daxili siyasət, xarici siyasət, kənd təsərrüfatı, təhsil, sənaye və texnologiya proqramları üzərində çalışdığı qeyd olunur.

Mövcud mənzərə Türkiyənin əsas müxalifət partiyasında ciddi parçalanma ehtimalının yarandığını göstərir. Bununla belə, prosesin hakim partiyanın arzuladığı şəkildə getdiyini söyləmək də asan deyil. Çünki ictimai rəydə müşahidə olunan əsas tendensiya, ən azı indiki mərhələdə, hər hansı bir tərəfə yönəlməkdən çox, qərarsızlıq üzərində formalaşır.

Deniz Büstani

Yaxın Şərq üzrə siyasi analitik

Whatsapp
Bizə yazın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!