Modern.az

Azərbaycan hüquqi yardım protokolunu Ermənistana tətbiq etməyəcək

Azərbaycan hüquqi yardım protokolunu Ermənistana tətbiq etməyəcək

Ölkə

Bu gün, 12:44

Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu qeyd-şərt və bəyanatlarla təsdiqləyəcək.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşana qədər protokolun müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Azərbaycan, həmçinin protokolun aşağıdakı məsələləri tənzimləyən 16–20-ci maddələrini tətbiq etməmək hüququnu özündə saxlayacaq:

- prosessual sənədlərin və məhkəmə qərarlarının poçtla birbaşa göndərilməsi;
- transsərhəd müşahidə;
- nəzarətli göndəriş;
- gizli istintaq;
- birgə istintaq qruplarının yaradılması.

Protokol digər iştirakçı dövlətlərlə cinayət işləri üzrə hüquqi yardımın genişləndirilməsini nəzərdə tutur. Sənəd şahid və ekspertlərin videokonfrans və telefon bağlantısı vasitəsilə dindirilməsi, sübutların qorunması və cinayət yolu ilə əldə olunmuş əşyaların qanuni sahibinə qaytarılması kimi məsələləri əhatə edir.

Azərbaycanla hüquqi yardım üzrə sorğular və digər yazışmalar mərkəzi orqanlar kimi Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa göndəriləcək. Elektron və ya digər telekommunikasiya vasitələri ilə göndərilən sorğuların əsli sonradan yazılı şəkildə təqdim olunmalıdır.

Rayon və şəhər məhkəmələri, ağır cinayətlər məhkəmələri, apellyasiya instansiyası məhkəmələri və Baş Prokurorluq konvensiyanın məqsədləri üçün məhkəmə orqanları hesab ediləcək.

Azərbaycan fərdi məlumatların digər dövlət tərəfindən müəyyən məqsədlərlə istifadəsi üçün əvvəlcədən razılığının alınmasını da tələb edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!