Tanınmış vəkil, professor Fərhad Mehdiyevin qızının motosiklet qəzasında faciəvi şəkildə həyatını itirməsindən sonra sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub. O, paylaşımında övlad tərbiyəsində valideyn nəzarətinin əhəmiyyətindən, gənclərin həyat seçimlərinə münasibətdən və sonradan yarana biləcək peşmanlıq hissindən bəhs edib. Xüsusilə sosial şəbəkələr, blogerlik fəaliyyəti və gənclərin müstəqil qərarları fonunda valideynlərin rolu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə fərqli yanaşmalar ortaya çıxarıb.
Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə gənclər arasında baş verən faciəvi hadisələrə yalnız ayrı-ayrı hadisələr kimi baxmaq düzgün deyil.
"Bu məsələlərə bütöv şəkildə yanaşdıqda görürük ki, son illərdə bu kimi problemlərin sayı artır. Mən bunu cəmiyyətdə formalaşdırılan yeni həyat tərzinin, psixologiyanın və təbliğ olunan dəyərlərin nəticəsi hesab edirəm.
Müasirlik və azadlıq adı altında milli-mənəvi dəyərlərin zəiflədilməsi, ailə institutunun sarsıdılması, uşaqlara həddindən artıq sərbəstlik verilməsi gələcəkdə daha ağır nəticələr doğura bilər. Halbuki biz minilliklər boyu formalaşmış milli-mədəni və ailə dəyərlərimizi qoruyub saxlamalı idik".
Sosioloqun fikrincə, bu gün uşaqların tərbiyəsində valideynin rolu getdikcə azalır:
"Bir çox hallarda valideynlər uşaqları özbaşına buraxır, onların tərbiyəsini faktiki olaraq internetə və sosial şəbəkələrə həvalə edirlər. Nəticədə gənclər həm real, həm də virtual mühitdə müxtəlif mənfi təsirlərə məruz qalırlar. Onların həyata, ailəyə, dostluğa və məsuliyyətə münasibətində ciddi dəyişikliklər müşahidə olunur. Daha çox fərdi maraqlarını düşünən, eqoist və narsist meyllərə malik bir nəslin formalaşdığı görünür və bu, müasirlik kimi təqdim edilir.
Mən hesab edirəm ki, Azərbaycan cəmiyyətinin əsas dayağı milli-mənəvi dəyərlər sistemidir. Bu dəyərlər zəiflədikcə ailə münasibətlərində, gənclərin davranışlarında və ümumilikdə cəmiyyətin inkişafında mənfi tendensiyalar ortaya çıxır. Son illərdə ailə dəyərlərinə münasibətin dəyişməsi, uşaqların nəzarətsiz böyüməsi və internet mühitinin təsirinin artması bu prosesləri daha da sürətləndirib.
Bu gün bir çox valideyn azyaşlı uşaqlara bahalı smartfonlar alır və onları nəzarətsiz internet mühitinə buraxır. Uşaqlar müxtəlif təbliğatların, təhlükəli məzmunların və mənfi təsirlərin hədəfinə çevrilirlər. Valideyn isə çox vaxt onların psixoloji inkişafına lazımi səviyyədə nəzarət etmir.
Nəticədə yeni nəsil milli mədəniyyətə, ədəbiyyata, musiqiyə, tarixə və ənənələrə əvvəlki nəsillərlə müqayisədə daha az maraq göstərir. Burada əlbəttə ki, bütün gənclər nəzərdə tutulmur. Ailəsində düzgün tərbiyə alan, milli dəyərlər əsasında böyüyən çoxlu gənclər də var. Lakin ümumi tendensiya narahatlıq doğurur".
E.Bayramlı həmçinin vurğulayıb ki, uşaqların tərbiyəsində ailənin rolu həlledici olmalıdır:
"Valideyn övladının həyatına, davranışına, maraq dairəsinə və təhlükəsizliyinə nəzarət etməlidir. Xüsusilə yeniyetmə yaşlarında verilən qərarlarda valideyn məsuliyyəti böyük əhəmiyyət daşıyır.
Məsələn, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən yeniyetmələrin olması, təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi suallar doğurur. Bu kimi halların qarşısı sonradan deyil, əvvəlcədən düzgün tərbiyə və nəzarətlə alınmalıdır.
Bu problem yalnız yol-nəqliyyat hadisələri ilə məhdudlaşmır. Uşaq intiharlarının, yeniyetmələr arasında hüquqazidd davranışların artması, ailə qurmağa marağın azalması kimi məsələlər də eyni kontekstdə qiymətləndirilməlidir.
Mən hesab edirəm ki, cəmiyyət olaraq milli-mənəvi dəyərlərimizə daha çox söykənməli, ailə institutunu gücləndirməli, uşaqların tərbiyəsində həm ailənin, həm də məktəbin rolunu artırmalıyıq. Media, televiziya, seriallar, kompüter oyunları və sosial şəbəkələrin gənclərin psixologiyasına təsiri nəzərə alınmalı, bu sahədə daha məsuliyyətli yanaşma sərgilənməlidir.
Əgər bu problemlərə vaxtında diqqət yetirilməsə, gələcəkdə daha ciddi sosial nəticələrlə qarşılaşa bilərik. Buna görə də ailə, məktəb və cəmiyyət birlikdə çalışaraq uşaqların milli-mənəvi dəyərlər əsasında formalaşmasına dəstək verməlidir".
Fərhad Mehdiyevin paylaşımında diqqət çəkən məqamlardan biri də qızının ona "ata, bloqerlər vəkillərdən çox pul qazanır" deməsi və valideyn kimi bir tərəfdən övladının müstəqil qərar verməsini, digər tərəfdən isə düzgün həyat yolu seçməsini istəməsi olub.
Sosioloq hesab edir ki, məhz bu məqam son illər valideyn-övlad münasibətlərində müşahidə olunan əsas problemlərdən birini ortaya qoyur:
"Qızın atası ziyalı adamdır. O başa düşməlidir ki, uşağa həm müstəqillik vermək, həm də onun düzgün həyat yaşamasına nəzarət etmək arasında fərq var. Bu məsələ ilə bağlı təcrübədə yüzlərlə, minlərlə nümunə görmüşük. Uşağı tam sərbəst buraxıb, "qoy nə istəyirsə etsin" deməyin sonu çox vaxt belə olur. Bunun başqa yolu yoxdur. Biz bunu son dövrlərdə dəfələrlə görmüşük, hər gün qonşuluqda, ətrafımızda, cəmiyyətdə müşahidə edirik.
İnsanlar başa düşmürlər ki, uşağın öz normal inkişaf dövrü var, normal nəzarət anlayışı var. Doğru tərbiyə vermək, milli-mənəvi dəyərlər əsasında böyütmək anlayışı var. Bu gün müasirlik, azadlıq və sərbəstlik adı altında həyat təcrübəsi olmayan bir uşağı öz taleyinin ümidinə buraxmaq faciələrə səbəb olur".
E.Bayramlı onu da əlavə edib ki, dünya görüşü formalaşmamış bir uşağa "qoy müstəqil olsun, nə istəyirsə etsin" demək yaxşı nəticə vermir:
"Bu insanların beyninə kim yeridir ki, belə olmalıdır? Tərbiyə sistemi min illər boyu insan cəmiyyətində formalaşıb, sınaqlardan keçə-keçə bu günə gəlib çatıb. İndi ortaya çıxan bəzi yeni yanaşmalar, yeni psixologiyalar belə hallara səbəb olur.
Bu yanaşmalar bioloji sistemi də pozur, dəyərlər sistemini də pozur, tərbiyə sistemini də pozur, psixologiyanı da pozur. Bu belə olmur. Bunu birdəfəlik başa düşmək lazımdır. Ya uşağına tərbiyə verəcəksən, 18 yaşına qədər ona nəzarət edəcəksən, ya da onu tamamilə özbaşına buraxacaqsan. Uşaq şəxsiyyət kimi formalaşana qədər valideynin məsuliyyəti altındadır.
Sən uşağı tamamilə yad adam kimi nəzarətsiz buraxıb "nə istəyirsə etsin" deyəndə təbii ki, o da "bloqerlər vəkillərdən daha çox qazanır" deyəcək və ona uyğun seçimlər edəcək.
Axı biz bunu neçə dəfə görməliyik ki, insanlar nəticə çıxarsın? Allah səbr versin, Allah rəhmət eləsin. Amma hamımız başa düşməliyik ki, bunun səbəbləri aradan qaldırılmalıdır. Nəticələrlə mübarizə aparmağın mənası yoxdur. Səbəb açıq-aşkar ortadadır. Bu gün müasir düşüncə, müasir tərbiyə, müasir həyat tərzi və müasir yanaşmaların bir çox hallarda faciəyə apardığını görürük. Bu faktdır. İnsanlar bunu ya görəcəklər, ya da belə nəticələrlə yenidən üzləşəcəklər", - deyə E.Bayramlı qeyd edib.
Məsələyə psixoloji nöqteyi-nəzərdən yanaşan psixoloq Nizami Orucov isə qeyd edib ki, son günlər cəmiyyətdə geniş müzakirə olunan bu hadisə ilk növbədə bizə bir həqiqəti xatırladır:
"Valideynlik tam nəzarət və ya tam sərbəstlik arasında seçim etmək deyil, övladla təhlükəsiz əlaqə qurmaq bacarığıdır. Belə ağır itkilərdən sonra valideynlərin paylaşdıqları fikirlərə qiymət verərkən ehtiyatlı olmaq lazımdır. Çünki insan dərin yas və travma vəziyyətində hadisələri yenidən analiz edir, “kaş ki” və “əgər”lə başlayan düşüncələr artır. Bu, itki sonrası yaşanan peşmanlıq, günahkarlıq və özünü sorğulama hisslərinin təbii hissəsidir. Valideynlər üçün ən ağır hisslərdən biri övladını qoruya bilmədiyini düşünməkdir. Buna görə də bu cür müraciətləri tənqid obyektinə çevirməkdən daha çox, itki yaşamış bir valideynin ağrısının ifadəsi kimi dəyərləndirmək vacibdir".
Psixoloq həmçinin vurğulayıb ki, valideynlərin övladlarının təhsil, peşə və həyat seçiminə təsir göstərmək istəyi ilə gənclərin müstəqillik arzusu arasında ziddiyyət isə yeniyetməlik və gənclik dövrünün təbii xüsusiyyətlərindən biridir:
"Psixoloji baxımdan valideynin rolu qərar vermək deyil, qərar vermə bacarığını inkişaf etdirməkdir. Valideyn məlumat verməli, riskləri izah etməli, alternativləri göstərməli, lakin son mərhələdə gəncin yaşına və məsuliyyət səviyyəsinə uyğun şəkildə onun seçimlərinə hörmət etməlidir. Burada əsas sual “övladımın yerinə necə qərar verim?” deyil, “övladımın doğru qərar vermə bacarığını necə inkişaf etdirim?” olmalıdır. Paylaşımda qeyd olunan 23-25 yaş məsələsinə gəlincə, müasir psixologiyada bu dövr “keçid yetkinliyi” kimi qiymətləndirilir. Araşdırmalar göstərir ki, impuls nəzarəti, risklərin qiymətləndirilməsi və uzunmüddətli nəticələri hesablamaqla bağlı beyin strukturlarının inkişafı təxminən 25 yaşa qədər davam edir. Lakin bu, gəncin tam nəzarət altında saxlanılması anlamına gəlmir. Sağlam valideyn nəzarəti maraqlanmaq, ünsiyyətdə olmaq və sərhədlər müəyyən etməkdir".

Psixoloqun qənaətincə, həddindən artıq nəzarət isə gəncin şəxsi qərarlarına müdaxilə etmək, onun əvəzinə seçim etmək və müstəqilliyini məhdudlaşdırmaqdır:
"Sağlam nəzarət “haradasan?”, “özünü təhlükədə hiss edirsənmi?” suallarını əhatə edir. Həddindən artıq nəzarət isə “nə etməlisən?”, “kim olmalısan?” mesajı verir. Blogerlik fəaliyyəti və erkən yaşda yüksək gəlir əldə etmək də gənclərin risk qavrayışına təsir göstərə bilər. Sosial şəbəkələrdə görünürlük, bəyənilmə ehtiyacı və davamlı diqqət qazanmaq istəyi bəzən riskli davranışların romantikləşdirilməsinə səbəb olur. Xüsusilə gənc yaşlarda sürətli uğur və ani gəlir əldə etmək uzunmüddətli planlama bacarıqlarını zəiflədə, “mənə heç nə olmaz” düşüncəsini gücləndirə bilər".
Yekun olaraq N.Orucov bildirib ki, sosial media alqoritmləri isə çox vaxt təhlükəsizliyi deyil, diqqət çəkən məzmunu mükafatlandırır:
"Bu səbəbdən valideynlər övladlarının fəaliyyət sahəsini qadağan etməkdən daha çox, rəqəmsal savadlılıq, risklərin idarə olunması və məsuliyyət hissinin formalaşmasına diqqət yetirməlidirlər. Peşə seçiminə gəlincə, valideynin müdaxiləsinin sərhədi övladın maraq, bacarıq və dəyərlərini kölgədə qoyduğu yerdə bitməlidir. Valideyn öz təcrübəsini paylaşa, əmək bazarı haqqında məlumat verə, peşənin üstün və çətin tərəflərini izah edə bilər. Lakin övladının həyatını öz reallaşmamış arzularının davamı kimi görməməlidir. Unutmaq olmaz ki, valideynin əsas vəzifəsi övladını idarə etmək deyil, onu həyatın risklərinə qarşı hazırlamaqdır. Çünki sağlam münasibət nə tam sərbəstlik, nə də sərt nəzarət üzərində qurulur. Sağlam münasibətin əsasında etibar, açıq ünsiyyət və qarşılıqlı hörmət dayanır".
Məlumat üçün bildirək ki, Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdiyeva iyunun 16-da Bakı-Sumqayıt yolunda baş vermiş motosiklet qəzası nəticəsində aldığı ağır xəsarətlərdən vəfat edib.