Modern.az

Prezident olmaq istəyənlərə...

Prezident olmaq istəyənlərə...

Ölkə

11 Aprel 2013, 10:27

İki il bundan qabaq idi. “Xalq qəzeti”ndə işləyirdim. Dostlarım İbrahim, Cavanşir və daha bir nəfər Kiyevə gedirdilər. Mənim də yaxşı yol yoldaşı olmağımı nəzərə alaraq, onlarla getməklərini təklif etdilər. Həmən qəbul elədim. Amma, baş redaktorumuz etiraz etdi: “Mahiri aparacaqsınız, geri qayıtmayacaq, onda ailəsinə, Sevincə nə cavab verəcəksiniz?”.
Nə isə, dostlarım (əgər bundan sonra onlara dost demək mümkünsə) xəlvətcə təyyarəyə oturub getdilər. Onda Ukrayna prezident seçkiləri ərəfəsindəydi. Yanukoviç əvvəlki seçkiləri uduzmuşdu. Növbəti dəfə prezidentliyə namizəd idi.
Bayaq qeyd etdiyim kimi, yaxşı yol yoldaşıyam. Bundan əvvəl İbrahim və Cavanşirlə Tiflisdə olmuşduq. Mənim qardaşım, bacım yoxdur. Amma səfərdə özünü yaxşı aparırsansa, yolçuların səni qardaşlığa götürürlər.   
Tiflisdə olanda Rustavi prospektində hər gün mitinq idi. Bir-ikisində biz də iştirak elədik. İbrahim dedi ki, bəlkə bir yazıdan-zaddan yazasan, verək qəzetdə. Dedim ki, yox. Soruşdu ki, niyə? Dedim ki, görmürsən, ancaq öz çaxırlarını içirlər. Rus vodkası istəyəndə adama əyri-əyri baxırlar. Belə çıxır ki, vodka çaxırdan pisdir? Belə çıxır ki, pelmeni gürcü xingalından pisdir? Dedik, gülüşdük. 
İbrahim özünü yeyib-içən adam sayır. Amma günlərin bir günü sual verdim ki, ay İbrahim, niyə araq içəndə şor xiyarla “zakuska” edirlər? Bilmədi. Sual verdim ki, ay İbrahim, niyə araq içəndə badələri bir-birinə toqquşdurular? Bilmədi. Axı, niyə toqquşdurmağın, xiyar yeməyin mənasın bilmir, amma bunları edir? Bəlkə pis şeydir?
İzah etdim. Dedim ki, İbrahim rusların vodkasını içəndən sonra bədəndə katalizator rolunu oynayır. Qan dövranı yaxşılaşır, böyrək iki dəfə yaxşı işləməyə başlayır, əhval-ruhiyyə artır. Dostların, düşmənlərin yadına düşür. Gözlərində göz yaşları yaranır. Səmimi olursan. Ürəyinə gələn dilinə gəlir. Hətta dahi, prezident olursan. Nazirləri işdən çıxarıb, dostlarını vəzifəyə qoyursan. Arvaddan qorxansansa, arvadı döyürsən. Polis yaxınlaşanda paqonun cırıb əlinə verirsən. Tualetdə olsan belə, iy bilmirsən. Hər şeyi unutdurur sənə bu rus vodkası. Amma bilirsənmi arağı niyə duzlu xiyarla zakuska edirlər? Çünki araq həm də bədəndən duzları qovur. Duzlu xiyar balansı bərpa edir. Araq bu qədər ruhi təsir edirsə də, təkcə xiyar yalnız fiziki təsir edir, duzun bərpasına kömək edir.
O ki, qaldı toqquşdurmağa... o bizə araqdan yox, çaxırdan miras qalıb. Keşmişdə şərabı taxta stəkanlarda verirdilər, toqquşdururdular, özü də zərblə. Bir-birini zəhərləmək üçün də məhz çaxırdan istifadə edirdilər. İçən qarşısındakının onun düşməni olub-olmamasını bilmək üçün, yaxud da qonaq eləyən dostunun ondan şübhələnməməsi üçün şərabı ləb-a-ləb doldururdu. Toqquşduranda isə şərab bir stəkandan o birisinə qarışırdı. Yəni ki, ay dost, piyalələrdə zəhər yoxdur. Amma, şərab vodka deyil. Birbaşa qaraciyərə təsir edir, serroz yaradır.
Bu gürcülər isə şərabı bizə buynuzlarda verirdilər.
Xalq yazıçısı Mirzə İbrahimovun başına gəldiklərini bilirsiniz də: Mirzə müəllim, içən deyilmiş. Günlərin bir günü Gürcüstanda diplomat kimi qonaq olur. Adət olaraq buynuzu doldurub təqdim edirlər Mirzə müəllimə. O da rumka deyil ki, altı olsun, nəzakət, diplomatik etiket naminə    dilinə vurub qoysun yerə. Məcbur olub axıracan içib şərabı. Bir dəfə də Fransada qurbağa budunu bu cür həzm etmişdi.
İndi biz də buynuzlarda məcbur olub içirdik şərabı. Araq istəyəndə isə əyri-əyri baxırdılar üzümüzə.
Nə isə... İbrahim və Cavanşir məni Ukraynaya aparmadılar. Müdirimin sözüylə. Amma Gürcüstana gedəndə o, etiraz etməmişdi. Özləri isə getdilər. Gəzdilər, dolandılar, qayıtdılar.    Soruşdum ki, İbrahim, necə oldu səfəriniz? 
Cavabını eşidər-eşitməz bir şeyi xatırladım. Az.TV-də işləyəndə Şeyxülislam həzrətlərini Dağıstan səfərində kameramla müşayiət edirdim. Səfər 3 gün çəkdi. Qayıdanda baş redaktorun müavini Mülatif Adurov soruşdu ki, “necə oldu?” Dedim ki, Mülatif müəllim, Kaspidə - mehmanxanada gözəl səhər yeməyi verirdilər. Blinçik, aladi, qaymaq, bal, pendir.
Mülatif müəllimsə gülümsəyərək dedi: “Yəni, Mahir, sənin o boyda Dərbənd səfərindən bir dənə pendir yadında qaldı?”
İndi mən də İbrahimdən təəssüratlarını soruşanda dedi:
“Mahir, ukrainlər çox qəribə millətdirlər e... Rus vodkası içirlər, üstündən Amerika “Coka-Cola”sı ilə zakuska edirlər”.
Üstündən az bir müddət keçdi... Beş il əvvəl prezident olmaq istəyən Yanukoviç seçkilərdə qalib gələ bulməmişdi. Çünki qanunlara əsasən rus vodkası içib şor xiyarla zakuska edirdi. Beş il müddətində isə çox şeylər ona əyan oldu. Artıq rus vodkası içib Amerikan “Coca-cola”sı ilə zakuska etməyin vacibliyini anladı. Və Yanukoviç prezident seçkilərində qalib gəldi.    Saakaşvili isə indi də rus vodkasına barmaqarası baxır. Buynuza doldurulmuş çaxıra və Amerika “Coca-Cola”sına üstünlük verir. Çaxırla “Coca-cola” heç uyuşmur. Necə ki, Saakaşvili prezidentdir, partiyası isə müxalifətdə..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı