Sabir Həbibov: “Vətəndən kənarda şöhrət qazanmaq çətindir”
Moskva şəhər 79 nömrəli xəstəxananın Cərrahiyə endoskopiya şöbəsinin müdiri, professor, Rusiya Federasiyasının əməkdar həkimi Sabir Həbibov Modern.az saytına müsahibə verib.
– Elə adamlar var ki, böyük peşə sahibidirlər, ancaq öz vətənlərini unudublar. Sizin azərbaycançılıqla bağlı gördüyünüz işlərə görə deyə bilərəm ki, vətəni unutmamısınız. Bəlkə də bir qapını açmaq üçün mən azərbaycanlıyam, kəlbəcərliyəm demək sizə ziyan gətirir. Bu nədən irəli gəlir?
– Əvvəla, hər şey ailədən başlayır, sözsüz ki, mənim bu cür formalaşmağımda ailədən aldığım tərbiyənin, ətraf şəraitin rolu böyük olub. Məncə, dediklərinizin hamısı Kəlbəcərdə doğulduğuma görədir. Anadan olduğum ocaq, ətrafımdakı insanların bir-birinə münasibəti, ən əsası da yaşlı adamların həyat fəaliyyətləri, onların qəhrəmanlıqlarının da çox güman ki, rolu olub.
– Uşaq ikən heç ağlınıza gələrdimi ki, nə vaxtsa həkim ola bilərsiniz?
– Mən uşaq ikən anamın qan təzyiqi var idi. Anamın halı pis olanda deyirdilər ki, həkim çağırın. Bizim də rayonda İslam adlı həkim var idi. O, bizim rayonda baş həkim idi, həmişə başına silindir qoyurdu. Eşitdiyimə görə, indi o, faciəvi şəkildə dünyasını dəyişib. Mən həmişə onun dalınca gedib, deyirdim ki, anam xəstələnib, ona baxın. Bizə gələndə evdə ən təmiz dəsmalı ona verirdik. O, əlini yuyanda belə durub ona baxırdım. Anamın təzyiqini ölçəndə onun yanından əl çəkmirdim. Bu, mənim çox xoşuma gəlirdi. Elə o vaxtdan deyirdim ki, mən həkim olacam. Mən Kəlbəcər torpağında anadan olub, amma Bakıda yaşayıb, ad qazanmış ən böyük iki şəxsiyyəti tanıyırdım ki, biri mərhum Ənvər həkim, digəri isə Bəhram həkim idi.
Bir gün əmiqızı xəstələndi, atam onu Bakıya gətirdi, vəziyyəti çox ağır idi. Hamımız atama deyirdik ki, ata, kömək et. O zaman əmiqızını Bəhram həkim əməliyyat etdi. Yadımdadır ki, atam deyirdi, Bəhram həkim bunu diriltdi. Mən də deyirdim ki, həkim insanı dirildə bilər? O sözlərdən sonra mən dedim ki, mən ancaq cərrah olacam. Biz universitetdə, qrupda 30 nəfər idik, bir nəfər də bunu demirdi. Mən artıq üçüncü kursa keçəndə atama dedim ki, məni Ənvər həkimlə tanış et. 1968-ci il idi, dedilər ki, Qaraşəhərdə Amerika sərgisi açılıb. Ənvər həkim də ora gəlməli idi, atam da məni həmin sərgiyə apardı və biz orada Ənvər həkimlə tanış olduq. Sonra elə oldu ki, Ənvər həkim həmişəlik Kəlbəcərə gedəsi oldu, Bəhram həkim qaldı. Bəhram həkimlə tanış olduqdan sonra, onun yanında işləməyə başladım. Orada balaca bir otaq var idi, açarı da məndə idi. Oradakı həkimlər mənə yaxşı münasibət bəsləsinlər, məni yanlarında köməkçi götürsünlər deyə, Bəhram həkim həkimlərə məni bacısıoğlu kimi təqdim etmişdir. Orada hamı mənə bacıoğlu deyirdi.
Mən heç vaxt özümü başqa sənətdə təsəvvür edə bilmirdim. Bəhram həkimin verdiyi çörəyi mən indi də yeyirəm.
– Bəs Moskvaya getməyiniz necə oldu?
– Deyirlər ki, niyyətin hara, mənzilin də ora. Mən deyirdim ki, mən əvvəlcə Bakıda oxuyacam, sonra isə Moskvada aspiranturada. Sovet hökumətinin vaxtında Azərbaycandan mütəxəssislər çox az idi. Mərhum Həbib Həbibov var idi ki, o cərrah, Aydın Əliyev sınıqçı həkim, Fikrət Zərgərli isə ürək cərrahı idi. 1977-ci ildə Moskva kimi yerdə cəmi 3 azərbaycanlı var idi ki, onlar da professor idilər. Amma təkcə ürək-damar cərrahiyyəsinin 9 şöbəsində ermənilər işləyirdilər. Hər şöbədə də orta hesabla 3 erməni var idi. Bizim cərrahlardan olan mərhum Fikrət Zərgərli ilk dəfə ürək xəstəliklərini əməliyyat edib. Onun göstəriciləri dünya statistikasında ən yaxşı nəticələrdən biri idi. Amma sovet vaxtında azərbaycanlılara işləməyə imkan verilmirdi. Sovet hökumətinin vaxtında biz bilmirdik ki, bu millət çox şovinistdir. Bizə elə gəlirdi ki, bu ideal bir quruluşdur və insanları da idealdır. Sonra Fikrət Zərgərlini də orada sıxışdırdılar, o da Bakıda işləməyə başladı. Mən orada tanıdıqlarımdan hamısından soruşurdum ki, Moskvada aspiranturada necə oxumaq olar? Məndən əvvəl gedən tələbə yoldaşımdan soruşmuşdum ki, mən orada necə oxuya bilərəm? Baxmayaraq ki, artıq 7 il Topçubaşov adına xəstəxanada işləmişdim, amma ora qəbul olmağın yolunu bilmirdim. Qarşımda bir məqsəd var idi: mən ancaq Moskvada oxumalıyam. Tale elə gətirdi ki, orada oxumaq mənə qismət oldu.
– Necə oldu ki, orada qaldınız?
– Aspiranturada Azərbaycanın hesabına oxuyurdum. Aspirantura müddəti bitəndən sonra orada attestasiya keçirilir. Mənim seçdiyim mövzu sovet hökuməti vaxtında, işlənilməyən bir mövzu idi. Birinci iş olduğuna görə dedilər ki, mövzu yaxşı işlənib və sən bu işi davam etdirməlisən. Mövzunun adı “Ağciyərin zirvəsinin xərçəngi” idi. Orada dedilər ki, sən bu işi davam etdirməlisən. Beləliklə, qalası oldum.
– Bizə məlumdur ki, işlədiyiniz müddətdə böyük zirvələr əldə etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
– O, vaxt Moskvada xəstəxanalarda işə düzəlmək çox çətin idi. Orada belə bir fikir var idi ki, qara milləti işə götürməyin. Onların təsəvvüründə belə idi ki, biz diplomları pulla alırıq. Bu stereotipi onların başından çıxartmaq mümkün deyildi. Bir müddət sonra məni işlədiyim xəstəxanadan başqa yerə köçürtdülər. Orada bir az işlədikdən sonra mən yenidən işlədiyim yerə qayıtdım və baş həkim yenidən məni qəbul etdi. O dedi ki, sənin qara qaşına, qara gözünə vurulmamışam, sadəcə savadına görə səni yenidən isə qəbul edirəm. Mən gördüklərimdən belə qənaətə gəlirəm ki, insan öz sahəsində yaxşı mütəxəssisdirsə, təbii ki, hansı millətdən olmağın da müəyyən hallarda nəzərə alınır, sən sözün əsl mənasında sənətkarsansa onda haqq nahaqqı kəsir. Mən bu xəstəxanada 1983-cü ildən işləyirəm. Xəstəxananın hər yeri mənə məlumdur, gözümü bağlasalar da, mən gedə bilərəm. Bütün savadımı, biliyimi, həyatımı bu xəstəxanaya vermişəm. “Qara millət”ə bir təhər baxıldığı üçün 1983-cü ildən indiyə kimi hər zaman mübarizə aparmışam. O zaman mənim gördüyüm hər işdə bir nöqsan axtarırdılar, işçilərimə sataşırdılar. Onlar belə etməsin deyə, sənin həm dilin, həm də dilçəyin olmalıdır, susdura biləsən. Ümumiyyətlə, vətəndən kənar, başqa millətlərlə işləmək çox çətindir. Onlar nə özü işlə məşğul olmaq istəyirdi, nə də ki başqalarına imkan verirdi.
1993-cü ildə endoskopik cərrahiyyəni tətbiq etdim və əməliyyatlara başladım. Əməliyyatları etməyə qorxurdum, hamısını qorxa-qorxa edirdim, fikirləşirdim ki, həm münasibət pisdir, həm də əlimdən bir fəsad çıxsa, mən nə edərəm? 1993-cü ildə çox çətin bir əməliyyat etdim, işlədiyim şöbədən bir nəfər belə gəlib həmin əməliyyata baxmadı. Mən o zaman şöbə müdiri deyildim, adi həkim idim, mənə xəstə vermirdilər. Təsəvvür edin ki, mən gecə növbətçisi qalırdım, gecə vaxtı xəstələri götürüb, əməliyyat edirdim. Mənim Moskvada heç kimim, əlindən tutanım yox idi. Etdiyim əməliyyatlar 4-5 saat çəkirdi. Mən heç o haqda fikirləşmirdim ki, bu iş mənə gəlir gətirir. Əməliyyat etdiyim xəstələr 2 gündən sonra rahat şəkildə gəzməyə başlayırdılar, bunu da onlar qəbul edə bilmirdilər. Mənə deyirdilər ki, sənin cərrahiyyə otaqda əməliyyatların uzun çəkir. Bizim əməliyyat planını pozursan. Yaxud da ki, deyirdilər ki, sənə kömək edən həkimlər axşama kimi sənlə bir yerdədirlər, öz işləri ilə məşğul ola bilmirlər. Çox maneçiliklər törədirdilər. Amma xəstəxananın keçmiş baş həkimi mənə çox kömək etdi. O zaman Moskva tibbində endoskopik cərrahiyyə şöbəsi yox idi. Bir də görürdün ki, gecə vaxtı kəskin öd kisəsi, korbağırsağı ilə bağlı əməliyyatlar edirdim. Səhər baş həkimə bu əməliyyatları məruzə edirdim. Deyirdi ki, sən məni öldürəcəksən, heç olmaya elə et ki, fəsad olmasın, yoxsa bizi asacaqlar.
Mən bütün qazancımı, gəlirimi işimin inkişafına sərf etmişəm. Mənə deyirlər ki, siz hər şeyi bilirsiniz? Nəyinizə lazımdır ki, bu qədər xərc çəkirsiniz? Mən də deyirəm ki, bu elə bir sahədir ki, burada hər zaman öyrənmək lazımdır. Mənim indi tələbələrim var, indiki gənclər heç nə öyrənmək istəmirlər. Amma biz çətinlik görmüşük deyə, hər şeyin qədrini bilirik. Hər kəsin bir ideyası olmalıdır. İnsan ideya ilə yaşamalıdır. Bəzən deyirlər ki, xoşbəxtlik nədir, xoşbəxtlik bir andır. Xoşbəxtlik daimi deyil. Mən öz sahəmdə ən xoşbəxt adamam. Bu sahədə, mənim yolumda hər zaman yaxşı insanlar olub.
– Siz Moskvada bir sıra adlara layiq görülmüsünüz. Aldığınız mükafatları bilmək maraqlı olardı.

– 1995-ci ildə Hamburqda ümumdünya endoskopik cərrahların qurultayı keçirilirdi. Orada yeni bir metod gördüm. Damarların varikoz genişlənməsi ilə bağlı. Bu daha çox qadınlarda rast gəlinir. Cavan qadınlarda bundan əməliyyat olunan zaman əməliyyatın izi qalır. Bu da qadınlarda kosmetik deffekt yaradır. Buna görə də qadınlar bu əməliyyatlara az hallarda gedirlər, fəsadlı hallarda gedirlər və bu zaman da əməliyyat etdirməyə məcbur olurlar. Varikoz genişlənmə ilə bağlı o metodun tətbiqi üçün 30 min dollarlıq əməliyyat alətləri almaq lazım idi. Mən də adi bir xəstəxanada işləyirdim. O xəstəxananın da onu almaq imkanı yox idi. İlk dəfə Rusiyada bir çox xəstəxanalarda biz o metodu tətbiq etdik. Buna görə ilk dəfə Moskva hökumətinin dövlət mükafatını aldım. Sonra isə endoskopik cərrahiyyənin tibbi texniki akademiyasının üzvü seçdilər, qızıl medal, tərifnamələr verdilər. Daha sonra isə Rusiyanın əməkdar həkimi adına layiq görüldüm.
Mən cərrahiyə ilə məşğul olmamışdan öncə bir hobbim var idi ki, həmişə məşhur cərrahların fəaliyyəti ilə maraqlanırdım.
– Sonuncu əməliyyatınız haqda nə deyə bilərsiniz?
– Mədəaltı vəzinin xərçəngi ilə bağlı olub bu. Həyat üçün lazım olan damarlar, sinirlər hamısı mədəaltı vəzindən keçir. Texniki cəhətdən mədəaltı vəzə yaxınlaşmaq çox çətindir. Mədəaltındakı vəzdəki şiş böyüyəndə o digər orqanlara keçir. Ona görə də bu işlə məşğul olmaq çox adamın xoşuna gəlmir. Həm də bu, çox ağır bir əməliyyatdır.
Mədəni kəsib götürmək çox böyük bir əməliyyat hesab olunurdu. Mən mədəaltı vəzinin xərçənginin əməliyyatını Azərbaycanda kiminsə etdiyini bilmirəm. Çünki Azərbaycanda edilən əməliyyatlar haqqında biz bilirdik. Mən tələbə olanda da, işləyəndə də belə bir əməliyyat görmədim. İşlədiyim Topçubaşov adına klinika ən böyük və bərk gedən klinikadır ki, işlədiyim 7 il müddətində mən orada belə bir əməliyyat görmədim. Onkologiyada da buna rast gəlmədim. Amma bilirdim ki, Moskvada bunu kimlər edir. Bu, çox travmatik bir əməliyyatdır, siz təsəvvür edin ki, mədə, on iki barmaq bağırsaq, od yolları, bağırsaq kəsilir. Bunları kəsmək asandır, amma bunları yenidən rekonstruksiya etmək lazımdır. Buna görə bu, çox çətin əməliyyatdır, 40-dan çox rekonstruksiya növləri var.
Bu əməliyyatı etmək fikri məni gecə-gündüz yatmağa qoymurdu. 5 il mən bu əməliyyat haqında fikirləşirdim. Əməliyyatı məndən cavan bir həkim edir. Ona tibbi firmalar əməliyyat üçün lazım olanlara təmin edir. Bu əməliyyatda istifadə olunan alətlər də çoxdur onlar bu əməliyyatı edərkən endoskopik yolla mədəaltə vəzin o hissəsini kəsib çıxartdılar. Təkcə kəsilmə üçün 11 saat vaxt sərf etdilər, amma rekonstrusiya etmədilər. Mən isə gecə-gündüz fikirləşirdim ki, mən bu əməliyyatı etməliyəm. Bu əməliyyatı etmək üçün mənə iki aparat lazım idi. Onun birinin qiyməti 1 milyon 500 manat, digərinin isə 2 milyon yarımdır. Bunu da bizim xəstəxananın alma qabiliyyəti yox idi. Mən 5 il idi ki, bu alətləri toplayırdım, deyirdim ki, bu əməliyyatı etməyib, öldümsə, daha bu nə yaşayış oldu, mən bunu mütləq etməliyəm. Ya bunu edim alınsın, ya da ki alınmasın, ondan sonra mən bu işdən əl çəkim. Axır ki, mən bu alətləri toplayıb, əməliyyatı yerinə yetirdim. Mən bilirdim ki, bu əməliyyatın öhdəsindən gələ biləcəm. Əvvəlcə xəstəni müayinə etdim, orada müəyyən əlamətlər var ki, onunla təyin edə bilərsən ki, sən bu şişi çıxarda bilərsən, ya yox. Mən əvvəlcədən hiss edirdim ki, bu əməliyyatı edə biləcəm. Öncədən bilirdim ki, uzun əməliyyat olacaq, əməliyyat qrupuna yemək-içmək gətirmişdim. Demişdim ki, kim qalmaq istəmirsə, bəri başdan getsin və bir də məni əsəbiləşdirməyin. Əməliyyatı uğurla həyata keçirdim, əməliyyatdan çıxandan sonra sanki heç bir əməliyyatdan çıxmamışdım. Özümü çox rahat hiss edirdim. Hətta ikinci bir əməliyyat da edə bilərdim.
Səhərə yaxın gördüm ki, xəstə özünü çox yaxşı hiss edir.
– Azərbaycanın bugünkü səhiyyə durumunu necə qiymətləndirirsiniz?
– Neftçilər xəstəxanasında Kənan adlı bir həkim mənim Rusiyada əməkdar həkim adını almağımı bilib. O, endoskopiya şöbəsinin müdiridir. Kənan həkim bir gün mənə məktub yazdı ki, ilk dəfə Türk Azərbaycan endoskopik cərrahlarının qurultayını keçiririk. Xahiş edirik ki, sizdə iştirak edəsiniz. Mən də qurultayda işləmək məqsədi ilə Azərbaycana gəldim və biz görüşdük. Gördüm ki, burada iştirak edənlərin hamısı cavanlardır, əksəriyyətini tanımıram. Mən əvvəlcə qurultayın planı ilə tanış olmuşdum və fikirləşdim ki, Azərbaycanda bütün sahələrdə endoskopik cərrahiyə var. Sən demə, bu, heç də belə deyilmiş. Sadəcə türklər bunlara dərs keçirlər, video çarxlarla tanış edirlər. Türklərdən biri çıxış etdi və sual verdi ki, kim öd daşının xəstəliklərini endoskopik yolla əməliyyat edir? Cəmi 3 nəfər əlini qaldırdı. Mən belə bir halın olmasına çox məəttəl qaldım. Mən çıxış edən zaman bildirdim ki, 32-33 ildən sonra ilk dəfə olaraq, Azərbaycan dilində çıxış edirəm. Dedim ki, əvvəlcə məni də bu qurultaya dəvət etdiyiniz üçün sizə minnətdaram və mənim bir arzum var ki, birdə nə vaxtsa belə bir sual verilsə, 3 nəfər yox, hamı əlini qaldırsın. Çünki belə bir halın olması məni çox məyus etdi. Mənim bu çıxışımdan sonra hamı alqışladı, çünki mən onların ürəyindən xəbər verirdim.
Nihadə Eyyubova