1 kilosu 1 qram qızıla bərabər olan neməti xarici bazara çıxara bilmirik

Atalarımızın yaxşı deyib: “Bal tutan barmaq yalar”. Amma bu deyimə əməl etmək hər kəsin işi deyil. Elə ona görə də Azərbaycanda bu il bal qıtlığı yaşanır. Bu gün paytaxt sakinləri nəinki təmiz balın qıt olmasından, həmçinin balın digər ölkələrlə nisbətdə olduqca baha olmasından şikayətçidirlər. Halbuki, arıçılıq təbii qida istehsalı üçün ən rentabelli sahə hesab edilir. Elə bu səbəbdən də hazırda dünyada bu sahənin inkişaf etdirilməsinə böyük önəm verilir.
Argentinanın əli bala batıb
Müasir dövrdə arıçılığın ən güclü inkişaf etdiyi ölkələr ABŞ, Argentina, Türkiyə, Çin və Rusiyadır. Hər il dünya bazarına çıxarılan 375 min ton balın 25%-i Argentinanın payına düşür. Bu ölkədə ildə 100 min tona yaxın bal istehsal olunur. Argentinada istehsal olunan bal keyfiyyətinə görə dünyada ən yaxşı məhsul hesab edilir. ABŞ-da da hər il 100 min tona yaxın bal istehsal olunur. Avropa İttifaqının üzvü olan ölkələr arasında isə ən çox bal istehsalı İspaniyadadır – ildə 30 min ton. Fransada – 27 min, Almaniyada – 20 min, Yunanıstanda – 14 min, Portuqaliyada – 11 min, İtaliyada – 10 min, Avstriyada – 9 min, İngiltərədə – 3 min, Danimarka, Finlandiya və Belçikada – 2 min, İsveçdə isə 1000 ton bal istehsal olunur.
Avropada ən az bal istehsal edən ölkələr İrlandiya və Niderlanddır – 100 ton.
150-dən az olmayaraq arı ailəsi saxlayan arıçılar Avropada peşəkar sayır. Bu gün dünyada Arıçılıq Birlikləri və Təşkilatları Federasiyası adlı qurum da fəaliyyət göstərir. Hazırda Federasiyada 50 ölkədən 60-a yaxın arıçılıq assosiasiyası birləşir.
Azərbaycanda isə bu sahənin inkişafı üçün təbii şəraitin olmasına baxmayaraq, demək olar ki, hələ də bütün arıçılıq məhsulları xaricdən idxal edilir.
Bal var, bazar yox

Azərbaycanda arıçılığın inkişafını əngəlləyən ən böyük çətinliklərdən biri kimi arıçılar arasında iş adamlarının yoxluğu göstərilir. Belə ki, ölkədə arıçıların hamısı yalnız istehsalçıdır.
Bu səbəbdən də arıçılıq məhsulları daxili bazarla məhdudlaşır. Ekspertlər bildirir ki, hazırda yerli arıçılıq məhsullarını aparıb ölkədən kənarda sata bilən iş adamlarına ehtiyac duyulur. Bundan başqa, arıçılar bu sahəni inkişaf etdirmək, genişləndirmək üçün onlara kredit verilməsinin də böyük köməyi olacağını deyir. Azərbaycan arıçılığının qarşısında duran əsas məsələlərdən biri balın və digər arıçılıq məhsullarının satışıdır. Bütün dünyada arıçılıq məhsullarının satışı iki istiqamətdə gedir. Birincisi, arıçı istehsal etdiyi balı şəxsi ticarət şəbəkəsi vasitəsilə qonşulara, qohumlara və tanışlara satmalıdır. İkincisi, qalan hissəni bal satışı ilə məşğul olan firmalara satır. Adətən bu istiqamətlərlə satışın qiymət fərqi 2 dəfədən çox olur. Lakin Azərbaycanda bal satışı ilə məşğul olan firmalar hələ formalaşmayıb. Yalnız ayrı-ayrı cəhdlər mövcuddur. Bal satışı əsasən birinci istiqamət üzrə gedir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov da bu fikirdədir: “Ölkəmizdə yerli balın qiyməti çox bahadır. 1 kq balın qiyməti 30-50 manatdır. Dünyada isə balın qiyməti daha ucuzdur. Məsələn, ölkəyə xaricdən idxal edilən balın 1 kq-nın qiyməti iki dəfə ondan ucuzdur. Həm də xaricdən idxal olunan balın keyfiyyəti yerli məhsuldan qat-qat aşağıdır. Elə bu səbəbdən də yerli balı xarici bazara çıxara bilmirik. Dünya bazarında ən baha bal 7-8 dollardır. Amma bizim bal dünya bazarında 28 dollardır. Xarici bazardan bizə dəfələrlə təkliflər gəlib. Amma qiymətinin 15 dollar olduğunu biləndən sonra imtina ediblər”.
Şöbə müdiri onu da bildirdi ki, bu il ölkədə 212 min 651 arı ailəsi var. Keçən il 2275 ton bal istehsal olunub. Bu ilin altı ayı ərzində ölkəyə 12 ton bal idxal olunub.
1 kq bal=1 qram qızıl
Qeyd edək ki, digər arıçılıq məhsullarını deyil, ən geniş yayılan balı belə xaricə ixrac edə bilmədiyimiz kimi, daxili tələbatı da ödəyə bilmirik. Əgər elə olmasa idi, nəinki bu yerli məhsulun qiyməti ölkədə qızıl qiymətinə olardı, heç onu xaricdən idxal etməyə də gərək qalmazdı. Reallıq odur ki, bu gün daxili bazarda qatqarsız yerli balın 1 kq qiyməti 30-50 manatdır ki, bu qiymətdə qızılın bir qramının qiyməti ilə eynidir.
Arıçılar İttifaqının sədri Şamil Quliyev isə deyir ki, Kənd Təsərrüfatı Nazirliyi arıçılıqla maraqlanmır. Onun sözlərinə görə, ümumiyyətlə arıçılıqla bağlı dövlət proqramı da yoxdur. İttifaq sədrinin fikrincə, bu gün ölkədə arıçılığın inkişafı üçün lazımi infrastruktur olmadığından xarici bazara bal çıxarmaq iqtidarında deyilik. Respublikamızda bal analiz edə biləcək laboratoriyanın və dünya standartlarına cavab verə biləcək qablaşdırmanın yoxluğu Azərbaycanın dünya bazarına çıxışını əngəlləyir.
Arıçıların öz məhsullarını satmaqda çətinlik çəkdiklərini deyən İttifaq sədrinin sözlərinə görə, əhali arasında keyfiyyətli Azərbaycan balına tələbat var, lakin balın alıcılara çatdırılması mexanizmi yoxdur: “Dünya ölkələrində həmin infrastruktur qurulduğundan bu iş baş tutur. Bizdə isə hələ ki, bu infrastruktur yoxdur. Bunun üçünsə dövlətin bu sahəyə xüsusi diqqəti olmalıdır. Hələlik isə bu sahə diqqətdən kənarda qalıb”.
Təsərrüfatlar ixtisaslaşarsa....

Arıçılar deyir ki, mum, arı yapışqanı, zəhəri, tozcuğu və südü kimi arıçılıq məhsulları bazarında daha anormal vəziyyət yaranıb. Elə arıçılar var ki, əla keyfiyyətli arı zəhərini 15 ildən çoxdur sata bilmir. Halbuki əczaçılıq sənayesi bu yerli dərman xammalını xaricdən almaq məcburiyyətində qalır. Əczaçıların sözlərinə görə, əsas problem əczaçılıqda istifadə olunan arıçılıq məhsullarının sertifikatlaşdırılmamasıdır.
İttifaq sədri isə bunun səbəbini ixtisaslaşmış arıçılıq təsərrüfatlarının yoxluğunda görür. Bu səbəbdən də hər bir arıçı istədiyi vaxt arı məhsullarını istehsal edə bilmir: “Arıçılar 50-100 kiloqram çiçək tozu istehsal edə bilir. Bu isə ixtisaslaşmış təsərrüfat hesab olunmur. Gərək, bu istiqamətdə təsərrüfat ixtisaslaşa və 2 ton çiçək tozu istehsal edilə ki, sonradan onun qablaşdırılması həyata keçirilə. Amma hələ ki, bu proses aparılmır”.
Hazırda Azərbaycan arıçıları 500 tondan çox yüksək keyfiyyətli təbii bal istehsal edə bilir. Halbuki, bu rəqəm 16 min ton ola bilər. Arıçılıq məhsullarından isə 100 tonadək mum, 1 tonadək arı yapışqanı, təxminən 50 tonadək tozcuq, təxminən 10 kiloqram arı zəhəri və 100 kiloqramadək arı südü istehsal etməyə qadirdir. Lakin bu işi zəmanətli tədarük proqramının olması şərti ilə görmək mümkündür.
Arıçılıq həm də böyük sərmayə yatırımı tələb etməyən yüksək gəlirli istehsalatdır. Bu, kiçik fermer biznesi şəklində 1,5-2 il ərzində özünü doğruldur, hər cür infrastruktur və müəyyən texnologiya ilə təchiz edilərsə, sahənin öz xərcini çıxarmasına zəmanət verilir. Arıçılıq 6-8 mindən çox kənd ailəsini yaxşı gəlirlə təmin edə bilər. Bundan əlavə, kənd təsərrüfatı, yem və texniki bitkilərin əsas tozlandırıcısı məhz bal arılarıdır. Məhsuldarlığın 50-15 faiz artmasının qarantı da məhz onlardır. Arıçılığın ən mühüm funksiyası olan tozlandırma isə hazırda respublikada həyata keçirilmir.
Al, 400 il saxla

Balın istehsalı yalnız təbii yolla mümkündür. Bu isə arıçılıq təsərrüfatı sayəsində başa gəlir. Arıçılıq biznes sahəsi kimi çox rentabelli sahədir. Arıçılıq həm də böyük sərmayə yatırımı tələb etməyən yüksək gəlirli istehsalatdır. Yaz vaxtı bir təknə arını 100 manata almaq olar. Azərbaycanın iqlimi də bu təsərrüfat üçün əlverişlidir. Aran rayonlarında çiçəklər solan vaxt dağ rayonlarında çiçəklər təzəcə açmağa başlayır. Həmin vaxt arıxananı dağlıq ərazilərə köçürməklə məhsuldarlığı artırmaq olur. Bal yığımı aran rayonlarında iyun ayının sonlarında baş tutur. Dağlıq rayonlarda isə iyulun ortalarına kimi davam edə bilər. Lakin bu işi vaxtında görülməzsə məhsulun 60-70 faizi itkiyə gedər. Belə ki, çiçəklərdən gələn qida bitən kimi arı ailəsi daxili məhsuldan istifadə edir. Məhsuldarlığa gəlincə, bir arı ailəsindən 50-60 kiloqram və hətta daha çox məhsul götürmək olur. Bir təknədə 5-6 arı ailəsinin olduğunu nəzərə alsaq bu, çox böyük rəqəmdir. 1 kiloqram balın qiymətinin 20 manat olduğunu nəzərə alsaq, təsərrüfatı yaratmaq üçün çəkilən xərcdən 5-6 dəfə çox gəlir götürmək mümkün olduğunu demək olar. Arıçılıq təsərrüfatı yaratmaq çətin deyil. Hətta məhsulun istifadəyə yararsız olub itkiyə getmə riski də demək olar ki, sıfırdır. Çünki balı düzgün saxladıqda çox uzun müddət hətta 400 il öz keyfiyyətini saxlayır. Balı 40 dərəcədən yuxarı temperaturda və düz günəş şüaları düşən yerdə saxladıqda, keyfiyyətini itirir. Bal gec və ya tez götürüldüyü çiçəkdən və ya saxlanma şəraitindən asılı olaraq qatılaşır və xarlanır. Ancaq bu balın keyfiyyətinə təsir etmir. Onu da qeyd edək ki, hər bir insan gün ərzində 30 qram bal yeməlidir.
Gültəkin Ələsgər