Modern.az

Dolu, sel, güclü yağış... - Kimlər üçün təhlükəli günlər başlayır?

Dolu, sel, güclü yağış... - Kimlər üçün təhlükəli günlər başlayır?

Ölkə

Bu gün, 10:07

Hava şəraitinin kəskin dəyişməsi, güclü yağış və dolunun yağması bölgələrdə bir sıra sahələrə təsirsiz ötüşməyəcək. Yağıntılar bəzi ərazilərdə kənd təsərrüfatı üçün faydalı olsa da, dolu və intensiv yağışlar əkin sahələri, məhsuldarlıq, nəqliyyat və gündəlik həyat üçün müəyyən risklər yarada bilər.

Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a açıqlama verib:

“Əlbəttə ki, havaların birdən-birə dəyişməsi, intensiv yağışların yağması və dolunun düşməsi həm insan səhhəti, həm də kənd təsərrüfatı üçün zərərlidir. Çünki hazırda rayonlarda pambıq yığımının ən qızğın vaxtıdır. Digər təsərrüfat işləri də davam edir, taxıl səpilir, bağlar budanır, ot biçini aparılır. Belə bir vaxtda bir neçə gün yağışların davam etməsi müəyyən maneə və çətinliklər yarada bilər”.

Deputatın sözlərinə görə, intensiv yağışlar, dolu təbii hadisədir və qarşısını almaq mümkün deyil. Bununla belə, əhali, eləcə də kənd təsərrüfatı ilə məşğul olan hər bir şəxs təbiət hadisələrinə diqqətlə yanaşmalı və əvvəlcədən qabaqlayıcı tədbirlər görməlidir.

Tahir Rzayev bildirib ki, güclü yağış və sel təhlükəsi gözlənilirsə, əvvəlcədən müəyyən tədbirlər görülməli, təsərrüfat sahələrini su basdığı halda nizamlama işləri aparılmalıdır: “Əgər ot yerdə qalıbsa, onun tez bir zamanda yığılmasına kömək etmək lazımdır. Heyvandarlıq fermaları açıq ərazidə yerləşirsə və təhlükə gözlənilirsə, heyvanlar münasib yerlərə köçürülməlidir. İnsanlar, fermerlər bunları əvvəlcədən düşünməli və hazırlıqlı olmalıdırlar”.

“Bununla yanaşı, bəzi ərazilərdə yağışların yağması faydalıdır. Çünki dəmyə torpaqlarda, taxıl sahələrində və dağətəyi ərazilərdə yağıntıların olması həmin sahələrin nəmlənməsi, otların bitməsi və yaşıllığın artması baxımından əhəmiyyətlidir. Lakin hər regionun öz xüsusiyyəti var. Torpağın münbitliyinə və iqlim şəraitinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilir. Heç kim istəməz ki, yetişdirdiyi məhsul zərər görsün və güclü yağışlar təsərrüfata mənfi təsir göstərsin. Ancaq biz belə təbiət hadisələrindən sığortalanmamışıq və hər an buna hazır olmalıyıq”, – deyə o bildirib.

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda qarşıdurma başladı - Silahlar işə düşdü