Modern.az

Dövlət Xidmətinin 122 əməkdaş barəsində tədbir görülüb

Dövlət Xidmətinin 122 əməkdaş barəsində tədbir görülüb

Ölkə

Bu gün, 11:40

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin 9 ayı ərzində korrupsiya və qanunsuzluqlarla mübarizə istiqamətində görülən tədbirlərin statistikasını açıqlayıb.

Modern.az xəbər verir ki, hesabat dövründə qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 122 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Onlardan 72-si rəhbər heyətin nümayəndələridir.

Bildirilib ki, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar isə prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Qeyd olunub ki, hərbi vəzifələrin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə qanunvericiliyə və sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilib. Nəticədə həmin şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları ilə birgə hərbi vəzifələrdən yayınan şəxslərin müəyyənləşdirilməsi və çağırışa cəlb olunması, eləcə də onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində tədbirlər görülür.

Çağırış prosesində rəqəmsallaşma

Dövlət Xidmətinin məlumatına görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi sahəsində də rəqəmsallaşma və institusional dəyişikliklər həyata keçirilir.

2024-cü il iyulun 1-dən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.

Bildirilib ki, tibbi şəhadətləndirmə prosesində iştirak edən dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması korrupsiya risklərinin azaldılmasına, şəffaflığın və hesabatlılığın artırılmasına imkan verib.

Eyni zamanda, dövlət qurumları ilə rəqəmsal inteqrasiya prosesləri davam etdirilir. Bu çərçivədə məlumatların real vaxt rejimində əldə olunması qərarların qəbulunda operativliyin və obyektivliyin artırılmasına xidmət edir.

Çağırışla bağlı sənədlər “MyGov”a keçir

Dövlət Xidməti vətəndaşlarla əyani təmasların minimuma endirilməsi və xidmətlərin elektronlaşdırılması istiqamətində işlərin davam etdirildiyini açıqlayıb.

Hazırda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, azad edilmə və müvəqqəti çağırılmama, həqiqi hərbi xidmət keçmə, hərbi qeydiyyatla bağlı arayışlar, eləcə də tibbi şəhadətləndirmənin nəticələri və vətəndaşın müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildiyi qoşun növü barədə məlumatlar “MyGov” platforması vasitəsilə təqdim olunur.

Vətəndaşların elektron kabinetləri üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu da təmin edilib.

İlkin hərbi qeydiyyat tam elektronlaşdırılıb

Məlumata görə, 2026-cı ilin əvvəlindən 2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü kişi vətəndaşların ilkin hərbi qeydiyyata alınması prosesi tam elektronlaşdırılıb.

Bildirişlərin göndərilməsi, qərarların qəb edilməsi, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması “MyGov” platforması üzərindən həyata keçirilir.

Bununla yanaşı, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısı ləğv edilib.

Hərbi tibbi müayinələrdə süni intellektdən istifadə ediləcək

Dövlət Xidmətinin açıqladığı yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə olunmasıdır.

Bildirilib ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlili nəzərdə tutulur. Sistem göstəriciləri normativ göstəricilərlə müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda nəzərdən qaça biləcək riskləri müəyyənləşdirəcək. Qeyd olunub ki, süni intellekt sistemi yekun tibbi rəy verməyəcək. Sistem yalnız potensial risk profillərini və müayinələrdə normadan kənarlaşmaları müəyyənləşdirərək həkim-ekspertin diqqətinə çatdıracaq. Yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək. Hazırda süni intellekt sisteminin tətbiqi ilə bağlı proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Dövlət Xidməti vətəndaşlara korrupsiya və digər qanunsuz hallarla qarşılaşdıqları təqdirdə 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etməyi tövsiyə edib.

Xidmət fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?