Modern.az

Sosial şəbəkələrə axan reklam vəsaitlərinin qarşısı alınmalıdır - deputat

Sosial şəbəkələrə axan reklam vəsaitlərinin qarşısı alınmalıdır - deputat

Ölkə

Bu gün, 12:16

Media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, daxili reklam bazarının qorunması və peşəkar jurnalistikanın inkişafı informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elçin Mirzəbəyli media və yayım sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hazırda yerli media təkcə ölkə daxilində fəaliyyət göstərən media qurumları ilə deyil, həm də beynəlxalq rəqəmsal platformalarla rəqabət aparır.

"Bu gün beynəlxalq platformalar reklam bazarının əhəmiyyətli hissəsinə sahibdir. Halbuki informasiyanı hazırlayan, hadisə yerinə gedən, araşdırma aparan, müsahibə götürən, reportaj hazırlayan və ictimai maraqlara xidmət edən tərəf yerli media subyektləridir. Buna görə də daxili reklam bazarının qorunması və sosial şəbəkələr üzərindən reklam vəsaitləri axınının qarşısının alınması təkcə iqtisadi deyil, həm də informasiya təhlükəsizliyi məsələsidir", – deyə o vurğulayıb.

Elçin Mirzəbəyli qeyd edib ki, rəqəmsal transformasiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlər getdikcə aradan qalxır. Onun sözlərinə görə, texnologiyalar dəyişsə də, peşəkar jurnalistika və yaradıcı insan amili öz əhəmiyyətini qoruyacaq.

Deputat bildirib ki, hazırda dünya mediasının əsas problemlərindən biri peşəkar jurnalistikanın keyfiyyət böhranı ilə üzləşməsidir.

"Araşdırma jurnalistikası əvvəlki təsir gücünü itirib, reportaj, müsahibə, resenziya və digər klassik janrlar sıradan çıxmaqdadır. Xəbər çoxalır, fikir istehsalı isə əksinə azalır", – deyə o qeyd edib.

Elçin Mirzəbəyli ümid etdiyini bildirib ki, yaradılması nəzərdə tutulan yeni təsisat media subyektlərinin iqtisadi dayanıqlılığının gücləndirilməsi ilə yanaşı, peşəkar jurnalistikanın iqtisadi əsaslarının, janr müxtəlifliyinin, müəllif məktəblərinin və dil mühitinin qorunmasına da xüsusi diqqət ayıracaq.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu