Modern.az

Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək

Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək

Ölkə

Bu gün, 11:03

Mərkəzi Bank maliyyə institutlarının və onların daxil olduğu maliyyə qruplarının risk profillərini dövri olaraq qiymətləndirəcək, idarəetmə və əməliyyatlarda əhəmiyyətli dəyişikliklər baş verdikdə isə risk qiymətləndirilməsini təkrar aparacaq.

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, maliyyə institutlarının yenidən təşkili, benefisiar mülkiyyətçilərinin dəyişməsi, fəaliyyət növlərinin, müştəri qruplarının və coğrafi fəaliyyət dairəsinin yenilənməsi risk qiymətləndirilməsinin təkrar aparılmasını tələb edən hallar sırasına daxil edilib.

Bundan başqa, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və daha çox artım olduqda da risk qiymətləndirilməsi yenidən həyata keçiriləcək.

Qanuna edilən dəyişikliyə görə, Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və maliyyə qruplarından sənəd və məlumatlar tələb edə biləcək. Bunun üçün Mərkəzi Bankın yazılı sorğusu və sorğuda müəyyən edilən müddət əsas götürüləcək.

Nəzarət tədbirlərinin dövriliyi və intensivliyi maliyyə institutlarının risk profilləri, ölkə üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri, eləcə də maliyyə sektorunun xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Dəyişikliklərlə, həmçinin bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin daxil olduğu maliyyə qruplarına nəzarətin konsolidasiya olunmuş formada həyata keçirilməsi nəzərdə tutulur.

Beləliklə, Mərkəzi Bankın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarət imkanları genişləndirilir.

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?