Azərbaycanda qadınların və kişilərin say üstünlüyü yaş qruplarına görə fərqlənir. Rəsmi statistika göstərir ki, uşaq və gənc yaşlarda kişilər çoxluq təşkil edir, qadınların üstünlüyü isə əsasən orta yaşlardan sonra başlayır.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı ilin əvvəlinə ölkə üzrə ümumilikdə hər 1000 kişiyə 1009 qadın düşüb. Bununla belə, yaş qrupları üzrə bölgü fərqli mənzərə ortaya qoyur.
Belə ki, 0-4 yaş qrupunda hər 1000 kişiyə 884 qadın, 5-9 yaş qrupunda 882 qadın, 10-14 yaş qrupunda 879 qadın, 15-19 yaş qrupunda 872 qadın, 20-24 yaş qrupunda isə 870 qadın düşür. Bu da həmin yaşlarda kişilərin say üstünlüyünü göstərir.
25-29 yaş qrupunda da kişilər hələ üstünlük təşkil edir. Bu yaş kateqoriyasında hər 1000 kişiyə 966 qadın düşür.
Qadınların say üstünlüyü isə 30-34 yaş qrupundan başlayır. Belə ki, bu yaş aralığında hər 1000 kişiyə 1066 qadın düşür. 35-39 yaş qrupunda bu göstərici 1054, 40-44 yaş qrupunda 1029 olur.
45-49 yaş qrupunda qadın və kişilərin sayı faktiki olaraq bərabərləşir. Statistikaya görə, bu yaşda hər 1000 kişiyə 1000 qadın düşür.
Bundan sonrakı yaş qruplarında isə qadınların üstünlüyü daha da artır. 50-54 yaş qrupunda hər 1000 kişiyə 1054 qadın, 55-59 yaş qrupunda 1115 qadın, 60-64 yaş qrupunda 1177 qadın, 65-69 yaş qrupunda 1205 qadın düşür. 70 və yuxarı yaş qrupunda isə bu göstərici 1326 qadına çatır.