Deputat: “Bu sahədə dövlətin qəbul etdiyi qərarlar hələlik tam nəticə verməyib”
Bu gün valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclərin sonrakı taleyi müəmmalıdır. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük “şillə”ni küçələrdə dadırlar. Oğlanlar kriminal işlərə əl atır, qızlar isə pis yola düşür və insan alverinin qurbanına çevrilirlər.
Ümumiyyətlə, uşaq evlərində böyüyən gənclərin sonradan sosial həyat güzəranın yaxşılaşdırılmasını qanunvericilikdə necə tənzimləmək olar? Onların ciddi bir şəkildə müəyyən bir sahəyə yönəltmək olarmı?
“Uşaq evlərində böyüyən gənclər dövlətin nəzarətindədir. Onlar müvafiq qurumların qeydiyyatındadır və istər internatda yaşadığı, istərsə də oranı tərk etdiyi dövrdə həmin gənclərin həyatı izlənilir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, həmin gənclərn içərisindən ali təhsil müəssisələrinə daxil olanların yataqxana, işləməyənlərin iş və yaşayış problemi var və bu sahədə müəyyən iş görülsə də tam bizi qane edən səviyyədə deyil.
“Ona görə də hökumətin ötən hesabatında internat evlərində böyüyən, hər iki valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin dövlət tərəfindən maliyyələşməsi ilə bağlı məsələ qaldırmışam və yəqin ki, bu il ona cavab veriləcək. Yəni hansı təhsil müəssisəsinə – istər ali, istər özəl – daxil olmasından asılı olmayaraq, onların təhsil xərcləri və oxuduqları müddətdə yaşayış xərcləri dövlət tərəfindən ödənilsin. Onlara müvafiq dövlət təqaüdü verilsin və ev kirayəsi məsələsi həll olunsun yaxud da dövlətin nəzarətində olan yataqxanalarda onlar qalsınlar”.
M. Quliyev qeyd edib ki, dünyada bu uşaqların internatdan sonrakı məskunlaşmasına müxtəlif baxışlar var.
“Bir qrup dövlətlərdə aparılan siyasətə əsasən həmin uşaqlar ailələrə daha çox verilməlidir və internatda olan dövrdən bunların artıq ailələrdə məskunlaşma təmin olunur. Azərbaycan da bu siyasəti dəstəkləyir və cənab prezident 4-5 il bundan əvvəl xüsusi bir fərmanı əsasında de-institutlaşdırma və alternativ qayğı dövlət proqramı qəbul olundu. Təhsil Nazirliyi bu proqramla aktiv məşğul olur, yəni uşaq evlərində böyüyən uşaqların böyük əksəriyyəti artıq ailələrə verilib. Amma təbii ki, bunun hamısını əhatə etmək mümkün deyil”.
M. Quliyev hesab edir ki, internatdakı gənclərin sonrakı məskunlaşması bağlı xüsusi yataqxanalar tikilməlidir ki, onlar orada yaşaya və sonradan hərəsi qazancına, peşəsinə, həyatda tutduğu mövqeyinə görə sonra öz həyatlarını qura bilsinlər.
“Bəzi ölkələrdə gənclərin, xüsusən 18 yaşı tamam olanların daimi hərbi xidmətə cəlb etməyə üstünlük verilir, yəni onlar zabit məktəblərində oxuyurlar və həyatlarını hərbiyə bağlayırlar, həm də orada daimi iş yeri tapırlar. Düşünürəm ki, bizdə də buna üstünlük verilməlidir. Müharibə vəziyyətində olan ölkəyik və peşəkar zabitlərə daha çox ehtiyacımız var. Başqa bir yol xüsusilə “Gənclər siyasəti haqqında” Qanunda da bu özü əksini tapıb. Onların harada daha çox işçi qüvvəsinə ehtiyac var, məsələn, müxtəlif peşələr öyrədilib regionlara cəlb olunması, regionlarda nisbətən məskunlaşmaq, mənzillə təmin olunmaq, məişət şəraiti qurmaq nisbətən asandır. Kənd yerlərində o qədər boş evlər var ki, onları təmir edib həmin adamları yerləşdirmək olar və s”.
Deputatın sözlərinə görə, bu sahədə dövlətin qəbul etdiyi qərarlar, qanunlar, görülən işlər hələlik tam nəticə verməyib: “Bu sahədə çoxlu görüləsi işlərimiz var. Xüsusilə də 18 yaşı bitirən qızların sonrakı taleyi ilə bağlı, yəni onlar hara gedirlər, harada məskunlaşırlar. Bəziləri ola bilər qohumlarını tapır, bəziləri tapa bilmirlər. birinci növbədə bunlara peşə öyrədilməsi, hesab edirəm ki, bu həm dövlətin, həm cəmiyyətin diqqəti mərkəzində olmalıdır”.
Deputat qeyd edib ki, uşaq evlərindəki uşaqların sonrakı taleyi ilə məşğul olan konkret dövlət qurumu yoxdur. “Hərə öz sahəsi ilə, Təhsil Nazirliyi təhsil problemi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, yaxud peşə öyrətmək məsəlləri ilə məşğul olur. Amma konkret bunların hamısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılsaydı, bu məsələsinin həlli istiqamətində işlər görülərdi. Eyni zamanda cavabdeh dövlət təşkilatı olardı, həm də müəyyən statistikanın da aparılması asanlaşardı. Yəni bilərdik ki, ildə necə uşaq internat evlərini tərk edir, necəsi qurtaracaq, onlar hansı peşəyə yönəldilir, hansı yataqxana ilə təmin olunur, hansı təmin olunmur və s. Bildiyimə görə, Heydər Əliyev Fondu internat evlərini tərk edən gənclərin məskunlaşması üçün bir neçə belə bina tikib. Daşkəsən rayonunda bir neçə il bundan əvvəl belə bir binanın açılışı oldu və orada internat evlərində böyümüş gənclərin həm işlə, həm də mənzillə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilir”.
İnternat evlərini 18 yaşdan sonra tərk edən gənclərin hər hansı peşənin öyrədilməsi üçün peşə məktəblərinə cəlb edilməsinə gəlincə Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bunun onlar tərəfindən həyata keçirildiyini vurğulayıb: “Sadəcə olaraq əvvəllər şəraitimiz var idi, onları yataqxana və yemək ilə təmin edirdik, amma indi bu yoxdur və o uşaqlara yaşayış yeri təklif edə bilmirik. Həmin yataqxanalarda hazırda məcburi köçkünlər qalır. Ümumiyyətlə, biz peşə məktəbinə qəbul apararkən ilk növbədə valideyn himayəsindən məhrum edilmiş şəhid və müharibə iştirakçılarının övladları, o cümlədən internat uşaqları cəlb olunur”.
N. Məmmədov qeyd edib ki, peşə məktəblərinin rəhbərləri onların işlə təmin olunmasına maksimum dərəcədə çalışırlar. Lakin onlarla işləmək çətindir: “Bəziləri razılaşır, bəziləri razılaşmır və sərbəst həyata üstünlük verir. Amma peşə məktəblərinin rəhbərləri işlə təmin olunmaqda ilk növbədə onların cəlb olunmasına çalışır”.
Aytən Əliyeva