Modern.az

İranla əməkdaşlığın yeni formalarını axtarırıq - İşçi Qrupu 

İranla əməkdaşlığın yeni formalarını axtarırıq - İşçi Qrupu 

Ölkə

Bu gün, 11:24

Azərbaycan və İran arasında son dövrdə siyasi təmasların intensivləşməsi iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı ilə bağlı müzakirələri də gündəmə gətirib. Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı, həmçinin Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri fonunda Bakı-Tehran əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafı diqqət çəkir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası işçi qrupunun üzvü Səyyad Aran bildirib ki, Azərbaycan və İran xalqları arasında tarixən yaxın münasibətlər mövcud olub:

“Biz qonşuyuq. Bir neçə yüz il bundan əvvəl bir-birimizin içində yaşamışıq. Arazın o tayındakı azərbaycanlılar, həmçinin farslar bir-biri ilə çox yaxın olublar. Qonşu ilə yaxın və mehriban münasibətlər əsasında yaşamaq, işləmək və gələcək hadisələri proqramlaşdırmaq olar. Məsələ burasındadır ki, Məsud Pezeşkian İranın indiyə qədərki başçıları arasında ən demokratik, Azərbaycana ən yaxşı münasibəti olan prezident kimi fərqlənib. Bu fərqlənmə də həmişə hər iki dövlətin xeyrinə olub. Qonşular arasında dövlətlərarası mənada xoş münasibətlər rəğbət doğurur. İnsanlar da bu münasibətlərdən həmişə bəhrələnir və xeyir görürlər. Bu mənada hər iki dövlət başçısının bir-birinə olduqca səmimi və mehriban münasibətini biz bundan əvvəl də görmüşük. Bu münasibət əvvəlki liderlərə münasibətdən tamamilə fərqlənir”.

S.Aran qeyd edib ki, Azərbaycan və İran arasında münasibətlərin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur:

“Dünya görür ki, dövlətlərin bir-biri ilə ziddiyyətlər içərisində, qarşılıqlı ittihamlar əsasında işləməsi dövrü gedib. Artıq dövlətlər bir-biri ilə çox səmimi əlaqələr qururlar və bu da hər iki dövlətin xeyrinə olur. Pezeşkianın Azərbaycan dilində danışması, hər ikimizin milli şairi Şəhriyardan sitatlar gətirməsi qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun nəticələridir. Bu yaxınlarda qızı ilə bağlı böyük bir hadisə, jest oldu. Bu da göstərir ki, Pezeşkian ümumiyyətlə bir lider kimi həm özünün milli köklərinə, adət-ənənələrinə əməl edən, eyni zamanda bunu yaşadan dövlət başçısıdır. Eyni zamanda, Pezeşkianın münasibəti müasir dünya liderləri səviyyəsindədir. Dünya liderləri davanın, müharibənin qəti əleyhinədirlər. Pezeşkian da bir qonşu dövlət kimi Azərbaycanla münasibətlərini ona görə daha yaxşı, daha dostyana, qardaşyana həyata keçirir ki, bu, dünyada olduqca zəruridir”.

Deputat bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin inkişafında iqtisadi, siyasi və mədəni istiqamətlər paralel şəkildə irəliləməlidir:

“Heç kim müharibəni istəmir. Heç kim qarşılıqlı münasibətlərində bir-birindən hansısa tarixi qisası almaq və yaxud özünün hansısa iddialarını irəli sürməklə məşğul olmaq istəmir. Bu münasibətlər dünyada artıq qəbul olunmuş dostyana, qardaşyana qarşılıqlı əlaqələr çərçivəsində yaşamağın əsas əlamətlərindən biridir. İran həm də öz xarici siyasətində bunu başlıca prinsip kimi irəli sürür və davam etdirirlər. Mən bunu alqışlayıram. Çox yaxşı münasibətdir və biz qonşularımızla mehriban yaşamalıyıq. Əlbəttə, bizə qarşı hansısa ərazi iddialarını qətiyyən qəbul etmirik. Artıq dünyada qəbul edilmiş bir reallıq var və hamı da bununla hesablaşmalıdır”.

S.Aran yaxın perspektivdə Azərbaycan və İran arasında konkret olaraq hansı sahədə daha çox addımların atılmasının gözlənildiyi ilə bağlı suala cavabında bildirib ki, əməkdaşlığın yalnız bir istiqamətlə məhdudlaşdırılması doğru deyil:

“Bütün sahələr üzrə qabağa getməliyik. Onun birini həyata keçirib, digərinə yanaşmamaq olmaz. Həm iqtisadi əlaqələr, həm siyasi əlaqələr, həm də mədəni əlaqələr paralel şəkildə inkişaf etməlidir. Xalqlar da bundan bəhrələnməlidirlər”.

Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun digər üzvü Aydın Mirzəzadə də bildirib ki, iki ölkə arasında münasibətlər yaxşı qonşuluq və dostluq əlaqələri üzərində qurulub:

“Azərbaycanla İran arasındakı münasibətləri yaxşı qonşuluq və dostluq əlaqələri kimi qiymətləndirə bilərik. Elə bir sahə yoxdur ki, əməkdaşlığımız olmasın. Aramızda ümumi anlayış və maraqları qovuşdurmaq, birgə fəaliyyət göstərmək istəyi hər zaman həddən artıq çoxdur. Bu, həm ölkə rəhbərliyi, həm də cəmiyyətlər arasında özünü büruzə verir. Cənab Prezidentimizin Məsud Pezeşkianla telefon danışığı, Baş nazirin müavini Şahin Mustafayevin Tehran səfəri onu göstərir ki, əməkdaşlığımızın yeni formalarını axtarırıq. Eyni zamanda, regionda təhlükəsizliyin təmin edilməsinə birgə töhfə vermək istəyimiz həddən artıq çoxdur".

Deputat söyləyib ki, bu gün Azərbaycan İranın üzləşdiyi problemlərin tezliklə həll olunmasını arzulayır:

"Azərbaycan heç vaxt anti-İran kampaniyasına qoşulmayıb və bu, heç vaxt olmayacaq. Bundan sonra da İranın suverenliyinin və təhlükəsizliyinin qorunmasında onun yanındayıq. Eyni münasibəti İran tərəfdən görmək Azərbaycan cəmiyyəti üçün olduqca xoşdur”.

Sizə yeni x var
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!