Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, dəyişikliklər dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə dəyişdirilməsi mexanizmini müəyyən edir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, qəbul edilən dəyişiklik torpaqların dövlət ehtiyacları üçün alınması zamanı kompensasiya mexanizmini genişləndirir.
Onun sözlərinə görə, qanunda ümumi müddəalar əks olunsa da, tətbiq mexanizmi gələcəkdə təsdiqlənəcək qaydalarla dəqiqləşdiriləcək.
“İlk növbədə qeyd edim ki, bu, qanundur və orada göstərilir ki, tətbiq qaydaları ayrıca müəyyən olunacaq. Məzmun isə aydındır. Söhbət dövlət ehtiyacları üçün torpağın əldə olunmasından gedir. Məsələn, dövlət özəl torpaq sahəsində park, yol və ya digər infrastruktur layihəsi həyata keçirirsə, hazırda kompensasiya məhkəmə qaydasında pul şəklində ödənilir”.

Ə.Həsənov bildirib ki, yeni mexanizm vətəndaşa alternativ seçim imkanı yaradır:
“Yeni mexanizm alternativ xarakter daşıyır. Yəni dövlət vətəndaşa pul kompensasiyası əvəzinə başqa ərazidə torpaq da təklif edə biləcək. Lakin bu məcburi deyil. Vətəndaş belə təkliflə razılaşmaya bilər. Bu halda ona əvvəlki qaydada pul kompensasiyası ödəniləcək”.
Hüquqşünas həmçinin vurğulayıb ki, bu məsələdə əsas prinsip qarşılıqlı razılaşmadır:
“Əlbəttə, burada qarşılıqlı razılıq olmalıdır. Vətəndaş torpaqla əvəzlənməyə razı deyilsə, kompensasiyasını pul şəklində alacaq”.
Ə.Həsənovun sözlərinə görə, qanuna edilən dəyişiklik vətəndaşın seçim imkanlarını da artırır:
“Bəzən vətəndaş özü bildirir ki, ona pul yox, əvəzində başqa torpaq sahəsi verilsin. Ancaq indiyədək qanunvericilikdə belə imkan nəzərdə tutulmurdu, yalnız pul kompensasiyası göstərilirdi. Yeni dəyişiklik isə bu baxımdan imkanları genişləndirir və vətəndaşa bir neçə seçim variantı təqdim edir. Bu, müsbət yanaşmadır”.
O əlavə edib ki, torpaqla əvəzləmə məsələsi yalnız dövlətin həmin əraziyə ehtiyacı olduğu hallarda gündəmə gələ bilər.
“Vətəndaş öz istəyini ifadə edə bilər. Amma bu mexanizm yalnız dövlətin konkret torpaq sahəsinə dövlət ehtiyacları üçün ehtiyacı yarananda tətbiq olunur. Əgər dövlətin həmin ərazi ilə bağlı heç bir planı yoxdursa, belə bir məsələnin ortaya çıxması da mümkün deyil”, - deyə Ə.Həsənov bildirib.
Daşınmaz əmlak eksperti Elnur Azadov isə deyib ki, son illər Azərbaycanda torpaq münasibətləri sahəsində bir sıra mühüm islahatlar həyata keçirilir və bunlar ümumilikdə torpaq islahatlarının tərkib hissəsidir.
Onun sözlərinə görə, 2025-ci ilin yanvarından etibarən torpaqların təyinatının və kateqoriyasının dəyişdirilməsi ilə bağlı yeni mexanizm tətbiq olunub, eyni zamanda torpaqlardan səmərəli istifadənin artırılmasına yönələn digər addımlar da atılıb.
“Hazırda torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələ gündəmdədir. Bunlar torpaq islahatı istiqamətində aparılan kompleks tədbirlərdir. Amma hansı mexanizmin daha səmərəli işlədiyini və hansına daha çox tələbat olduğunu zaman göstərəcək”.
Ekspert qeyd edib ki, mövcud qanunvericiliyə baxmayaraq, praktiki tətbiqdə müəyyən çətinliklər qalmaqda davam edir:
“Baxmayaraq ki, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı 2025-ci ilin yanvarından müvafiq qərar qüvvədədir, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evləri tikilmiş çoxsaylı hallar var. Vətəndaşlar bu torpaqların təyinatının dəyişdirilməsi üçün onlayn müraciət etdikdə isə əksər hallarda imtina cavabı alırlar. Səbəb odur ki, həmin tikililər şəhərsalma planlarına uyğun inşa edilməyib”.
Onun sözlərinə görə, burada əsas problem şəhərsalma sənədlərinin yenilənməsi ilə bağlıdır.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, ərazilərin inkişaf planları mütəmadi yenilənməlidir. Qanun mövcuddur, amma onun praktik tətbiqində digər normativ sənədlərlə uyğunlaşma problemləri qalır. Torpaq təyinatının dəyişdirilməsi ilə bağlı yeni qərarın necə işləyəcəyini də yalnız formalaşacaq təcrübə göstərəcək”.
E.Azadov hesab edir ki, yeni mexanizm daha çox kənd təsərrüfatı təyinatlı torpaqlara şamil olunacaq:
“Düşünürəm ki, bu dəyişikliklər əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olacaq. Sənaye təyinatlı torpaqlarda belə tələbat o qədər də yüksək deyil. Çünki sənaye zonalarında torpaqların özündən çox, onların üzərində yerləşən tikililər özəl mülkiyyətdə olur. Bu səbəbdən həmin istiqamətdə dəyişikliklərin əhatə dairəsi məhdud ola bilər”.
Ekspert bildirib ki, Azərbaycanda torpaq sahəsində daha genişmiqyaslı islahatlara ehtiyac var:
“Ölkədə torpaq islahatlarının daha köklü şəkildə davam etdirilməsinə ehtiyac var. Lakin bu islahatların hansı mexanizmlə həyata keçiriləcəyi və hansı istiqamətlərdə daha effektiv olacağı zamanla müəyyənləşəcək.
Bundan əlavə, ən ciddi problemlərdən biri torpaq fondunun böyük hissəsinin səmərəli istifadə olunmamasıdır. Hazırda ölkədə istifadə edilməyən çoxlu torpaq sahələri var. Torpaqlardan səmərəsiz istifadə həm torpaq fonduna ciddi zərər vurur, həm də kənd təsərrüfatının inkişafını ləngidir”.
E.Azadov xatırladıb ki, 1990-cı illərin əvvəllərində kolxoz və sovxozların ləğvindən sonra torpaqlar kəndlilərin mülkiyyətinə verilsə də, sonrakı dövrdə bu torpaqlardan istifadə üçün zəruri infrastruktur formalaşdırılmadı:
“Pay torpaqları vətəndaşlara verildi, amma həmin torpaqlardan səmərəli istifadə üçün lazımi mexanizmlər yaradılmadı. Nəticədə ölkə üzrə bu torpaqların təxminən 60-70 faizi ya ümumiyyətlə istifadə olunmur, ya da səmərəsiz istifadə edilir. Sonradan onların bir hissəsi iri təsərrüfat subyektləri tərəfindən alındı, qalan hissə isə hələ də tam dövriyyəyə cəlb olunmayıb”.
Ekspert bunun əsas səbəbləri kimi texnika, su təminatı və bazarlara çıxış imkanlarının məhdudluğunu göstərib:
“Əsas problemlər mexanizasiya, su təchizatı, məhsulun saxlanılması və satışıdır. Sovet dövründə bütün bu infrastruktur mövcud idi. Torpaq vətəndaşa verildi, amma onu səmərəli işlətmək üçün lazım olan sistem yaradılmadı. Nəticədə vətəndaş məhsulu nə normal becərə, nə də bazara, xüsusilə xarici bazarlara çıxara bilir”.
E.Azadov hesab edir ki, bu problemin həlli üçün kollektiv təsərrüfat modelinin müasir formada tətbiqi faydalı ola bilər.
“Məncə, bu sahədə ən vacib islahatlardan biri kollektiv təsərrüfatların yaradılması ola bilər. Burada söhbət sovxoz və kolxozların əvvəlki formasından deyil, dövlət dəstəyi ilə fəaliyyət göstərən müasir kooperasiya modelindən gedir. Bu halda vətəndaşlar torpaqlarını daha səmərəli istifadə edə, məhsulu yetişdirə, saxlaya və bazarlara çıxarmaq imkanlarını genişləndirə bilərlər. Hesab edirəm ki, ölkəmiz üçün ən vacib islahatlardan biri də məhz budur”.