Modern.az

Sənədsiz evlər qeydiyyata alınsın, bələdiyyələr onlardan vergi toplaya bilmir 

Sənədsiz evlər qeydiyyata alınsın, bələdiyyələr onlardan vergi toplaya bilmir 

Ölkə

Bu gün, 11:36

“Bələdiyyələrin gəlirlərinin artırılması və əhalinin problemlərinin həlli üçün sənədsiz evlərin qeydiyyatı məsələsinə baxılmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, qeydiyyatda olan evlərə görə bələdiyyələrə əmlak vergisi ödənilir. Qeydiyyatsız evlərdən isə bələdiyyələr vergi toplaya bilmir:

“Bu məsələnin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmasını hesab edirik”.

Siyavuş Novruzov bələdiyyələrə ödənilən vergilərlə bağlı fiziki və hüquqi şəxslərə fərqli yanaşılmasını da təklif edib. Onun sözlərinə görə, digər sahələrdə fiziki və hüquqi şəxslər üçün fərqli tariflər tətbiq olunsa da, bələdiyyələrdə eyni yanaşmanın nəzərdə tutulması onların maliyyə imkanlarına mənfi təsir göstərir.

Komitə sədri bələdiyyələrin xəritələrinin təqdim olunmaması məsələsinə də diqqət çəkib:

“27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də verilmir. Bu xəritələr verildikdən sonra ərazilərlə bağlı məsələlər dəqiqləşdirilməlidir. Bu məsələyə də diqqət yetirilməlidir”.

Deputat qeyd edib ki, qaldırılan məsələlər yalnız Regional məsələlər komitəsinə aid deyil və digər komitələr də bunlara diqqət yetirməlidir.

Onun sözlərinə görə, qanunvericilikdə müvafiq qərarların komitələrlə birgə qəbul olunması bələdiyyələrin inkişafına, ərazilərdə abadlıq və quruculuq işlərinə dəstək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!