Modern.az

Ramili hədəfə çevirmək təhlükəsi

Ramili hədəfə çevirmək təhlükəsi

Ölkə

31 Avqust 2012, 17:31

Ramil Səfərov azadlıqdadır. Neçə illərdir qəhrəmanımız bildiyimiz Ramil Bakıya gətirilən kimi də azadlığa buraxılıb.  Çox gözəl! Buna sevinən hər birimizin gözləri çoxlu-çoxlu aydın olsun!  Arzu edək ki, Ramil bundan sonra da vətəninə, vətəndaşlarına həmin sevgisini yaşadacaq və onun dövlətinə, xalqına xor baxanın elə həmişə də bu tərzdə - yerindəcə və sərt şəkildə cavabını verəcək! 

Amma Allah xatirinə, gəlin Ramili bədbəxt eləməyək!  Aydındır, başımıza gələnlər və gətirilənlər bir dövlət kimi, bir xalq, bir millət kimi bizi elə bir vəziyyətə salıb ki, gecə-gündüz müasir Koroğlu, Qaçaq Nəbi axtarışında olmuşuq. Qəhrəman aclığı çox vaxt bizi, ümumiyyətlə, kökündən səhv ünvanlara sürükləyib.

Azərbaycan üçün bir daşı daş üstünə qoymayan, yalnız öz şəxsi maraqlarının diktəsi ilə hərəkət edən, bu yolda xalqın müqəddəs saydığı, ağına-bozuna baxmadan  bütün dəyərlərini alətə çevirən çox adamları ədalətsizcəsinə qəhrəman eləmişik. Adını iftar qoyub orucluqda dərdləşmək üçün imkanlı dostlarını başına yığıb şam eləyənə «xeyriyyəçi» demişik, hamımızın zəhləsi gedən “JEK” müdirinə onun qonşunun evini isladan su borusunu düzəltdirmədiyinə görə bir şillə ilişdirən məhəllə uşağını «vətənpərvər» bilmişik,  tatami üzərində öz borcunu yerinə yetirib qələbə qazanan idmançını «milli qəhrəman» elan eləmişik və sairə və ilaxıra. 

Təəssüf ki, bu cür nümunələr çoxdur və son illərin mənzərəsi göstərir ki, içi mən qarışıq, psixoloji cəhətdən yaxşı durumda olmayan, ciddi ruhi sarsıntı keçirən camaatımız qəhrəman obrazına təşnədir. Elə buna görə də hər dəfə həbsxananın qapısı cırıldayanda, ordan çıxanın kimiliyindən, keçmişindən, ora niyə və necə düşməyindən  asılı olmayaraq, onu qəhrəmana çevirməyə can tatmışıq. İçəridən çıxan da həbsxana qapısının ağzında gördüyü mənzərədən elə şaşırıb ki, inana bilməyib ki, xalq onun pişvazına çıxıb. Çünki xəbəri yoxdur ki, biz onu özümüz - min bir gecə nağılı kimi, haqqında danışa-danışa, tərifləyə-tərfiləyə, gözümüzdə böyüdə-böyüdə,  ən ağıllımız, ən cəsarətlimiz, ən qoçağımız, ən… ən…ən böyük qəhrəman eləmişik. Və ən pisi budur ki… onu hədəfə çevirməklə həm də bədbəxt eləmişik. O, daha əvvəlki kimi ayağını çəkə-çəkə yeriyə bilməz, dükana girib cibinə uyğun konfet ala bilməz, «Jiquli»də gəzə bilməz, ucuz ayaqqabı geyinə bilməz, dostu ilə küçədə danışıb-gülə bilməz…….. və nahəyət, o, səmimi ola bilməz. Çünki o qəhrəmandır və onun bütün həyatı buna hesablanmalıdır.
Ramil Səfərov nə Eynulla Fətullayevdir, nə Ruslan Bəşirlidir, nə də Elnur Məmmədlidir.

Ramil Səfərov  təsvirini verdiyim, adlarını çəkdiyim şəxslərlə müqayisəyə də gəlməz. Sadəcə, onu da eyni mexanizm üzrə hazırlanmış təhlükə gözləyir. Çünki təzəcə azadlığa çıxmış Ramilin boynuna elə dərhal da ikinci bir məsuliyyəti qoymaq, ən azı,  ədalətsizlikdir. İnsan bütün ömrü boyu qəhrəmanlıq edə, həmişə hamıdan ağıllı ola bilməz. Onun bundan sonra hər addımını izləməklə, hər kəlməsini böyütməklə daim gündəmdə saxlayıb  hədəfə çevirməyin, aldığı hər nəfəsi  yerli-yersiz yozmağın arxasında bir insan taleyi dayanır. Bu gün o bizimdir, qəhrəmanımızdır. Ona bu adı özümüz vermişik. Amandır, gəlin ona rəhm eləyək!  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı