Modern.az

Pulsuz hüquqi yardım göstərənlərə ödəniləcək xidmət haqqı müəyyənləşir

Pulsuz hüquqi yardım göstərənlərə ödəniləcək xidmət haqqı müəyyənləşir

Ölkə

Bu gün, 11:04

Pulsuz hüquqi yardım göstərən şəxslərə dövlət büdcəsindən ödəniləcək xidmət haqqının və əlavə xərclərin hesablanması qaydası müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, peşəkar hüquqi yardımın hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,0275 misli məbləğində xidmət haqqı ödəniləcək. İlkin hüquqi yardım üzrə isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli məbləğində ödəniş nəzərdə tutulur.

Dəftərxana, poçt, rabitə, nəqliyyat və digər əlavə xərclərin qarşılanması üçün müəyyən edilmiş xidmət haqqının üzərinə həmin məbləğin 5 faizi həcmində əlavə ödəniləcək.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günü və gecə vaxtı peşəkar hüquqi yardım göstərən vəkillərə hər iş saatı üçün müəyyən edilmiş məbləğin iki misli ödəniləcək. Bu zaman əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməyəcək.

Xidmət haqqının və digər xərclərin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək.

Pulsuz hüquqi yardım göstərmiş şəxslər xidmət haqqını və digər xərcləri dövlət büdcəsi hesabına almaq üçün Vəkillər Kollegiyasına müraciət edəcəklər. Kollegiya ödənişləri təqdim olunan hesabatlar əsasında həyata keçirəcək. “Pro bono” hüquq xidməti göstərən şəxslərə bu ödənişlər şamil olunmayacaq.

Layihədə hər bir hüquqi xidmətə dair bütün sənədlərin iki il saxlanılması nəzərdə tutulur. Pulsuz hüquqi yardım göstərən şəxslər rübdə bir dəfə Kollegiyanın Rəyasət Heyətinin müəyyən etdiyi formaya uyğun hesabat təqdim edəcəklər.

Vəkillər Kollegiyası hesabatları ümumiləşdirərək növbəti il yanvarın 20-dən gec olmayaraq rəsmi saytında dərc edəcək. Məlumatlarda hüquqi yardım alan və göstərən şəxslər, göstərilmiş xidmətlər, o cümlədən “pro bono” xidmətləri, ödənilmiş xidmət haqları və digər xərclər əks olunacaq.

Həmçinin hüquqi yardım göstərmək üçün təyin edilmiş şəxslərin dəyişdirilməsi və bunun səbəbləri, yardım alanların şikayətləri və həmin şikayətlər üzrə görülmüş işlər barədə məlumatlar açıqlanacaq. Bu məlumatların dərcində vəkil sirri qorunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?