Azərbaycanda hərbi qulluqçuların yaşa görə pensiya hüququnun yaranma vaxtının dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə ediləcək.
Hazırda qanunda nəzərdə tutulan hərbi qulluqçuların yaşa görə pensiya hüququ hərbi xidmətdən buraxıldıqları gündən yaranır.
Layihəyə əsasən, bu hüquq onların sonuncu hərbi rütbəsi üzrə dinc dövrdə xidmətdə olmanın son yaş həddinə çatdığı gündən yaranacaq.
Yeni redaksiyada azı 25 təqvim ili hərbi xidmət etmiş şəxslər, həmçinin xidmətdən buraxıldığı gün azı 30 il ümumi iş stajı olan və bunun ən azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər nəzərdə tutulur.
2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili xidmət etmiş və 25 illik xidmət müddətini tamamlamadan buraxılmış hərbi qulluqçular üçün müəyyən şərtlərlə 20 illik xidmət müddəti saxlanılır.
Layihə hərbi rütbədən məhrum edilmiş şəxsləri və müddətli həqiqi hərbi xidmət qulluqçularını bu qaydanın əhatə dairəsindən istisna edir.