Xarici diplomatların Qarabağa səfəri bölgədəki reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olan diplomatik korpusun nümayəndələrinin gördükləri mənzərənin onların gələcək açıqlamalarına və Qarabağla bağlı mövqelərinə necə təsir edəcəyi isə diqqət çəkən məsələlərdəndir. Azərbaycanın xarici diplomatları bölgəyə dəvət etməsi həm də beynəlxalq siyasi aləmə verilən mesajların tərkib hissəsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rizvan Nəbiyev Modern.az-a açıqlama verib.
"Hazırlanmış səfər proqramı əhatəliliyi və peşəkarlığı ilə diqqəti cəlb edirdi.“
Deputat Rizvan Nəbiyev açıqlamasında diplomatların hətta öz ölkələrində də bu barədə mətbuata məlumat göndərmələrinin ümumi işin xeyrinə ola biləcəyini söyləyib:
Diplomatların fəaliyyətinə daxil olan tapşırıqlardan biri akkreditə ölkəsinin siyasi, iqtisadi həyatı, mühüm hadisələr, eləcə də diplomatların özlərinin fəaliyyətləri barədə hesabat hazırlamaqdır. Bu mənada ölkəmizdə akkreditə olunmuş diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərdən sonra gördükləri ilə bağlı öz mərkəzlərinə hesabat hazırlamaları çox təbiidir. Hesabatlarda adətən onlara təqdim olunan məlumatlar, gördükləri yer alır, həmçinin qiymətləndirmə və təkliflər yer alır.

Deputat bildirib ki, diplomatların müxtəlif məsələlərlə bağlı öz baxış bucaqları və mövqeləri ola bilər, amma reallığı, yəni qısa müddətə əldə olunan inkişafı dəyişdirmək mümkün deyil. Onun sözlərinə görə, 2020-ci ilə qədər bu ərazilər beynəlxalq hüquqa zidd olaraq işğal altında olub, Ermənistanın hərbi qüvvələrinin birləşmələri beynəlxalq hüquqa zidd olaraq burada yerləşdirilib. Sistemli şəkildə anneksiya cəhdləri edilib, qanunsuz məskunlaşdırma həyata keçirilib, ərazilərimiz talan edilib və s.
R. Nəbiyev qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışlarına və strategiyasına uyğun olaraq bu ərazilərin reinteqrasiyasını təmin edir, hüquqi dövlət idarəçiliyinə uyğun inzibati idarəetmə sistemi qurur. Dövlətimiz apardığı siyasəti, onun nəticələrini xarici ölkələrin rəsmi nümayəndələrinə şəffaf şəkildə təqdim edir.
“Hazırlanmış səfər proqramı əhatəliliyi və peşəkarlığı ilə diqqəti cəlb edirdi. Burada dövlət başçısının tapşırığına uyğun olaraq sistemli, professional, məqsədyönlü fəaliyyət aparılır. Artıq 22-ci səfərin təşkil olunması bunu əyani təsdiq edir. Bu səfərlər zamanı əcnəbi diplomatların gördükləri yenidənqurma və bərpa işləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyatı yenidən canlandırması barədə məlumatları öz paytaxtlarına təqdim etməsi çox müsbət hadisədir. Ümid edirəm ki, diplomatlar öz ölkələrində bu barədə mətbuata da məlumat göndərsələr, bu, ümumi işin xeyrinə olar”, - o deyib.
Nicat Rüstəm