Azərbaycan müstəqillik tarixinin yeni mərhələsini yaşayır. Ölkəmiz artıq bir ildir ki, regionda sülh şəraitində inkişaf edir. Bu reallıq təsadüfən yaranmayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsası qoyulan siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına, eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik mühitinin formalaşmasına gətirib çıxardı.
2025-ci il Azərbaycanın siyasi tarixində xüsusi yer tutur. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri təkcə Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə çıxarmadı, həm də Ermənistan-Azərbaycan münaqişəsinə siyasi müstəvidə son qoyan mühüm hadisə oldu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan döyüş meydanında qazandığı Zəfəri siyasi müstəvidə təsdiqlədi.
Bu gün dünya Azərbaycanın sülh təcrübəsini öyrənir. İşğala məruz qalan, etnik təmizləməyə və humanitar faciələrə məruz qalmış bir ölkənin öz ərazi bütövlüyünü bərpa etdikdən sonra məğlub tərəfə sülh təklif etməsi beynəlxalq münasibətlər tarixində nadir nümunələrdəndir. Bu, Azərbaycanın beynəlxalq hüquqa, ədalətə və uzunmüddətli sabitliyə sadiqliyinin göstəricisidir.
Bugünkü uğurlarımızı düzgün qiymətləndirmək üçün müstəqilliyimizin ilk illərinə nəzər salmaq kifayətdir. AXC-Müsavat hakimiyyəti dövründə ölkədə siyasi xaos hökm sürürdü, dövlət institutları iflic vəziyyətinə düşmüşdü, torpaqlarımız işğal olunurdu. Hakimiyyət uğrunda daxili çəkişmələr Azərbaycanın beynəlxalq aləmdə zəifləməsinə və regionda mövqelərinin sarsılmasına səbəb olmuşdu.
Həmin dövrdə Ermənistanın və erməni diasporunun apardığı təbliğat nəticəsində beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırılmışdı. Bunun ən bariz nümunələrindən biri ABŞ Konqresinin qəbul etdiyi "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş idi. İşğala məruz qalan tərəf olmasına baxmayaraq, məhz Azərbaycan məhdudiyyətlərlə üzləşmişdi.
1993-cü ildən sonra həyata keçirilən ardıcıl xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı, nüfuzunu artırdı və etibarlı tərəfdaş kimi qəbul edildi. Bu gün Azərbaycan artıq qlobal təşəbbüslərin iştirakçısı deyil, onların müəlliflərindən biridir. Vaşinqtonda əldə olunan razılaşmalar, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və ABŞ ilə münasibətlərin indiyədək görünməmiş səviyyəyə yüksəlməsi bunun göstəricisidir.
Sülh region üçün də yeni imkanlar açır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyi hədəfləyən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi Orta Dəhlizin yeni həlqəsinə çevrilərək Asiya ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrini daha da genişləndirəcək. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan bu gün həm enerji, həm nəqliyyat, həm də diplomatiya sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri isə sülhün praktik nəticələrini nümayiş etdirir. Azad edilmiş torpaqlarda qurulan yeni şəhərlər, kəndlər, yollar və infrastruktur layihələri gələcəyə hesablanmış inkişaf modelinin tərkib hissəsidir.
Azərbaycanın əldə etdiyi uğurlar göstərir ki, güclü dövlət, ardıcıl siyasət və milli həmrəylik ən mürəkkəb problemlərin belə həllini mümkün edir. Bu gün ölkəmiz təkcə öz inkişaf modelini deyil, həm də sülhün və əməkdaşlığın alternativsiz olduğunu dünyaya nümayiş etdirir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran əsas amillərdən biridir.
Malik Həsənov,
Milli Məclisin deputatı