İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampı onun haqqında uydurma hekayələr yaymaqda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mübahisəyə səbəb Trampın İtaliya televiziyasına verdiyi son müsahibə olub. Tramp müsahibədə iddia edib ki, guya Meloni G7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün yalvarıb.
"O, mənimlə şəkil çəkdirməyi çox istədi. Mən bunu etməzdim, amma ona yazığım gəldi", - deyə Tramp İtaliya televiziya kanalına verdiyi müsahibədə bildirib.
Buna cavab olaraq Giorgia Meloni ABŞ liderinin sözlərindən “sarsıldığını” bildirib və onun şərhlərinin “tamamilə uydurma” olduğunu vurğulayıb.
"Bəzi şeylərə dərhal cavab verilməlidir. Donald Trampın açıqlamaları tamamilə uydurmadır; hətta, absurddur”.

O, həmçinin Trampı tənqid edərək deyib ki, ABŞ lideri köhnə müttəfiqlərinə nisbətən Qərbin rəqiblərinə daha çox hörmət göstərir.
“Tramp bir şeyi yadda saxlamalıdır: İtaliya və mən heç vaxt yalvarmırıq!”, - Meloni vurğulayıb
Bu açıqlamalar fonunda İtaliyanın xarici işlər naziri Antonio Tajani gələn həftə ABŞ-a planlaşdırılmış səfərini ləğv etdiyini elan edib.
“Reuters”in məlumatına görə, qarşılıqlı ittihamlar Vaşinqtonla Roma arasındakı münasibətlərin, xüsusilə İran ətrafındakı müharibə ilə bağlı fikir ayrılıqları səbəbindən, kəskin şəkildə pisləşdiyini göstərir.
Bundan əvvəl G7 sammitində Tramp və Meloninin bir neçə həftədir davam edən gərginliyi aradan qaldıra bildikləri qeyd olunmuşdu. Hətta həmin vaxt Avropa Şurasının sədri Antonio Costa zarafatla onlara “Siz yenidən dost olmusunuz”, - demişdi.
A.Qorxmaz