“Mənasız ittihamlara son qoyun!”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Milli Şuranın sədri Cəmil Həsənli arasında qarşılıqlı söz çəkişməsi getdikcə böyüyür. Tərəflər bir-birlərinə ciddi ittihamlar səsləndirməkdədirlər. Qarşılıqlı ittihamlar tərəfləri müdüfiə edənlər arasında təhqir səviyyəsinə belə, çatıb. Modern.az saytı politoloq Qabil Hüseynlinin və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin məlum çəkişmə ilə bağlı fikirlərini öyrənib.
Müsavat Partiyası başqanının keçmiş müavini Qabil Hüseynli bildirib ki, Cəmil Həsənli hörmətli tarixçidir: “Amma onun bu şəkildə Rauf bəyə qarşı hücumunu gözləmirdim. Çünki Rauf bəy, hər halda, ən stajlı müxalifətçilərdən, eyni zamanda ən əqidəli qəzetçilərdən biridir. Bu gün də Azərbaycan ictimai rəyinin formalaşdırılmasında əvəzsiz rol oynayır. Sadəcə olaraq, onları bu mənasız ittihamlara son qoymağa və xüsusən də Rauf bəyi başını aşağı salıb özünün xalqa xeyir verən yaradıcılıq işi ilə məşğul olmağa çağırıram”.
Politoloq bu yaxınlarda Rauf Arifoğlunun bir yazısını oxuduğunu da vurğulayıb: “Yazıda çox haqlı olaraq qeyd edir ki, onlar durmadan məni tənqid edirlər, həqiqətə uyğun olmayan iddialar irəli sürürlər. Əslində bu iddialar mənim xeyrimə işləyir, mənin prestijimi, reytinqimi qaldırır. Buna görə də qoy nə istəyirlər eləsinlər. Mən bu məsələləri öz axarına buraxacağam. Məncə, bu, çox düzgün yanaşmadı. Əgər tərəflərdən biri müdriklik göstərib, ağayana tərzdə qarşıdurmadan çəkinsə, işin xeyrinə olar.
Dünya dağılmayıb, bunların arasında nə olub ki?! Cəmil Həsənlinin sözü, deyəcəyi qurtarmayacaq?! Cəmil Həsənli boş yerə ittihamlar irəli sürür. Bir gün onun ittihamlarının mənasızlığı başa düşüləcək, yəqin ki, o da susub yerində oturacaq”.
Mehman Əliyev Cəmil Həsənli və Rauf Arifoğlu arasında hansısa çəkişmələrin olması barədə eşitdiyini bildirib: “İndi buna başqaları da qoşulub. Ümumiyyətlə, hesab edirəm ki, istər iqtidar, istər müxalifət mətbuatını qarşılıqlı təhqir, müəyyən çəkişmə tribunasına çevirmək düzgün deyil. Belə şeyləri heç vaxt qəbul etməmişəm. Hesab edirəm bu, səhvdir, düzgün addım deyil. Bu, heç bir əhəmiyyət də kəsb etmir”.
Yeganə OQTAYQIZI