Azərbaycanda yaşlı valideynlərə ev şəraitində qulluq etdiyi üçün əmək fəaliyyətini dayandıran və ya işləyə bilməyən şəxslərə ayrıca sosial müavinətin verilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Bir sıra ölkələrdə belə mexanizmlər tətbiq olunsa da, Azərbaycanda hazırda yalnız I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün Prezident təqaüdü nəzərdə tutulur.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, yaşlı və ya əlil valideynə baxmaq məqsədilə işləməyən şəxslərə birbaşa dövlət tərəfindən sosial müavinət verilməsi beynəlxalq təcrübədə daha çox Avropa ölkələrində tətbiq edilir.
Deputatın sözlərinə görə, Böyük Britaniyada yaşlı şəxsə həftədə ən azı 35 saat qulluq edən və işləməyən, yaxud gəliri müəyyən həddi aşmayan şəxslərə "Baxıcı müavinəti" təyin olunur. MDB məkanında isə bu model tam şəkildə əsasən Rusiya və Belarusda tətbiq edilir.
"Belarusda 80 yaşdan yuxarı və ya I qrup əlillərə qulluq edən işləməyən şəxslərə dövlət tərəfindən yaşayış minimumu səviyyəsində aylıq müavinət verilir. Müavinətin məbləği qulluq edilən şəxslərin sayından asılı olaraq dəyişir. Qulluq edilən şəxs həm I qrup əlil, həm də 80 yaşdan yuxarı olduqda, müavinət yaşayış minimumunun 120 faizini təşkil edir. Müavinəti almaq üçün əsas şərtlər həmin vətəndaşın işləməməsi və təqaüd almamasıdır", - deyə o bildirib.

Əli Məsimli qeyd edib ki, bəzi ölkələrdə birbaşa müavinət tətbiq olunmasa da, yaşlılara qulluq edən ailə üzvləri üçün alternativ dəstək mexanizmləri mövcuddur.
"Yaponiyada yaşlılara qulluq edən qohumlar üçün birbaşa müavinət əvəzinə Uzunmüddətli Qayğı Sığortası sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində yaşlılara qulluq üçün kompensasiya, ödənişli qayğı məzuniyyəti, ailələrin xərclərini azaldan sosial xidmət subsidiyaları və məşğulluq sığortası sistemindən ödənişlər həyata keçirilir", - deputat vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində yaşlı, lakin əlilliyi olmayan valideynə qulluq edən şəxslər üçün ayrıca aylıq sosial müavinət və ya təqaüd nəzərdə tutulmayıb.
O hesab edir ki, belə bir mexanizmin tətbiqi ailələrin maliyyə təminatının gücləndirilməsi və yaşlılara qayğının artırılması baxımından əhəmiyyətli olardı. Lakin bunun üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti tələb olunur.
"Təbii ki, yaşlı valideynlərə ev şəraitində qulluq edən, bu səbəbdən işləyə bilməyən və ya əmək fəaliyyətini məhdudlaşdıran şəxslər üçün ayrıca sosial müavinət və ya dəstək mexanizminin Azərbaycanda da tətbiq edilməsi vacibdir. Lakin beynəlxalq praktikadan da məlum olduğu kimi, belə sistemin tətbiqi əlavə maliyyə tələb etdiyindən hazırkı reallıqlar şəraitində yaxın vaxtlarda yaşlı valideynə baxmaq məqsədilə işləməyən şəxslərə ayrıca dövlət müavinətinin verilməsi real görünmür", - deyə Əli Məsimli bildirib.
Deputat əlavə edib ki, perspektivdə beynəlxalq təcrübə nəzərə alınaraq yaşlı valideynə qulluq edən şəxslər üçün sosial müavinət, kompensasiya, pensiya və əmək stajının hesablanması, eləcə də sığorta stajına dövlət tərəfindən pensiya balının əlavə olunması kimi mexanizmlərin tətbiqi sosial ədalətin təmin edilməsi baxımından faydalı ola bilər.