Modern.az

Xaricdə təhsil alan həkimlər ölkəyə qayıdanda işsiz qalırlar - ETİRAZ

Xaricdə təhsil alan həkimlər ölkəyə qayıdanda işsiz qalırlar - ETİRAZ

Ölkə

Bu gün, 12:38

Xaricdə ali tibb təhsili və ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşlarının ölkəyə qayıtdıqdan sonra diplom və ixtisaslarının tanınması prosesində mövcud olan problemlər aradan qaldırılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu yaxınlarda Rusiyanın Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda klinik ordinaturanı (rezidenturanı) uğurla başa vurmuş, iki azyaşlı övladı olan 30 yaşlı həkimdən müraciət alıb.

Onun sözlərinə görə, həkim ölkəyə qayıtdıqdan sonra bir ilə yaxındır müxtəlif dövlət qurumlarına müraciət etsə də, ixtisasının tanınması və peşə fəaliyyətinə başlaması ilə bağlı məsələ həllini tapmayıb.

"Bu, təkcə bir insanın problemi deyil. Xaricdə yüksək ixtisaslı təhsil almış, ölkəsinə xidmət etmək istəyən mütəxəssislərin sistemə inteqrasiyasında mövcud olan gecikmələrin və hüquqi qeyri-müəyyənliyin göstəricisidir", – deyə deputat vurğulayıb.

Rəşad Mahmudov qeyd edib ki, xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərin yaradılmasına ehtiyac var.

Deputat bildirib ki, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin təmsil olunduğu komissiya fəaliyyət göstərsə də, bəzi hallarda qərarların qeyri-müəyyən qalması ciddi problemlər yaradır.

"Həkim çatışmazlığından danışdığımız bir vaxtda xaricdə təhsil almış peşəkar kadrların səhiyyə sisteminə inteqrasiyasını çətinləşdirən mühit formalaşdırmamalıyıq", – deyə o bildirib.

Rəşad Mahmudov vurğulayıb ki, sui-istifadə hallarının qarşısının alınması və keyfiyyət standartlarının qorunması vacibdir. Bununla yanaşı, proses qeyri-müəyyənliklə deyil, ölçülə bilən, şəffaf və hüquqi cəhətdən dəqiq müəyyən edilmiş qaydalar əsasında tənzimlənməlidir.

Deputat əlavə edib ki, qəbul edilən qərarlar təkcə prosedurlara deyil, insanların taleyinə də təsir göstərir və bu məsələyə həm insan hüquqları, həm səhiyyədə kadr təminatı, həm də gənc mütəxəssislərin motivasiyası baxımından yanaşılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu