Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov gündə beş dəfə namaz qılır. Qobustan qapalı həbsxanasında saxlanılan Zakir müəllim Ramazan ayında oruc tutaraq, günahlarının bağışlanması üçün gecə-gündüz dua edib. Qohumlarının dediyinə görə, general digər dini ayinləri də qüsursuz yerinə yetirir.
Mən, dünən bilmişəm ki, Zakir müəllim həbsxanada olduğu 6 il ərzində ərəb dilini yüksək səviyyədə öyrənib. İndi o, müəqəddəs kitabımız Quranı avazla oxuya bilir. Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin məscidlərə axund təyin elədiyi əksər mollalardan fərqli olaraq, Zakir müəllim hətta oxuduğu ayələrin mənasını da aydın şəkildə dərk edir. Əgər nə vaxtsa azadlığa çıxsa, biz keçmiş rəisin İslam dini ilə bağlı elmi araşdırmalarını da oxuya biləcəyik.
Zakir Nəsirov məhbəsə düşdükdən sonra Allaha sığınan birinci adam deyil. Nədənsə, insanlar başlarının üzərində Allahın olduğunu çox vaxt çətinə düşəndə xatırlayırlar. Mən, şübhə etmirəm ki, sabiq səhiyyə naziri Əli İnsanov lisenziya üçün müraciət edən iş adamlarına "qiymət oxuyanda", kasıb, imkansız adamları xəstəxana qapılarında süründürəndə ona ən azı yüz dəfə "Allahın olsun" deyiblər.
Nazir olanda Allahı yadına salmayan Əli müəllim indi 13 saylı cəzaçəkmə müəssisəsində Allahdan imdad diləyir.
Eyni sözləri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə də şamil edə bilərik. Fərhad Əliyev də Zakir Nəsirov kimi namaz qılıb, oruc tutur. Hazırda 2 saylı islah-əmək müəssisəsində saxlanılan Fərhad müəllimin ərəb dilini yüksək səviyyədə öyrənməsi üçün 2 ildən də az vaxt lazım olub. Məhbəsdə keçmiş naziri ziyarət edən hüquq müdafiəçilərindən birinin dediyinə görə, Fərhad Əliyev Qurani-Kərimi şeyxin sağında və solunda əyləşən adamların çoxundan daha avazla oxuyur.
Məncə, azərbaycanlı məmurlar Zakir Nəsirovun, Əli İnsanovun, Fərhad Əliyevin aqibətindən ibrət götürməlidirlər. Uzun müddətdən bəri vərəm xəstəliyindən əziyyət çəkən Əli İnsanovun aqibəti Azərbaycan xalqının var-dövlətini yol-körpü tikintilərində havaya sovuran, daha çox qazanmaqdan ötrü kasıb sürücülərə divan tutan Ziya Məmmədova dərs olmalıdır. Hacıbala Abutalıbov heç olmasa, Fərhad Əliyevin taleyini gözünün qabağına gətirib, məzlum insanların evini başına uçurmaqdan əl çəkməlidir. Müdafiə naziri Səfər Əbiyev fəqir-füqəranın ahından qorxub, Milli Orduda nizam-intizam yaratmalıdır. Mən inanıram ki, bəzi yekəboyun zabitlərin təpiyi altında inləyən zavallı əsgərlərin ahını bəndə götürsə də, Allah götürməyəcək.
Anadolu türkləri zalımlara bu cür qarğış edirlər: "Allah cəzanı versin!". Allah adildir. Yaradan yaxşıları mükafatlandırdığı kimi, pisləri də cəzalandırmağı bacarır. Hər kəs öz əməlinə görə, gec-tez Allah qarşısında cavab verəcək. Nə fərqi var, bu il olmasın, gələn il olsun. Əsas odur ki, Azərbaycan xalqının var-dövlətinə susamış heç bir məmur cəzasız qalmayacaq.