Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədən şəxslərin sayı son üç ildə azalıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə 2026” məcmuəsində məlumat yer alıb.
Statistikaya görə, narkotiklə bağlı cinayət törətmiş şəxslərin sayı 2023-cü ildə 8 697 nəfər olduğu halda, 2024-cü ildə 7 245 nəfərə, 2025-ci ildə isə 5 657 nəfərə enib.
Yaş bölgüsünə baxdıqda ən böyük payın 30 və yuxarı yaş qrupunun üzərinə düşdüyü görünür. Belə ki, bu kateqoriyada narkotik cinayəti törədənlərin sayı 2023-cü ildə 6 777 nəfər, 2024-cü ildə 5 628 nəfər, 2025-ci ildə isə 4 445 nəfər olub.
18-29 yaş arasında olan şəxslər üzrə də azalma qeydə alınıb. Bu yaş qrupunda narkotiklə bağlı cinayət törədənlərin sayı 2023-cü ildə 1 904 nəfərdən 2024-cü ildə 1 613 nəfərə, 2025-ci ildə isə 1 195 nəfərə düşüb.
14-17 yaş qrupu üzrə rəqəmlər daha aşağı olsa da, bu kateqoriyada dalğalanma müşahidə olunub. Belə ki, 2023-cü ildə 16 nəfər, 2024-cü ildə 4 nəfər, 2025-ci ildə isə 17 nəfər narkotiklə bağlı cinayət törədib.
Məcmuədə yer alan digər rəqəmlərə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin ümumi sayı da azalıb: 2023-cü ildə 10 057, 2024-cü ildə 8 863, 2025-ci ildə isə 7 763 fakt qeydə alınıb.