Türkiyə Qəzetçilər Federasiyası (TQF) ilə Azərbaycan Parlament Jurnalistlər Biriliyi arasında əldə olunmuş razılaşmaya əsasən 2010-cu il qardaş ölkənin mətbuatı üçün “Qarabağ ili” elan olunub. Bunun tərkib hissəsi kimi TQF artıq Türkiyədə silsilə tədbirlərə start verib. Belə ki, Ankara, Alanya və İzmirdə “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar şəkillərdə” adlı fotosərgi keçirilib.
Bu tədbirlərdə TQF genel başkanı Atilla Sertel (o, həm də İzmir Qəzetçilər Cəmiyyətinin rəhbəridir-E.E) və genel başkan yardımçısı Mehmet Əli Dim şəxsən iştirak ediblər. Eyni adlı tədbirin keçiriləcəyi növbəti ünvan isə Kayseri olacaq. Atilla “məndən Azərbaycana salam aparın və basın olaraq hər zaman yanınızda oldacağımızı söyləyin” dedi.
Bu ilin sonuna qədər Türkiyənin bir çox bölgəsində “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar şəkillərdə” adlı fotosərginin keçiriləcəyinə söz verdi...
İndi isə İzmir Tarixi Hava Qazı Fabrikasındakı muzey salonunda ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı fotosərgi barədə.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev də iştirak edib.
Nümayəndə heyətinə bizdən başqa Şuranın üzvü Əliməmməd Nuriyev və qurumun mətbuat katibi Səfər Alışarlının daxil idi.
İzmir hava limanında bizi dövlət tərəfindən ayrilmış mühafizə qarşıladı və biz geri dönənədək onlar bizi müşayiət etdilər.
İzmirə yetişdiyimiz gün Azay Quliyev və Əliməmməd Nuriyev “Yeni Əsr” TV-de canlı verilişdə qonaq oldular. Açiğını söyləyim ki, millət vəkilimizin çıxışı ertəsi gün keçiriləcək sərgidə insanların daha da çox gəlməsinə səbəb oldu.
Sərgi İzmir Tarixi Hava Qazı Fabrikasındakı muzey salonunda-tarixi bir məkanda keçirildi. Çox böyük bir sərgi idi. Demək olar ki, İzmir şəhərinin bütün dövlət qurumlarının, partiyaların, QHT-lərin, KİV-lərin nümayəndələri sərgiyə toplaşmışdı. İzmirdəki soydaşlarımız da sərgiyə qatılmışdılar. İzmir bütünlüklə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə “yox” demək üçün buraya toplaşmışdı. Millət vəkili Azay Quliyevin “Bu tədbir yalnız azərbaycanlıların dərdini anlatmır, əsl soyqırımın məhz ermənilər tərəfindən törədildiyini fotolarla sübut edir. 24 apreli ermənilər bütün dünyada uydurma “soyqırım” günü kimi qələmə verirlər. Biz buraya həm də 24 apreldə Türkiyənin yanında olduğumuzu bəyan etməyə gəlmişik” deməsi sərgiyə marağı xeyli artırmış oldu. NTV, TRT kimi telekanallar bu məsələyə böyük yer ayırdılar.
Onu da qeyd edim ki, fotosərgidə XX yüzilliyin əvvəllərindən indiyədək ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar-Quba, 20 Yanvar, Xocalı, Agdaban vəhşətlərindən şəkillər nümayiş etdirilirdi. Həmçinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu istiqamətdə çap olunmuş 20 addan artıq kitab, millət vəkili Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının hazırladıqları iki dildə “Ermənilərin törətdikləri soyqırımın qurbanı- Bağanıs Ayrım” nəşri və yenə Şuranın dəstəyi ilə çəkilmış filmlər, Qənirə Paşayevanın hazırladığı filmlər iştirakçəlara paylanıldı.
Bu sərgi İzmir Tarixi Hava Qazı Fabrikasındakı muzey salonunda bir həftə davam edəcək və sonra İzmir İqtisad Universitetində də təkrar bir həftə nümayiş etdiriləcək.
Doğrusu bəzən belə tədbirlərin Türkiyədə keçirilməsnə ehtiyac olmadığı söylənilir. Məsələnin zahiri görüntüsü elədir ki, ilk anda hər birimiz bu söylənilənləri müdafiə edirik. Amma məsələnin daxilinə varanda tamamilə başqa mənzərənin şahidi olursan və buna görə də belə tədbirlərin Türkiyədə də keçirilməsinə böyük ehtiyac olduğunu görürsən... Özü də çox ehtiyac... Alanyadan başlanan sərgi yaxın zamanlarda bütün Türkiyəni əhatə edəcək.
Sərgidən sonra Azərbaycan nümayəndə heyəti İzmir böyük şəhər bələdiyyə başkanı, İzmir şəhər valisi, Sənaye Odası, Ticarət Odası və sair yerləri ziyarət edib rəsmilərlə görüşərək ortaq dərdlərimizi bölüşdü