Azərbaycan dövləti tərəfindən mediaya hər zaman yüksək diqqət göstərilib, lakin xaricdə fəaliyyət göstərən bəzi şəxslər ölkə əleyhinə həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra senzuranı ləğv edib, mətbuata dövlət dəstəyi göstərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dövründə isə media nümayəndələri üçün yaşayış binaları tikilib, mənzillər verilib, qəzetlərə maliyyə dəstəyi göstərilib və bu məqsədlə Mətbuat Fondu yaradılıb.
Siyavuş Novruzov qeyd edib ki, buna baxmayaraq, xaricdə yaşayan və Azərbaycanın dövlət siyasətini qəbul etməyən bəzi şəxslər ölkə, xalq, ordu və dövlət başçısı haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
"Qanunvericiliyimizdə bu məsələlərə çox ciddi yanaşmalıyıq", – deyə deputat vurğulayıb.
Deputat bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və tarixi faktlar təhrif edilməməlidir.
"Bu gün bəzi şəxslər bu uğurlardan yazmaq əvəzinə Ağdamın işğalına görə bugünkü hakimiyyəti ittiham etməyə çalışırlar. Halbuki bununla bağlı məhkəmə qərarları mövcuddur. Tarixi saxtalaşdırmaq olmaz", – deyə Siyavuş Novruzov qeyd edib.
O əlavə edib ki, Almaniyada və digər ölkələrdə yaşayan bəzi şəxslərin Azərbaycan əleyhinə fəaliyyətinin araşdırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsi vacibdir.
Deputat vurğulayıb ki, Azərbaycan tarixdə ilk dəfə ərazi bütövlüyünü tam təmin edib və bu nəticə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunub.