Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsinin bu dəfəki iştirakçıları Beyləqan rayonundan olan jurnalistlərdir. Beyləqandan olan media nümayəndələri rayonun iqtisadi vəziyyəti, inkişaf və problemlər, təhsil, səhiyyə, əhalinin məşğuliyyət məsələləri barədə danışıblar.
“Beyləqan yolları tank və BTR-lərin izini hələ də özündə saxlayır”
İlk müsahibimiz “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov öncə Beyləqan rayonun tarixi haqqında qısa məlumat verib: “Beyləqan sovet vaxtı Azərbaycanda təsərrüfat və yeyinti məhsulları verən əsas rayondan biri olub. Bu rayonun social-iqtisadi bazası genişdir.
Kolxoz sistemi dağıdıldıqdan və əhaliyə torpaqlar paylanıldıqdan sonra fermerlərə kifayət qədər maliyyə dəstəyi göstərilmir. Rayonda əksər fermer təsərrüfatlarına maliyyə dəstəyinin olmaması səbəbindən əkinə yaralı torpaqlar becərilmir”.
M.Aslanov qeyd edib ki, rayon əhalisinin 70-80 faizi kənd təsərrüfatı ilə məşğul olduğundan, insanların çoxu əsas məşğuliyyətlərindən kənar qalıblar:
“Təxminən iki-üç il bundan əvvəl Beyləqanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 2 milyon manat vəsait ayrılmışdı. Çox təəssüflər olsun ki, bu, rayonda qeyd etdiyim sahələrdə hiss olunmadı.
Üç il bundan əvvəl rayonun girişində böyük bazarın tikintisinə başlanıldı. Amma istifadəyə verilməsinə az qalmış bazarın tikintisi dayandırıldı və iş yarımcıq qaldı. Əgər bazar istifadəyə verilsəydi, hardasa 1000 -1500 nəfər yeni iş yeri qazanacaqdı. Beyləqanın hazırki sosial-iqtisadi inkişafı elə də qənaətbəxş hesab etmirəm”.
Mübariz Aslanov hesab edir ki, ölkəmizdə son 10 ildə regionların sosial-iqtisadi inkişafında irəliləyişlər hiss olunsa da, bu Beyləqanda müşayiət olunmur: “Ölkə başçısı regionların sosial-iqtisadi inkişafına bu qədər diqqət ayırır, hətta 2009-2013-cü illər üzrə Regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub, bununla bağlı ciddi dövlət vəsaitləri ayrılır və digər rayonlarda, bölgələrdə bundan yararlanırlar, amma Beyləqanda belə irəliləyiş hiss olunmur. Buna əyani misal kimi rayonun yollarını göstərə bilərəm. Saatlı, İmişli rayonlarından Beyləqana gedənlər, loru dildə desək, özünə hörmət qoyan adam o tərəfə maşın sürmək istəmir. Çünki 10 km yolu təxminən 3 saata qət edirsən. Yollar bərbad vəziyyətdədir.
Beyləqan rayonunun qonşu olduğu rayonlarla əlaqəli yolları da pisdir. Elə yollar var ki, müharibədə iştirak edən BTR və tankların izi hələ də qalır. Rayonun digər rayonlarla əlaqə qurduğu yollar bu vəziyyətdədirsə, görün kəndarası yollar necədir?”.
Həmkarımızın fikrincə, Beyləqanın torpağı münbit olduğundan bura kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və heyvandarlığın inkişafı üçün əlverişli rayondur. Onun sözlərinə görə, əgər kənd təsərrüfatının inkişafına bir balaca dəstək verilsə, bu problemlər elə rayonun daxili büdcəsinin hesabına həllini tapar: “Son vaxtlar rayonun elektrik təhcizatı düzəlib. 5 il bundan əvvəl Beyləqana elektrik enerjisi fasilələrlə verilirdisə, indi işıq bütün gün ərzində yanır.
Bir ara rayona qaz xətlərinin çəkilişinə başlanılsa da sonradan dayandırlıdı. Amma indi işlər yenidən bərpa olunur. Artıq kəndlərə də mavi yanacaq verilir”.
Mübariz Aslanov rayonun təhsil sistemindən danışarkən bildirib ki, hələ də kadr çatışmazlığı var: “İstər sovet dövründə, istərsə də müstəqillik vaxtı baxmayaraq ki, Beyləqanda əhalinin çox hissəsi təsərrüfatla məşğul olur, təhsilə münasibət çox yüksək olub. Bunu rayondan çıxan ziyalıların, elm xadimlərinin timsalında da görmək olar. Ancaq Beyləqanda kadr çatışmazlığı hələ də qalır. Azərbaycan vətəndaşlarının dünya təhsilinə inteqrasiya etdiyi bir vaxtda Beyləqanın 10-15 kəndində hələ də ingilis dili müəllimi çatışmır. Köhnə rus dili müəllimləri var ki, onların da bu fənni tədris etmələrin norml qiymətləndirmirəm”.
M.Aslanov bildirib ki, rayonda yeni xəstəxanaların, poliklinikaların istifadəyə verilməsinə baxmayaraq, burada işləyən həkimlərdə təkmilləşmə yoxdur: “Beyəlqanda adi xəstəliklərin müalicəsi mümkün deyil. İnsanlar ya Bakıya, ya da Füzuli rayonunda olan xəstəxanalara gedirlər”.
M.Aslanov Beyləqanın icra başçısının fəaliyyətindən də danışıb: “Sabiq icra başçısı ilə müqayisədə hazırkı icra başçsısından camaat razılıq edir. Əvvəlki icra başçısı Xasay Əhmədov demək olar ki, rayonun mərkəzi hissəsində yerləşən kənd təsərrüfatı malları bazarında hər bir insanın fəaliyyətinə qarışır, müdaxilə edirdi. İndiki icra başçısı İrşad Əliyevin vaxtında bütün maneələr aradan qaldırılıb. Hətta Beyləqanda yeni mal bazarının da təşkil olunmasını kömək etdi. O, əhalinin maraqlarını tam təmin etməsə də, əvvəlki ilə müqayisə olunmazdır”.
Mübariz Aslanov rayondan seçilən deputatın fəaliyyətini yüksək qiymətləndirib: “Əvvəlki deputat Səfər Məmmədov seçiciləri ilə maraqlanmırdı, sadəcə onun adı deputat idi. Yeni millət vəkilimiz Ayaz Orucov həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəridir. O millət vəkili seçilməzdən əvvəl yerli camaatının problemləri ilə yaxından maraqlanırdı. Hətta bizim qonşu Alınəzərli, Aşıqlı kəndlərinin şirin su problemini həll edib. Orada müyyən artezian quyularının təşkil olunması, quraşdırılması, ümumiyyətlə yeni transformatorların gətirilməsi – bu işlərdə yaxından iştirak edib. Millət vəkili seçilməzdən əvvəl əhali ondan razı idi.
Rayonun digər hissəsinin millət vəkili Çingiz Qənizadədir. O da təzə seçildiyindən barəsində fikir söyləmək tezdir”.
“Deputat sarıdan Beyləqanın heç vaxt bəxti gətirməyib”
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də əvvəlcə Beyləqan rayonun tarixi barədə məlumat verib. O bildirib ki, Aran rayonu olan Beyləqanın sovet vaxtı adı Jdanov olub: “Jdanov Leninqradın blokadası zamanı Leninqrad Partiya komitəsinin birinci katibi olub. Onun nəinki Beyləqanla, heç Azərbaycanla əlaqəsi olmayıb. Müstəqillik əldə edildikdən sonra rayonun tarixi adı bərpa olundu. Əslində tarixi Beyləqan rayon mərkəzinin yaxınlığında olan Örənqala adlı xarabalıqlarda yerləşirdi. Sovet vaxtı Beyləqan fəhlə, pambıqçı rayonu olub. Pambıq planında həmişə birinci yeri Jdanov və Bərdə rayonları tuturdu”.
N.Məmmədlinin sözlərinə görə, bir neçə dəfə işğala məruz qalan Beyləqan hələ də özünə gələ bilmir: “Birinci dəfə ərəblər işğal edib. İkinci dəfə XIII əsrdə monqol işğalına məruz qalıb, ondan sonra Beyləqan bir daha özünə gəlməyib. Nəhayət, sonuncu dəfə Beyləqan rayonu bundan əvvəlki icra başçısının vaxtında işğal olunub və hələ də özünə gələ bilmir”.
Baş redaktorun fikrincə, rayonun insanları sadə, zəhmetkeşdir və Mil düzündə yerləşən Beyləqanın insanlarının xarakteri də düz kimi düzdür: “Ancaq Beyləqan insanların arzularına adekvat deyil. Rayonun sərt təbiəti var və bu sərt iqlimdə yaşayan insanlara diqqət və qayğı lazımdır. Azərbaycanın bütün ərazilərini əhatə edən regionların inkişafı təəssüflər olsun ki, Beyləqandan yan keçib”.
Natiq Məmmədli rayonun infrastrukturu barədə də danışıb: “Beyləqanın yolları bərbad vəziyyətdədir. Müharibə vaxtı o yollardan hər gün texnikalar keçirdi. Tanklar, BTR-lərin oradan keçməsi yolları bərbad edib. Beyləqanın yolları elə gündədir ki, sanki nehrə çalxalayıblar. Halbuki müharibənin üstündən 20 il vaxt keçib”.
Rayonda insanların işləməsi üçün iş yerlərinin olmadığını bildirən həmkarımız qeyd edib ki, Beyləqanda güzəran, sosial vəziyyət heç də yaxşı deyil: “Dövlət büdcəsindən əmək haqqı alanlar ancaq müəllimlər və həkimlərdir ki, onların da vəziyyəti heç ürəkaçan deyil. Beyləqanda insanların işləməsi üçün iş yerləri açmaq lazımdır”.
Baş redaktor onu da qeyd edib ki Beyləqan ermənin qabağında dayana bilən son istinad nöqtələrindən biridir: “Ən əsası bu torpaqda Cərciz peyğəmbərin müqəddəs ziyarətgahı var. Amma Beyləqan rayonunun 70 illiyini elə səssiz-səmirsiz keçirdilər ki, elə bil oğru bostana girib”.
N.Məmmədli Beyləqanın təhsil və səhiyyə sistemindən isə ümumiyyətlə heç nə demək istəməyib. Deyib ki, bu barədə danışlası bir şey yoxdur.
Natiq Məmmədli Beyləqanın qaz və işıqla necə təmin olunması barədə də məlumat verib: “Rayona heç sovet dövründə qaz verilməyib, qaldı ki, müstəqillik dövründə. Ancaq rayon mərkəzinə qaz xətləri çəkilib. Ümumiyyətlə, Beyləqanın bütün yaşayış məntəqlərində mavi yanacaq yoxdur, işıq da fasilələrlə verilir.
Rayonun əsas problemi ondan ibarətsdir ki, torpaqları şoranlaşır, kultivasiya-təmizləmə işləri vaxtında aparılmır. Torpaqlar münbitliyini itirir və təsərrüfata yararsız hala düşür”.
Həmkarımızı bu vaxta qədər Beyləqanın rəhbərliyinin rayona istənilən səviyyədə diqqət ayırdığının şahidi olmadığını qeyd edib. Onun sözlərinə görə diqqətlə yanaşı, görülən işlərin nəticəsi olmalıdır: “Deputat sarıdan da Beyləqanın ömrü boyu bəxti gətirməyib. Nə Azərbaycan SSRİ Ali Soveti vaxtında, nə də müstəqillik dövründə”.
“Beyləqan kimi geridə qalan ikinci bir bölgə tanımıram…”
“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas kənd təsərrüfatı rayonu olan Beyləqanın sosial-iqtisadi inkişaf baxımından qonşularından xeyli geridə qaldığını bildirib: “Dövlət Proqramına nəzər salsaq, rayona bütün istiqamətlərdə diqqət yetirilmədiyi görünür.
Beyləqan kimi 20 mindən çox əhalisi olan şəhərdə ibadət etmək üçün məscid belə yoxdur. Sovet dövründən bünövrəsi qoyulan məscid binasının tikintisi 20 ildir yarımçıq qalıb. Bina tikilmək əvəzinə, onun ətrafındakı torpaqlar ayrı-ayrı insanlara satılır”.
Baş redaktor istər mədəni, istər iqtisadi, istər siyasi, istərsə də dini baxımıdan Beyləqan kimi geridə qalan ikinci bir bölgə tanımadığını qeyd edib.
T.Abbas bildirib ki, zəhmetkeş olan rayon əhalisinin əsas dolanışığı heyvandarlıq və əkinçilik- meyvə, tərəvəz, taxıl məhsullarının yetişdirilməsinə bağlıdır: “Maddi cəhətdən zəif olan əhaliyə taxıl sahələrini əkmək üçün lazımi kömək də kifayət qədər deyil. Başqa bölgələrlə müqayisədə Beyləqana verilən kreditlər çox azdır. Əhalinin dolanışı aşağı səviyyədədir. Kənd təsərrüfatı məhsulları istehsal edən rayon olmasına baxmayaraq, burda qiymətlər Bakıda olduğu kimidir. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin belə baha olmasının səbəbi orada heyvandarlığı inkişaf etdirməyin çətin olması və maya dəyərinin baha başa gəlməsidir”.
Beyləqanda iş yerinin olmadığını deyən həmkarımızın sözlərinə görə, burada dövlət maaşı alanlar ancaq idarələrdə işləyənlərdir: “İnsanların işləməsi üçün nə zavod, nə fabrik, nə də sex var. Əhalinin bir qismi də bazarda işləyir. Rayon camaatını nə icra başçısı, nə də deputat düşünür”.
Tapdıq Abbas da qeyd edib ki, Beyləqanın yolları çox bərbad vəziyyətdədir: “Ancaq şəhər mərkəzinə kosmetik asfalt vurublar, o da yağışdan sonra parça-parça olub tökülür.
Beyləqan yollarının vəziyyəti də rayon əhalisinin vəziyyəti kimidir”.
Baş redaktor rayonun qaz və su təhcizatı barədə də danışıb: “Mavi yanacaq kəndlərdə problemdir. Qaz xətləri ancaq rayon mərkəzinə çəkilib. O da hamıya yox, ancaq imkanı olanlara. Beyləqanda içməli su problemi də var. Camaat su maşınlarının öhdəsinə qalıb. Su maşınlarla daşınır və camaat vedrə ilə su alır”.
Tapdıq Abbas bildirib ki, icra hakimiyyəti strukturlarının məşğuliyyəti ancaq bəzək-düzək işləridir, sosial problemləri həll etmirlər.
Həmkarımızın sözlərinə görə, rayonun təhsil sitemi acınacaqlı vəziyyətdədir: “Ali məktəblərə qəbul olunanların sayına görə Beyləqan ən axırıncı yerləri tutur. Qəbul olunanlar da repetitor yanına gedən imkanlı adamların uşaqlarıdır, çünki məktəbdəki təhsillə ali məktəbə daxil olmaq mümkün deyil. Ötən əsrin 80-ci illərilə müqayisədə bu gün təhsil yox səviyyəsindədir. Təsəvvür edin ki, Beyləqan rayonunun təhsl şöbəsinə özünün təhsilə ehtiyacı olan birini müdir qoyublar. O insan təhsilə biznes kimi baxır. Yeni məktəb binalarının tikilməsi baxımından rayon geridədir. Son illər binalarla yanaşı, 4-5 məktəb tikilir ki, bu da ümumrespublika sahəsində çox aşağı nəticədir ”.
T.Abbas onu da qeyd edib ki, qədim tarixə malik olan Beyləqan mədəniyyət mərkəzi olub, ancaq monqolların işğalı zamanı dağıdılıb: “Qədim Beyləqanın olduğu ərazi hazırda Örənqala adlanır. İndiki Beyləqanın 10 km Cənub Qərbindədir. Beyləqanın Yaxın və Orta Şərqdə məşhur olan ziyarətgahları var. Burda Həzrəti Cətciz peyğəmbərin türbəsi var. Pakistandan, İrandan və qonşu müsəlman dövlətlərindən ora avtobuslarla zəvvarlar gəlirlər. Həmin ziyarətgahlar çox pis vəziyyətdədir. Nəzirlər hamısı mənimsənilir və ayrı-ayrı məmurların cibinə gedir”.
Jurnalist başqa sahələrə nisbətən səhiyyədə irəliləyişlərin olduğunu bildirib: “Ölkə başçısının göstərişi ilə İmişli, Beyləqan və Ağcabədi rayonlarında xəstəxanaların maddi bazasının yenilənməsi istiqamətində işlər görülür. Tibb sahəsində ancaq maddi bazanın, binanın yenidən qurulması və tikilməsi məsləsini müsbət hal kimi qiymətləndirirəm”.
Tapdıq Abbas rayon icra başçısının əhalinin ümidlərini puç etdiyini deyib: “Hamı düşünürdü ki, İrşad Əliyev təcrübəli adamdır. Amma təəssüf ki, onun hakimiyyətinin 6 ili tamam olur və bu adam haqqında rayon əhalisi müsbət heç nə demir”.
Baş redaktor da digər həmkarı kimi Beyləqanın deputat sarıdan bəxtinin gətirmədiyini təsdiqləyir: “Müstəqilliyin 20 illik dönəmində dörd dəfə seçki keçirilib və hər seçkidə əhali başqasına səs versə də, hakimiyyət öz istədiyini sənədləşdirib. Ayaz Orucov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədridir. Həm də dövlətdən və kənardan gələn pulların realizəsi ilə məşğul olan adamdır. Bir sözlə, zəngin insanlardandır. Həm dövlət qulluğunda işləyir, həm də biznesmendir. Hər nə ilə desən məşğuldur, amma xalqın problemlərindən başqa. İnsanlar bu gün nə icra başçısına inanır, nə də cibində deputat mandatı gəzidrinə”.
“120-150 manat əməkhaqqı alan müəllimin bütün günü məktəbdə olması, dərs keçməsi mümkün deyil…”
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli bildirib ki, Azərbaycanın digər bölgələri kimi Beyləqan da ağır iqtisadi çətinlik qarşısındadır: “Burada əhali demək olar ki, həyətyanı təsərrüfatı ilə məşğuldur, yəni Beyləqanda istehsal obyektləri, müəssisələr olmadığına görə, əhalinın dolanışığı həyətyanı təsərrüfatdan çıxır. Amma bu da elə yaxşı vəziyyətdə deyil. Torpaq bölgüsü düzgün aparılmayıb. İnsanların yalnız bir qisminə torpaq paylanıb. Bəzi ərazilərdə hələ də sovxozlar fəaliyyət göstərdiklərinə görə, orada əhali torpaq ala bilıməyib”. R.Kəbirli onu da qeyd edib ki, rayonda insanların xeyli hissəsi işsizdir: “Beyləqanda əhalinin əksər hissəsi, hər evdən ən azı bir-iki nəfər yaxın xarici ölkələrə, o cümlədən Rusiyaya qazanc dalınca gedir. Onlar ailələrinin dolanışığını əsasən ordan göndərdikləri pullarla təmin edirlər”.
Baş redaktorun sözlərinə görə, təsərrüfatda istehsal olunan məhsulların bazarda satılmasında, istehlakçıya çatdırılmasında ciddi problemlər var:
“İnhisarçılıq kənd təsərrüfatını da müflis vəziyyətə salıb. Əhali məhsulları dəyər-dəyməzinə satır. Həyətyanı təsərrüfatda istehsal etdiyi südü başqa insanlar çox ucuz qiymətə alır, burada da gətirib baha qiymətə satırlar. Bu da insanların həmin təsərrüfatı inkişaf etdirmək marağını azaldır”.
Belə çətin vəziyyətdən çıxış yolu kimi Rövşən Kəbirli Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul edilməsini zəruri hesab edir: “Hesab edirəm ki, bunun gerçəkləşməsi heç də kolxoz təsərrüfatına qayıdış deyil. Əslində, elə bir şey yaradılmalıdır ki, texnika almaq imkanları olmayan daha kasıb təbəqə torpağını birləşdirib ümumi kooperativ formada fəaliyyət göstərsin. Ən azından dolanışıqlarını təmin etsinlər”.
“Beyləqanın kəndarası yolları da çox bərbad vəziyyətdədir” deyən həmkarımız hesab edir ki, bu, rayona Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində ayrılan vəsaitin faktiki olaraq rəhbər şəxslər tərəfindən mənimsənilməsinin əlamətidir:
“Yağışlı havada kəndarası yollarla getmək mümkün deyil. Örənqala və Kəbirli kəndi arasındakı yol 22 il əvvəl necə qoyub gəlmişdimsə, indi də elədir, hətta daha bərbad vəziyyətə düşüb”.
Baş redaktor Beyləqanın qaz, işıq təminatından da danışıb. O bildirib ki, rayon mərkəzinin bəzi yerlərinə qaz xətləri çəkilsə də, Beyləqanın demək olar ki, əksər kəndində hələ də mavi yanacaq yoxdur: “Əvvəlki illərlə müqayisədə elektrik enerjisinin təminatında ciddi problemlər nəzərə çarpmır. Xüsusilə insanlar bu qışı normal keçiriblər. Amma kəndlər hələ də qazsızdır. İnsanlar odun yandırmaqla məşğuldurlar ”.
R.Kəbirli Beyləqan təhsilinin də bərbad vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, 120-150 manat əməkhaqqı alan müəllimin faktiki olaraq dərs deməsi, bütün gününü məktəbdə keçirməsi mümkün deyil: “Müəllim məktəbdə uşaqlara dərsin yerini göstərir, ev tapşırıqlarını verir və sonra da təsərrüfatı ilə məşğul olmağa gedir. Bunu qəbul imtahanlarının nəticələrinə baxmaqla görmək olar. Vicdanlı müəllimlər də var ki, onlar bütün çətinliklərə baxmayaraq, nə isə etmək istəyir, amma bu dəryada damla kimidir”.
“Rayonda səhiyyə bütün Azərbaycan ərazisində olduğu kimidir. Yəni həkimin biri bir söz, digəri tamam başqa söz deyir. Azərbaycanda səhiyyə sistemi tikilib istifadəyə verilən xəstəxanalara, təmir olunan, gətirilən avadanlıqlara baxmayaraq, çox acınacaqlı durumdadır. İnsanlar xəstəxanalara getmək əvəzinə evdə türkəçarələrlə dərdlərinə əlaç tapmağa çalışırlar” deyə Rövşən Kəbirli əlavə edib.
Baş redaktor neçə ildir Beyləqanda icra başçısı olan İrşad Əliyevin indiyədək insanlar üçün heç nə etmədiyini vurğulayıb:
“Əgər o insanların problemləri ilə maraqlanırsa, ən əvvəl infrastrukturları yaxşılaşdırmalıdır ki, insanlar bu və digər şəkildə təsərrüfatlarını becərə bilsinlər. Ən azı kəndarası yolları düzəltməlidir ki, harasa çatmaq mümkün olsun və yaxud insanlar istehsal etdiyi məhsulu bazara çıxara bilsinlər”.
Rayondan seçilən deputatlsrın seçiciləri ilə maraqlanıb maraqlanmadığını soruşduqda isə Rövşən Kəbirlinin cavabı belə olub:
“Rayondan seçilən deputat yox, rayona təyin olunan deputat desək, daha doğru olar. Onun təyinatı özünə ancaq Haramı düzündə taxıl sahəsi əkməklə yekunlaşa bilər. Bunun da rayon seçiçilərinə heç bir adiyyatı yoxdur. Azərbaycanda tək-tək deputatlar istisna olmaqla, qalanları heç bir iclasda seçicilərin problemlərini qaldırmır və həlli istiqamətində heç bir fəallıq göstərimir. Çünki çox gözəl bilirlər ki, onların Milli Məclisdə qaldırığı məsələ dar çərçivədə, elə orda da qalacaq”.
Aytən ƏLIYEVA